Müharibələrin tarixi bəşəriyyətin yaranışından başlanır. Və heç bir müharibə insanlara və bəşəriyyətə xoşbəxtlik gətirməyib. Əksinə, dava qurtaranda sevinib, bayram edirdilər ki, şərin, zorun kökü kəsildi. Hələ eramızdan əvvəl V əsrdə yaşamış, “Tarixin atası” sayılan Herodot yazırdı: “Hətta ağılsızlar arasında belə müharibə istəyən olmamalıdır. Çünki dinclik olanda atalar övladlarının çiynində aparılaraq dəfn edilirlər, müharibə olduqda isə atalar övladlarını dəfn etməli olurlar”. Həm ibrətamiz, həm də çox obyektiv qiymətləndirilməlidir. Müharibə fəlakət, qan-qada, sitəm deməkdir.
Bəşər tarixində dünya ağalığı iddiasına düşənlər çox olub. Onlar adi adamlar olmayıblar. Fitri hərbi istedada, möhkəm iradəyə, aydın məqsədə və xüsusi bacarığa sahib olublar. İkinci Dünya müharibəsini də başlayan, dünya ağalığı iddiasına düşən Adolf Hitler cavanlığında çox adi bir hərbçi kimi diqqət çəlb etməsə də, sonradan onun daxilində böyük sərkərdəlik məharəti gizləndiyi ortaya çıxdı. Lakin bu bacarıq, istedad cəmiyyətin inkişafına, insanların xobəxtliyinə yönəlmədi. Bu bacarıq Hitlerdə qandan doymamaq, insanların zülmündən həzz almaq duyğularını formalaşdırdı və onu özündən əvvəl fatehlik iddiasına düşənlərin aqibəti də düşündürmədi. Sonra isə millətlərə fəlakət bəxş etdiyi kimi, öz xalqına da faciə gətirdi. Sovet hökuməti Azərbaycan oğul və qızlarının əmək qəhrəmanlığını, döyüş igidliyini və mərdliyini yüksək qiymətləndirmişdir. Böyük Vətən müharibəsi illərində Azərbaycandan minlərlə kilometr uzaqda-Adriatik dənizi sahillərində adı əfsanəyə dönmüş qəhrəmanlardan biri də Mehdi Hüseynzadədir. Onun haqqında söhbət düşəndə əksəriyyət əsl adı və soyadından çox faşistləri lərzəyə salan “Mixaylo” sözünü daha çox işlədir. Onda hansı Mehdidən, hansı qəhrəmandan danışdığı dərhal məlum olur. Bu il M.Hüseynzadənin doğumundan yüz il, bir əsr keçməkdədir.
Mehdi anadan qəhrəman doğulmuşdu. Stalinqrad cəbhəsində odlu döyüşlərin iştirakçısı, gənc leytenant Mehdi 1942-ci ilin noyabr ayında kiçik bacısı Hürriyyət xanım Əzizbəyovaya yazırdı: “Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldaçağam, ölsəm də qəhrəmancasına öləcəyəm. Mənim barəmdə eşidərsiniz, hələlik bu qədər. Bu mənim sizə sonuncu məktubumdur”. Müharibə qurtardıqdan sonra onun misilsiz qəhrəmanlığını təkcə Azərbaycan yox, bütün dünya eşitdi. Mehdinin cəbhədən qayıdan sadiq silahdaşları onun qorxmazlığından dastana bənzər epizodlar danışdılar. Mehdi Hüseynzadənin qəhrəmanlığı bir ailəyə, bir obaya yox, keçmiş sovetlər ölkəsinə başucalığı gətirdi.
Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Erkən yaşda atasını itirən Mehdi əvvəl anası, sonra isə bibisi tərəfindən böyüdülmüşdür.
1925-ci ildə o 77 saylı orta məktəbə daxil oldu. Mehdinin ilk müəllimi bəstəkar S.Rüstəmov idi. Məktəbi bitirdikdən sonra M.Hüseynzadə Leninqradda fransız dili fakültəsinə daxil olur. 1940-cı ildə Azərbaycan Pedoqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülür. Onun bu instituta keçməsinin səbəbi poeziyaya və ədəbiyyata olan sevgisindən irəli gəlirdi.
22 iyun 1941-ci ildə Almaniya müharibə elan etmədən SSRİ-yə hücum etdi. Mehdi Hüseynzadənin ailəsi müharibə elanından Şüvəlandakı bağlarında xəbər tutdu. Bacısı H.Əzizbəyovanın xatirələrində deyilir ki, bibisi qardaşı oğlunu bağda qalmağa inandırmağa çalışırdı. Mehdi isə onun çiyinlərini qucaqlayaraq dedi: “Mən bağda qala bilmərəm. Birdən mənə hərbi komissarlıqdan çağırış gələr və mən isə evdə olmaram. Mən Komsomol üzvüyəm. Mənim vəzifəm Vətəni müdafiə etməkdir.” Bundan sonra o, hərbi çağırışı gözləmək üçün şəhərə gedir. Artıq 9 avqustda M.Hüseynzadə hərbiyə gedir.
Şiddətli döyüşlər gedirdi. Minaatanlar tağımının komandiri vəzifəsində o, Stalinqrad döyüşündə iştirak etmişdir. Stalinqraddan kiçik bacısına yazdığı son məktubda deyilirdi: “Cəbhədən yazıram. Burada qəddar döyüşlər gedir. Faşistlərin qəddarlığını təsvir etmək çətindir. Onlar heç bir alçaq üsuldan çəkinmirlər. Sabah hücuma keçirik. Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edir ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun. Bu mənim son məktubumdur!”
1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşdü. Orada o, Cavad Həkimli və digərləri ilə bərabər Azərbaycan legionuna salındı. 1943-cü ilin ortalarında almanlar Ştrans hərbi düşərgəsindən Yuqoslaviyanın, Triestin və İtaliyanın ərazisinə böyük miqdarda hərbi əsirlər, o cümlədən azərbaycanlılar gətirdilər. Hələ Almaniyada olarkən Sovet hərbi əsirləri gizli antifaşist təşkilatı yaratmışdılar. Onların İtaliya və Yuqoslaviya partizanları ilə əlaqəsi var idi. Mehdi Hüseynzadə bu təşkilatın fəal üzvlərindən biri idi. 1943-cü ildə azərbaycanlı əsirlərin düşərgəsinin İtaliyada Udinə yaxın bir yerdə yerləşdiyi zaman o, alman komandanlığının ştabından “Harribaldçılar” partizan dəstəsinə qəfil hücum planını əldə etməyə müyəssər oldu. Partizanlarla gedib çıxmağı bacaran antifaşistlər bu haqda onlara məlumat verdilər və partizanlara hücum edən polk Tolmin-Kobarid ətrafında böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Antifaşistlərin özü isə nasistlər tərəfindən ələ keçirildi və öldürüldü.
1944-cü ilin əvvəlində Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçdı və Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşuldu. Burada azərbaycanlılardan ibarət İvan Qradnik adına 3-cü Sloveniya xalq-azadlıq briqadası 4-cü batalyonunun rus rotası yaradıldı. Rotanın komandiri C.Həkimli, komissarı Mehdi oldu. Bu zamandan başlayaraq M.Hüseynzadə ərazidəki partizan hərəkatının “Mixaylo” ləqəbli fəal iştirakçısı olur. Sloveniya partizanı, hərbi tarixçi Stanko Petelin onu bütün 9-cu korpusdakı ən yaxşı diversantlardan biri adlandırır. Partizan Məhər Məmmədov öz xatirələrində yazırdı:
“Bu, 1944-cü ilin əvvəlində olmuşdu. Almanlar, yerli əhali və əsirlər o zaman bizə o qədər yaxşı tanış olmayan Mixaylo adını tez-tez çəkirdilər. O zaman bu, bizim üçün sirr idi. Amma tezliklə hər şey aydınlaşdı. Biz Mixaylo ilə əl-ələ faşistlərlə mübarizə aparmaq şərəfinə nail olduq”.
Yanvarın ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Növbəti ayda M.Hüseynzadə alman zabiti formasında alman kazarmalarına daxil oldu, yanğınsöndürənlərə mina döşəyib mərkəzi binanı partlatdı.
Aprelin 2-də M.Hüseynzadə M. Seyidovla birgə Triest şəhəri yaxınlığında yerləşən Opçine yaşayış məntəqəsindəki kinoteatr binasını kinoseans zamanı partlatdı. Onlar kinoteatr zalına girərək gözə çarpmadan kürsünün altına mina quraşdırıb binanı tərk etdilər. Partlayış nəticəsində 80 nəfər öldü, 60 nəfər ağır, eyni zamanda 200 alman əsgəri yüngül yaralandı. Onlardan 40 nəfəri hərbi hospitalda aldıqları yaralardan öldü. Həmin ay, aprelin 22-də Mixaylo ikinci böyük diversiyanı həyata keçirir. Bia Qeqa küçəsində əsgər evi olan alman restoranının binasını partladılır. Alman əsgəri paltarında M.Hüseynzadə və M.Seyidov restorana girib əvvəlcədən detonatorların ampulalarını əzdilər. Onlar stol arxasında iki yer tutub stolun altında partlayıcı cantanı qoyub zaldan talon almaq adı altında çıxıb oradan da küçəyə çıxdılar. Alman restoranı havaya uçduqdan sonra hitlerçilər iki sutka ərzində dağıntıların altından ölüləri və yaralıları çıxarırdılar. İtaliyan faşist qəzeti olan “İl Pikkolo” nun 23 apreldə dərc etdiyi məqalədə deyilirdi: “Dünən, şənbə günü kommunist elementləri Triestdəki alman əsgər kazarmalarına terrorçu sui-qəsdi törətdilər ki, bu da bir neçə alman əsgərinin və italiyan vətəndaşının həyatına son qoydu.” Partlayışı törətməkdə təqsirləndirilən və elə bu binada yerləşən bərbərxanadakı insanlar gestapoçular tərəfindən tutuldu və edam edildi.
Partizan qərargahının qərarına əsasən, Mixaylo və M.Seyidov gestapo mayoru N.Kertneri edam etdilər. Yayın sonunda diviziya rəhbərliyinin tapşırığı ilə M.Hüseynzadə və Əkbər Ağayevlə birgə partizan vzvodunun başında geri çəkilən alman hissələrinə qarşı əməliyyat apardı. Döyüşdə çoxlu alman əsgər və zabiri həlak oldu, düşmənin 10-dan çox yük maşını məhv edildi.
Sentyabrda M. Hüseynzadə alman texniki xidmət zabiti formasında düşmən aerodromuna daxil oldu və yavaş sürətli minanın köməyi ilə 2 təyyarə və 25 avtomaşın partlatdı. Həmin ay Mixaylo daha bir diversiya həyata keçirdi. O, alman zabiti formasında motosikllə silahsız tədris marşında olan faşist rotasına yaxınlaşdı və avtomatla 20-dən artıq düşmən əsgərini güllələyib bir anda yoxa çıxdı. Mixaylo Qoriça şəhərində hərbi sursayla dolu alman maşınını qaçırmağa müvəffəq oldu. O, Opçıne şəhərində yüksəkgərginlikli elektrik stansiyasının transformatorunu partlatdı.
Oktyabrda Mixaylonun komandanlığı altında partizanlar yerli həbsxanaya hücum etdilər. Hüseynzadə vermaxt zabiti formasında alman əsgəri formasında olan iki partizanla birgə “hərbi əsirlərin” əhatəsində alman həbsxanasının darvazasına yaxınlaşdılar və keşikçidən qapını açmağı tələb etdilər. Həbsxananın ərazisinə daxil olan kimi Hüseynzadə və yoldaşları keşikçilərin silahını aldılar və bütün kameraların qapısını açıb 700 hərbi əsiri, o cümlədən 147 sovet hərbçisini azad etdilər. Həbsxana rəisi də tutularaq partizan qərargahına gətirildi. Növbəti gün faşist radiosu xəbər verdi ki, guya həbsxanaya 3 minlik partizan diviziyası hücum edib. Bundan əlavə aksiyaların biri zamanı Mixaylo banka girirərək 1 milyon italyan lirəsi götümüş və partizan qərargahına təhvil vermişdi.
M.Hüseynzadə Adriatikdə döyüşərkən öz vətənini xatırlamaqdan yorulmurdu. Öz şeirlərindən birində vətənini xüsusi istiqanlılıqla yad edirdi:
Kaş ki, mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni.
Aşaraq o qarlı, uca dağları,
Vətən torpağına salaydı məni…
Vətəndən uzaqlarda, Adriatik sahillərində həmyerlimiz onlarla cəsarətli əməliyyatlar aparmış, kəşfiyyat-təxribat qrupuna rəhbərlik etmişdir. M.Hüseynzadə yüzlərlə hitlerçini məhv etmiş, qatarları yoldan çıxarmış, körpüləri dağıtmış, avtomaşınları və təyyarələri partlatmışdır. Bütün bunlar faşist işğalçıları üzərində qələbəyə qəhrəman Mehdinin döyüş köməyi idi.
2 aprel 1944-cü ildə Hüseynzadə yoldaşı M. Seyidovla birlikdə Triest şəhərinin “Opçina” kinoteatrında quraşdırdığı partladıcı qurğunun işə düşməsi nəticəsində 120 alman hərbçisi həlak olub, 220 nəfər isə yaralanıb. Həmin ilin aprel ayının sonlarında o, Hans Fris və Ə.Tağıyevlə birlikdə Postayno adlanan dəmiryolu stansiyasının yaxınlığında yerləşən körpünü partladıb və nəticədə 24 vaqonlu qatar aşaraq dağılıb. Həmin ilin may ayında Hüseynzadə və Seyidov 150 alman zabitinin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnən daha bir partlayışı kazinoda təşkil ediblər.
Oğullar var ki, düşdüyü şərait onun qəhrəmanlığına meydan açır. Oğullar var ki, anadan qəhrəman doğulur. İnamla demək olar ki, Mehdi ikincilərdəndir. “Mixaylo” həqiqətən əfsanəvi qəhrəman olmuşdur. Onun göstərdiyi igidliklərin say-hesabını sadalamağa ehtiyac yoxdur. Bütün keçmiş Yuqoslaviya dövlətlərinin əksəriyyətində M.Hüseynzadə hörmətlə yad edilir, onun qəhrəmanlığı böyük iftixarla yada salınır. Maraqlıdır ki, o əksər kəşfiyyatlara, ən çətin tapşırıqların yerinə yetirilməsinə, partizanlarının həyatını təhlükə qarşısında qoymamaq üçün təkbaşına gedirmiş. Alman, fransız, ispan, italyan, rus dillərini mükəmməl bilən “Mixaylo” bütün tapşırıqları nümunəvi yerinə yetirirmiş. Onun haqqında çox maraqlı tarixi əsərlər və məqalələr yazılmışdır. Bunlardan biri 2 cilddən ibarət çox mükəmməl tarixi əsər olan sloveniyalı tanınmış yazıçı Peter Amalettinin “Mixaylonun təkbaşına qisası” adlı povestidir. Bu tarixi əsərdə “Mixaylo” nun bütün qəhrəmanlıqları dolğun şəkildə öz əksini tapmışdır. Onun bütün qəhrəmanlıq yollarını nəzərdən keçirdikdə, xalqımızın bu igid oğlu ilə fəxr edirik.
Mixaylonun qəhrəmanlığı bir ailəyə, bir obaya yox, keçmiş sovetlər ölkəsinə başucalığı gətirdi. İyirmi altı yaşında həlak olan rəssam, şair Mehdi və faşistlərə qənim kəsilən gözəgörünməz kəşfiyyatçı Mixaylo çox keçmədi ki, Bakıda qranit heykəldə əbədiləşdi. Paytaxtımızın Bakıxanov küçəsinin yaxınlığındakı bağçada əlində qumbara sıxmış döyüşçü cəsarətlə irəli şığıyır. Çiynindəki plaş-çadır tunc qırışlarda əbədi donmuşdur. Qartal qanadları gərilən igidi düşmən üzərinə növbəti hücum zamanı xalq rəssamı Fuad Əbdürrəhmanov belə əbədiləşdirmişdir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər dövlət studiyasında Azərbaycanın cəsur oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə haqqında film çəkilir. Proqramın Slovakiya, İtaliya və Avstriyada aparılacaq çəkilişlər üzrə rəsmi görüşlərin təşkilatçısı, Azərbaycanın Avstriyadakı səfirliyinin müşaviri Gəray Muradovun Trend -a bildirdiyinə görə, film Azərbaycan partizanı və kəşfiyyatçısının 90 illik yubileyinə münasibətilə çəkilir. Filmdə Hüseynzadənin uşaqlıq, gənclik və tələbəlik illəri haqda danışılacaq və həmyerlimizin həyatının bir çox naməlum səhifələri açıqlanacaq. Filmin sənədli kadrları üçün xüsusi olaraq Rusiyanın dövlət arxivlərindən sənədlər yığılıb.
1944-cü ildə Hüseynzadə növbəti döyüş növbəti döyüş tapşırığını yerinə yetirmək üçün yola düşdü. O, almanların döyüş sursatıanbarını partlatmalı idi. Bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirən Mehdi korpusun qərargahına qayıdırdı, lakin faşist pusqusuna rast gəldi. Qəhrəman bütün güllələri qurtarana qədər atışdı. Son gülləsini isə öz ürəyinə sıxdı. Partizanlar öz döyüş yoldaşlarını böyük ehtiramla dəfn etdilər. Çepovani kəndində qəhrəmanın qəbir qəbir daşın üstündə bu sözlər həkk olunmuşdur. “Rahat yat, Azərbaycan xalqının qəhrəmanı, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır.”
Azərbaycan zəhmətkeşləri öz həmyerlisinə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilməsini böyük sevinclə qarşılayırlar.
AYNUR TURAN
Gundelik.az
