Yay aylarında isti hava səbəbindən özünüzü daha dalğın, unutqan və diqqətsiz hiss edirsinizsə, bu, təkcə yüksək temperatur və yorğunluqla bağlı olmaya bilər. Mütəxəssislərin sözlərinə görə, uzun müddət davam edən zehni bulanıqlıq “beyin dumanı” (brain fog) adlandırılan vəziyyətin və ya digər sağlamlıq problemlərinin əlamətidir.
İsti hava, kifayət qədər su içməmək, keyfiyyətsiz yuxu və artan yorğunluq beynin fəaliyyətinə mənfi təsir göstərərək diqqət və yaddaş problemlərinə səbəb ola bilər. Lakin həftələrlə davam edən unutqanlıq və diqqət çatışmazlığı yalnız mövsüm şəraiti ilə izah edilməməlidir.
“Beyin dumanı” nədir?
“Beyin dumanı” müstəqil xəstəlik deyil. Bu vəziyyət insanın düşüncələrini toplamaqda çətinlik çəkməsi, diqqətini cəmləyə bilməməsi, zehni aydınlığın azalması və gündəlik işləri əvvəlki kimi rahat yerinə yetirə bilməməsi ilə xarakterizə olunur.
Belə hallarda insan:
tez-tez dalğın olur;
danışarkən söz tapmaqda çətinlik çəkir;
diqqətini uzun müddət saxlaya bilmir;
əvvəllər asanlıqla gördüyü işləri yerinə yetirməkdə çətinlik yaşayır.
Hər zehni yorğunluq zərərsiz deyil
“Beyin dumanı” əlamətləri çox vaxt kifayət qədər yuxu, bol su qəbulu, sağlam qidalanma və stressin azaldılması ilə yüngülləşir. Ancaq şikayətlər uzun müddət davam edir və ya getdikcə güclənirsə, bunun səbəbini yalnız isti hava və ya iş yükü ilə əlaqələndirmək düzgün deyil.
Vaxtında həkim müayinəsi problemin əsas səbəbini müəyyən etməyə və uyğun müalicəyə başlamağa kömək edir.
Hər unutqanlıq “beyin dumanı” demək deyil
“Beyin dumanı” adətən müvəqqəti olur və səbəb aradan qalxdıqdan sonra yaxşılaşır. Alzheimer və digər nevroloji xəstəliklərdə isə yaddaş pozğunluğu zamanla daha da ağırlaşır. Bu xəstəliklərdə unutqanlıqla yanaşı:
istiqaməti itirmə;
nitq pozğunluğu;
davranış dəyişiklikləri;
gündəlik işləri yerinə yetirməkdə çətinlik kimi əlamətlər də müşahidə olunur.
Bu əlamətlər varsa, vaxt itirməyin
Əgər zehni bulanıqlıq istirahətlə keçmir, uzun müddətdir davam edir və iş və ya sosial həyata mənfi təsir göstərirsə, nevroloqa müraciət etmək lazımdır.
Aşağıdakı əlamətlər yaranarsa isə təcili tibbi yardım almaq vacibdir:
qəfil unutqanlıq;
nitqin pozulması;
şüurda dəyişiklik;
şəxsiyyət və davranış dəyişiklikləri;
qol və ya ayaqda zəiflik.
Bu əlamətlər insult da daxil olmaqla ciddi nevroloji problemlərin göstəricisidir.
Vitamin çatışmazlığı da səbəb olur
B12 və D vitamini çatışmazlığı, dəmir azlığı və omeqa-3 çatışmazlığı da “beyin dumanı”na bənzər şikayətlər yaradır. Buna görə də unutqanlıq və diqqət pozğunluğu yaşayan şəxslərə həkim məsləhəti olmadan vitamin və qida əlavələri qəbul etmək tövsiyə edilmir. Lazımi qan analizləri aparıldıqdan sonra yalnız müəyyən edilən çatışmazlıqlara uyğun müalicə tətbiq olunmalıdır.
Beyin sağlamlığını qorumaq üçün
Mütəxəssislər aşağıdakı tövsiyələrə əməl etməyi məsləhət görürlər:
müntəzəm və keyfiyyətli yuxu;
hər gün fiziki aktivlik;
xüsusilə yay aylarında kifayət qədər su qəbul etmək;
omeqa-3, B12 və D vitamini ilə zəngin qidalanmaq;
kitab oxumaq, tapmaca həll etmək və yeni biliklər öyrənmək;
sosial münasibətləri qorumaq və aktiv həyat tərzi sürmək.
Uzun müddət davam edən unutqanlıq və zehni bulanıqlıq hallarında isə mütləq həkim müayinəsindən keçmək tövsiyə olunur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

