Yay mövsümü gündəlik rutinlərdən uzaqlaşmaq, yeni yerlər görmək və macəra hissini yenidən yaşamaq deməkdir. Bu yay ekranlara gələcək bəzi film və seriallar isə təkcə hekayələri ilə yox, möhtəşəm çəkiliş məkanları ilə də insanı dərhal çamadan yığmağa həvəsləndirir. Orta əsr İtaliya küçələrindən Havayın tropik sahillərinə qədər uzanan bu ekran macəraları növbəti tətiliniz üçün əsl ilham mənbəyidir.
1. The Four Seasons — Nyu-York, Cersi sahilləri və İtaliya
1981-ci ilin eyniadlı filminə əsaslanan serial bir qrup yaxın dostun ilin hər fəslində birlikdə keçirdiyi tətillərdən bəhs edir. Yeni mövsümdə dostlar həm Hudson Vadisinə qayıdır, həm də Cersi sahilləri və İtaliyanın tarixi şəhərlərinə səyahət edirlər.
İzləyiciləri qumlu Atlantik çimərlikləri, qədim meydanlar, Vespa gəzintiləri və romantik İtaliya atmosferi gözləyir.
2. Power Ballad — Dublin, İrlandiya
İrlandiyalı rejissor John Carney yenidən doğma şəhəri Dublini ekranlara gətirir. Filmdə amerikalı toy müğənnisi Rick Power və keçmiş boy-band üzvü Danny Wilson arasında yaranan münasibət göstərilir.
Filmin fonunda Dublinin rəngarəng küçələri, klassik qırmızı kərpic evləri, Wicklow dağları və köhnə irland pubları görünür. Bu film sizdə isti publarda Guinness içmək və Dublin küçələrində gəzmək istəyi oyada bilər.
3. House of the Dragon — Uels və İngiltərənin cənubu
Game of Thrones kainatının prequeli olan serial üçüncü mövsümü ilə geri dönür. Çəkilişlər yenə də Böyük Britaniyanın sehrli təbiətində aparılıb.
Uelsdəki Eryri Milli Parkı (Snowdonia), qədim daş karxanaları və Kornuoldakı St Michael’s Mount kimi məkanlar seriala mistik atmosfer qatır. Əjdahalar və döyüşlər nə qədər dramatik olsa da, mənzərələr bir o qədər valehedicidir.
4. The Bear — Çikaqo, ABŞ
Məşhur aşbaz Carmy Berzatto haqqında serial son mövsümü ilə ekranlara qayıdır. Serial illərdir Çikaqonun kulinariya mədəniyyətini tanıdır.
Dərin pizzalar, italyan sendviçləri və şəhərin məşhur məkanları izləyiciləri əsl qastronomik səyahətə aparır. Çikaqonun göydələnləri və küçə atmosferi serialın əsas qəhrəmanlarından birinə çevrilib.
5. The Five-Star Weekend — Nantucket, Massaçusets
Jennifer Garner bu filmdə həyat yoldaşını itirdikdən sonra dostlarını Nantucket adasındakı evinə dəvət edən Hollis Shaw obrazını canlandırır.
Köhnə daş küçələr, Atlantik okeanı sahilləri və sakit yay atmosferi bu filmi tam bir “dənizkənarı tətil arzusu”na çevirir.
6. Moana — Havay
2016-cı ilin məşhur animasiyasının canlı versiyası izləyiciləri yenidən Polineziya dünyasına aparacaq. Moana və Maui mavi okeanlar, tropik adalar və vulkanik qayalar arasında macəraya atılırlar.
Filmin böyük hissəsi Havaydakı Oahu adasında çəkilib. Palma ağacları, tropik çimərliklər və okean mənzərələri yay tətili hissini tam yaşadır.
7. The Odyssey — Yunanıstan və Siciliya
Christopher Nolan Homerin məşhur epopeyasını yenidən ekranlaşdırır. Baş rolda Matt Damon yer alır.
Filmin çəkilişləri Yunanıstanın Peloponnes bölgəsində, Siciliyada və Egey adalarında aparılıb. Ağ qumlu çimərliklər, qədim akropollar və firuzəyi dəniz mənzərələri izləyicini mifoloji dünyaya aparır.
8. Ted Lasso — Richmond, London
Hamının sevimli optimist məşqçisi Ted Lasso yenidən İngiltərəyə qayıdır. Yeni mövsümdə hadisələr Londonun Richmond bölgəsində baş verir.
Sakit küçələr, klassik brit pub-ları və yaşıl parklar seriala rahat və isti atmosfer verir. Xüsusilə Richmond Green və məşhur Crown & Anchor pub-ı London sevərlərin diqqətini çəkəcək.
Bu yay ekranlarda yalnız hekayələr yox, həm də insanı səyahətə çağıran möhtəşəm məkanlar olacaq. Bəzi filmlər sizə İtaliya küçələrini, bəziləri isə Havay sahillərini xəyal etdirəcək. Ola bilsin ki, növbəti tətil planınızı artıq bu serial və filmlər müəyyən etsin.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

