Yuxu həm fiziki, həm də zehni fəaliyyətimiz üçün vacibdir. Lakin keyfiyyətli yuxuya nail olmaq hər zaman asan deyil. Araşdırmaya görə, 2025-ci ildə orta yaşlı bir insan həftədə cəmi üç gecə yaxşı yatdığını bildirib.
Qidalanma və içkilər də yuxunun keyfiyyətinə təsir göstərir.
Yuxu üçün faydalı olanlar
Triptofan, zülal və karbohidratla zəngin qidalar yuxuya müsbət təsir göstərir. Triptofan orqanizmin özü tərəfindən hazırlanmadığı üçün qida ilə qəbul edilməli olan amin turşusudur. O, yuxunun tənzimlənməsində rol oynayan serotonin və melatoninin yaranmasında iştirak edir.
Triptofan quş əti, yumurta, süd və qatıqda olur. Süd və qatığı yulaf və ya digər dənli bitkilərlə birlikdə qəbul etmək zülal-karbohidrat kombinasiyasına görə faydalı olur.
Banan və fıstıq yağı da az miqdarda triptofan ehtiva edir. Məsələn, yatmazdan əvvəl kiçik bir dilim tam taxıllı çörəklə birlikdə qəbul edilə bilər.
Bəzi araşdırmalar yatmazdan təxminən bir saat əvvəl iki kivi yeməyin yuxunun keyfiyyətini yaxşılaşdıra biləcəyini göstərir. Kivinin tərkibində serotonin, C vitamini, polifenollar, folat və B qrupu vitaminləri var. Lakin bu araşdırmaların kiçik miqyaslı olduğunu nəzərə almaq lazımdır.
Yuxu üçün hansı içkilər faydalıdır?
İlıq süd yatmazdan əvvəl qəbul edilən ənənəvi içkilərdəndir. Südün tərkibində az miqdarda melatonin olsa da, bunun orqanizmdə melatonin səviyyəsinə əhəmiyyətli təsir göstərdiyinə dair kifayət qədər sübut yoxdur.
Çobanyastığı çayı bəzi araşdırmalara görə yuxu keyfiyyətini yaxşılaşdırır. Pişikotu ilə bağlı araşdırmalar isə ziddiyyətlidir.
Vişnə suyu da yuxu ilə bağlı araşdırmalarda diqqət çəkir. Tərkibində triptofan, melatonin və antioksidantların olması səbəbindən yuxu keyfiyyətinə müsbət təsir göstərə biləcəyi düşünülür. Lakin bu sahədəki tədqiqatların bir hissəsi kiçik miqyaslıdır.
Yatmazdan əvvəl nələrdən uzaq durmalıyıq?
Kofein yuxuya getməyi çətinləşdirir, yuxunun müddətini və keyfiyyətini azaldır. Araşdırmalar yaxşı yatmaq istəyənlərin yatmazdan təxminən 9 saat əvvəl kofein qəbulunu dayandırmasının faydalı ola biləcəyini göstərir.
Alkoqol yuxuya getməyi asanlaşdırsa da, REM yuxusunun müddətini azaldır, gecə ərzində oyanmalara və xoruldamağa səbəb olur.
Şəkərli qidalar və içkilər də yuxu üçün əlverişli deyil. Həddindən artıq şəkər qəbulunun yuxu keyfiyyətini aşağı sala biləcəyi müəyyən edilib.
Çox acılı və ağır yeməklər isə bədən temperaturunu artırır və həzm problemlərinə səbəb olur. Bu da yuxuya mane olur.
Yatmazdan neçə saat əvvəl yeməyi dayandırmaq lazımdır?
Araşdırmalar gec saatlarda və tez-tez yeməyin yuxuya və bioloji ritmə təsir göstərə biləcəyini göstərir. Buna görə yeməyi yatmazdan 2-3 saat əvvəl dayandırmaq tövsiyə olunur.
Ümumilikdə, gün ərzində qida qəbulunu təxminən 12 saatlıq zaman aralığında saxlamaq və gecə saatlarında yeməkdən uzaq durmaq daha məqsədəuyğun hesab olunur.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

