İyul 21, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yaponiyadan təəccübləndirən araşdırma: Bioloji qocalma sürəti 3 ayda 2,2 faiz yavaşladı

Yaponiyada aparılan klinik araşdırma göstərib ki, probiotik yoqurt, sağlam qidalanma və müntəzəm fiziki aktivlik bioloji qocalma sürətini ləngidir. Üç ay davam edən proqramdan sonra iştirakçıların bioloji qocalma sürətində orta hesabla 2,2 faiz azalma qeydə alınıb. Mütəxəssislər isə vurğulayırlar ki, bu nəticəni yalnız yoqurtla əlaqələndirmək düzgün deyil. Əsas təsir sağlam həyat tərzi vərdişlərinin birlikdə tətbiqindən qaynaqlanır.

Əvvəllər tez-tez deyilən “Bir kasa yoqurt ye” tövsiyəsinin təkcə həzm sistemi üçün deyil, sağlam qocalma baxımından da faydalı ola biləcəyi bildirilir.

Yaponiyada 50-74 yaş aralığında olan kişilər arasında aparılan araşdırmada probiotik yoqurt qəbulu, sağlam qidalanma və müntəzəm hərəkətin bioloji yaşa müsbət təsir göstərdiyi müəyyən edilib. Bununla belə, alimlər qeyd edirlər ki, qocalmanı dayandıran möcüzəvi tək bir qida mövcud deyil.

Professor Osman Müftüoğlu “Sabah” qəzetindəki yazısında yoqurtun az bilinən faydalarından bəhs edib. O bildirib ki, son dövrlərin ən çox müzakirə olunan “longevity” (uzunömürlülük) araşdırmalarından biri Yaponiyada aparılan randomizə olunmuş nəzarətli tədqiqatdır. Onun sözlərinə görə, möcüzə tək bir qidada deyil, düzgün həyat tərzi vərdişlərinin birləşməsində gizlənir.

“Aging” jurnalında dərc olunan araşdırmaya əsasən, 12 həftə ərzində probiotik ağırlıqlı qidalanma və idman proqramı tətbiq edilən iştirakçılarda DunedinPACE adlı epigenetik DNT testi ilə ölçülən bioloji qocalma sürəti orta hesabla 2,2 faiz yavaşlayıb.

Araşdırmada artıq çəkili, 50-74 yaş arasında olan 48 kişi iki qrupa bölünüb. Müdaxilə qrupundakı iştirakçılar 12 həftə ərzində:

Hər gün 100 qram sadə probiotik yoqurt (tərkibində Bifidobacterium longum BB536 olan),

Fərdi qidalanma tövsiyələri,

Şəkərli içkilər və qəlyanaltıların azaldılması,

Həftədə ən azı 3 gün, təxminən 30 dəqiqə piyada gəzinti və ya step məşqləri həyata keçiriblər.

Nəzarət qrupu isə gündəlik həyat tərzini dəyişmədən davam etdirib.

Arıqlamadan da bioloji cəhətdən gəncləşmək mümkündürmü?

12 həftənin sonunda iştirakçılarda:

Bioloji qocalma sürəti orta hesabla 2,2 faiz azalıb;

Böyrək sağlamlığı ilə əlaqəli DNAm Cystatin C epigenetik göstəricisində əhəmiyyətli yaxşılaşma müşahidə olunub.

Maraqlı məqam isə odur ki, bu dəyişikliklər çəki itirilməsi ilə birbaşa əlaqəli olmayıb. Yəni bioloji yaşdakı müsbət dəyişiklik yalnız arıqlama ilə izah edilmir.

Üçlü formul: Yoqurt, sağlam qidalanma və hərəkət

Araşdırma müəllifləri xüsusi olaraq bildirirlər ki, əldə edilən nəticələri yalnız yoqurtun təsiri kimi qiymətləndirmək olmaz. Çünki proqram eyni vaxtda üç mühüm dəyişiklikdən ibarət idi:

Probiotik yoqurt qəbulu;

Daha sağlam qidalanma;

Müntəzəm fiziki aktivlik.

Bu səbəbdən əldə olunan faydanın bu üç amilin birgə təsirindən qaynaqlandığı hesab edilir.

Niyə probiotiklər uzunömürlülük araşdırmalarında ön plana çıxır?

Yoqurt sadəcə süd məhsulu deyil. Onun tərkibindəki probiotik bakteriyalar bağırsaq mikrobiotasını dəstəkləyir.

Sağlam bağırsaq florası isə:

Xroniki iltihabı azaldır;

İmmunitet sisteminin tarazlığını dəstəkləyir;

Oksidləşdirici stresi azaldır;

Maddələr mübadiləsini yaxşılaşdırır.

Bu gün uzunömürlülük sahəsində bağırsaqlar təkcə həzm sistemi deyil, həm də qocalma prosesinə təsir edən vacib orqanlardan biri hesab olunur. Buna görə probiotiklər sağlam qocalma ilə bağlı tədqiqatların ən perspektivli istiqamətlərindən sayılır.

Araşdırmanın əsas nəticəsi

Mütəxəssislərin fikrincə, bioloji yaş müəyyən dərəcədə dəyişdirilir. Hər gün edilən kiçik, lakin davamlı seçimlər – daha çox hərəkət etmək, şəkər qəbulunu azaltmaq və fermentləşdirilmiş qidaları rasiona daxil etmək – bioloji qocalma sürətini yavaşlatmağa kömək edir.

Bununla yanaşı, alimlər xatırladırlar ki, bu tədqiqat kiçik miqyaslı olub, yalnız artıq çəkili yapon kişilər üzərində və cəmi 12 həftə ərzində aparılıb. Nəticələrin qadınlarda, müxtəlif yaş qruplarında və uzunmüddətli dövrdə də təsdiqlənməsi üçün daha geniş araşdırmalara ehtiyac var.

Yekun olaraq, yoqurt təkbaşına qocalmanı dayandırmır. Lakin sağlam qidalanma, müntəzəm gəzinti və sağlam bağırsaq mikrobiotası ilə birlikdə bioloji qocalma sürətinin azalmasına töhfə verir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az