Yaponiyada istifadəçiləri cəmi 10 dəqiqə ərzində tam soyutmağı vəd edən “fərdi soyutma kabinəsi” satışa çıxarılıb. İstehsalçılar bildirirlər ki, bu cihaz adi kondisioner və ya ventilyatordan xeyli daha effektivdir.
2,1 metr hündürlüyündə paslanmayan poladdan hazırlanan “Do Hiemon” adlı fərdi soyutma kabinəsi yüksək temperaturun təsirinə məruz qalan insanların bədən hərarətini qısa müddətdə aşağı salmaq üçün hazırlanıb.
Kabinənin daxili temperaturu 15 dərəcəyə qədər endirilir. Eyni zamanda istifadəçinin baş, boyun, çiyin və kürək nahiyəsinə 5 dərəcə temperaturda soyuq hava üfürülür.
İstehsalçılar qeyd edirlər ki, bu üsul günvurma və istiyə bağlı halsızlıq əlamətlərini adi kondisioner və ya ventilyatordan daha sürətli aradan qaldırmağa kömək edir.
Dünyada getdikcə güclənən isti hava dalğaları və temperatur rekordlarının yenilənməsi yeni soyutma texnologiyalarına tələbatı artırır.
Yaponiyada havanın temperaturunun 40 dərəcəni keçməsi və “ifrat isti” günlərin başlaması da bu cür texnologiyaların hazırlanmasını sürətləndirib.
Təxminən 1,5 milyon yen qiymətinə satışa çıxarılan cihazın saatlıq istismar xərclərinin olduqca aşağı olduğu bildirilir.
Cihaz əsasən fərdi istifadə üçün deyil, yüksək temperatur şəraitində fəaliyyət göstərən zavodlar, anbarlar və ictimai məkanlar kimi təcili soyutmaya ehtiyac yarana biləcək yerlərdə istifadə üçün nəzərdə tutulub.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

