İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Yağış altında gəzməyin dörd faydası

Yağışın özünəməxsus qoxusundan tutmuş havaya yaydığı mənfi ionlara qədər onun bədənimizə, xüsusilə də əhvalımıza müsbət təsir göstərən maraqlı xüsusiyyətləri var.

ABŞ-ın Konnektikut ştatının Nyu-Milford şəhərində istilik indeksi altıncı gün ardıcıl olaraq 38°C-ni keçdiyi vaxt səma qəfil tutqun bənövşəyi rəngə boyandı. Mən açıq havada teatr məşğələsi aparırdım və düşərgə iştirakçılarının başımızın üzərinə doğru yaxınlaşan nəhəng fırtına buluduna baxdıqlarını gördüm. Bir anda güclü ildırım səsi yerin titrəməsinə səbəb oldu və şimşəklər səmada hörümçək toru kimi yayıldı.

Yağışı hiss etməzdən əvvəl onun səsini eşitdik. Sonra isə iri damlalar sel kimi üzərimizə töküldü. Heç kim bir-birini eşidə bilmirdi. Mən yaxınlıqdakı üstüörtülü sahəyə işarə etdim və hamımız ora qaçdıq. Tamamilə islanmış halda gülərək oturduq və fırtınanın keçməsini izlədik. Təxminən yarım saat sonra hava açıldı. Hava inanılmaz dərəcədə təmiz və sərin idi. Yağışın o güclü, tanış qoxusu hər tərəfi bürümüşdü.

Məşqə qayıdarkən otlar və ağaclar sanki daha yaşıl və canlı görünürdü. Hamı daha rahat idi, daha çox gülümsəyirdi. Elə bil beynimdəki duman çəkilmişdi. Bunun səbəbi istilərin azalması, yoxsa yağışın özü idi?

Məlum olur ki, alimlər uzun illərdir yağışın insan əhvalına təsirini araşdırırlar və onun əhvalı yaxşılaşdırdığına dair kifayət qədər sübutlar tapıblar. Üstəlik, yağış yalnız bununla kifayətlənmir. Araşdırmalar göstərir ki, o, havadakı zərərli maddələri təmizləyir, özünəməxsus qoxusu isə hətta yaddaşı gücləndirə bilər.

1. Serotonin səviyyəsini artıra bilər

Yağış zamanı havada mənfi ionlar yaranır. Bunlar əlavə elektrona malik oksigen molekullarıdır və yağış damcıları bir-birinə və ya səthlərə dəyəndə əmələ gəlirlər.

Yüksək səviyyədə mənfi ionların beyində serotonin və alfa dalğalarını artırdığı, bunun da insanı daha xoşbəxt və rahat hiss etdirdiyi müəyyən edilib.

Damcılar yerə düşərkən sıçrayır və havaya mənfi ionlar buraxırlar. Bu hadisə “Lenard effekti” adlanır. Buna görə də yağış altında qısa bir gəzinti əhvalınızı yaxşılaşdıra bilər. Ancaq ildırım varsa, təhlükəsizlik baxımından mütləq sığınacağa keçmək lazımdır.

Bəzi alimlər hesab edirlər ki, mənfi ionlar qandakı oksigen səviyyəsini artıraraq intensiv fiziki fəaliyyətdən sonra yaranan xoş hissə bənzər təsir göstərir. Lakin bunun dəqiq mexanizmi hələ də tam aydın deyil.

2. Havanı təmizləyir

Yağış havadakı toz, allergenlər, bakteriyalar və digər xırda hissəciklərin azalmasına kömək edir. Bu da nəfəs almağı asanlaşdırır.

Tədqiqatlar göstərir ki, yağış damcıları havada asılı qalan hissəcikləri özünə çəkərək yerə endirir. Alimlər bunu tikinti sahəsində tozun qarşısını almaq üçün yerə su səpilməsinə bənzədirlər.

Yağış nə qədər güclü olarsa, havanın təmizlənməsi də bir o qədər effektiv olur. Bundan əlavə, əsəbilik və narahatlıqla əlaqələndirilən müsbət ionların miqdarı da azalır.

Bu səbəbdən güclü yağışdan sonra pəncərələri açmaq evdəki havanın keyfiyyətini yaxşılaşdıra bilər.

3. Yağışın qoxusu yaddaşı canlandırır

Yağışdan sonra hiss edilən torpaq qoxusu “petrixor” adlanır. Bu qoxu torpaqda, bitkilərdə və digər üzvi maddələrdə toplanmış molekulların yağış damcılarının təsiri ilə havaya yayılması nəticəsində yaranır.

Qoxunun bir hissəsi ozondan, digər hissəsi isə torpaqdakı bakteriyaların yaratdığı “geosmin” adlı maddədən qaynaqlanır.

Alimlər hesab edirlər ki, insanlar bu qoxuya çox həssasdırlar, çünki qədim dövrlərdə yağış və su həyatda qalmaq üçün vacib idi. Petrixor qoxusu təhlükəsizlik və bolluq hissi ilə əlaqələndirilə bilər.

Qoxular beynin emosiyalar və xatirələrlə əlaqəli hissələrini aktivləşdirir. Buna görə də yağış qoxusu illər əvvəl yaşanmış hadisələri göz önünə gətirə bilir.

4. Yağışın səsi insanı sakitləşdirir

Yağışın rahatladıcı təsiri təkcə qoxusu və havası ilə məhdudlaşmır. Onun səsi də insan psixologiyasına müsbət təsir göstərir.

Su səslərinin bədənin istirahət və bərpa proseslərinə cavabdeh olan parasimpatik sinir sistemini aktivləşdirdiyi müəyyən olunub. Bu zaman ürək döyüntüləri yavaşıyır və stress azalır.

Araşdırmalar göstərir ki, yumşaq yağışın səsi stress səviyyəsini 65 faizə qədər azalda bilər. Güclü yağış isə ətrafdakı narahatedici səsləri örtərək rahatlamağa və daha yaxşı yatmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, yağış səslərinə məqsədli şəkildə qulaq asmaq meditasiya və diqqət toplama məşqlərinə bənzər təsir göstərə bilər.

Yağış sadəcə hava hadisəsi deyil. O, əhvalı yaxşılaşdıra, havanı təmizləyə, xatirələri canlandıra və insanı sakitləşdirə bilər. Növbəti dəfə yağış yağanda onu sadəcə pəncərədən izləmək əvəzinə, qısa müddət də olsa bu təcrübəni yaşamağa çalışın. Ola bilsin ki, özünüzü gözlədiyinizdən daha yaxşı hiss edəcəksiniz.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az