Gundelik.az Dünya Xirosimada atom faciəsinin 80-ci ildönümü anıldı
Dünya Xəbərlər

Xirosimada atom faciəsinin 80-ci ildönümü anıldı

Yaponiya bu gün – 6 avqustda Xirosima şəhərinə atom bombası atılmasının 80-ci ildönümünü sükutla yad edib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, əsas mərasim Sülh Xatirə Parkında keçirilib.

Tədbirdə Yaponiyanın baş naziri Şiqeru İşiba və müxtəlif ölkələrdən rəsmilər iştirak ediblər.

Xirosima meri Kazumi Matsui çıxışında bildirib ki, Yaponiya atom bombası hücumuna məruz qalan yeganə ölkədir və xalq sülhə sadiqdir.

200 mindən çox insan həlak olub

1945-ci il avqustun 6-da ABŞ Xirosimaya, 3 gün sonra isə Naqasakiyə atom bombası atmışdı. Nəticədə 200 mindən çox insan həyatını itirmişdi. Onların bəziləri partlayış zamanı, digərləri isə radiasiya və yanıqlar səbəbilə dünyasını dəyişmişdi.

Faciədən sağ çıxanlardan biri – Şinqo Naito BBC-yə deyib ki, altı yaşında atasını və iki bacısını itirib: “Atamın dərisi bədənindən sallanmışdı, kor idi, əlimi belə tuta bilmirdi”. Hazırda Naito təcrübələrini gənclərlə bölüşərək, onların bu faciəni unutmaması üçün çalışır.

Sülh uğrunda mübarizə davam edir

Nüvə bombası qurbanlarını təmsil edən “Nihon Hidankyo” təşkilatı 2024-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. Qurum nüvə silahlarından tamamilə imtina çağırışı edir.

Xirosima meri çıxışında nüvə silahlarına ehtiyac olmadığını bildirib: “Silahlanma artımı və nüvə silahlarına arxalanma tarixin dərslərinə məhəl qoymamaqdır. Bu, sülhə zərbə vurur”.

O, həmçinin Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinə diqqət çəkib. 2021-ci ildə qüvvəyə minən bu sənəd hələ də ABŞ, Rusiya və Yaponiya kimi ölkələr tərəfindən ratifikasiya olunmayıb. Yaponiya bu məsələni ABŞ-ın “nüvə çətiri” ilə izah edir.

Etirazlar və çağırışlar

Xirosima küçələrində də nüvə silahlarının tam qadağan olunması tələbi ilə kiçik aksiyalar keçirilib. Radiasiya səbəbindən xərçəng xəstəliyindən əziyyət çəkən sağ qalan Saitoshi Tanaka BBC-yə bildirib ki, Qəzza və Ukraynadakı dağıntılar ona keçmişini xatırladır.

Tanaka dünya xalqlarını səsli və birgə hərəkətə çağırıb: “Nüvə silahları hələ də bəşəriyyəti təhdid edir. Bu silahların qarşısını almaq üçün dünya daha ciddi təzyiq göstərməlidir”.

Gundelik.az

Exit mobile version