Azərbaycan xalqı bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü dərin ehtiramla qeyd edir. Ulu öndərin zəngin mənəvi irsi, müdrik dövlətçilik təcrübəsi və uzaqgörənliyi Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxmışdır. Ulu öndər yalnız bir siyasi lider deyil, o cümlədən xalqını zamanın sınaqlarından uğurla çıxarmış, millətin yolunu aydınlatmış xilaskardır. Onun rəhbərliyi ilə Azərbaycanın həyatında dönüş nöqtəsi yaşandı, belə ki, xaos və böhran içində olan ölkə sabitliyə, inkişaf və tərəqqiyə qədəm qoydu. Müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və milli birliyin təmin olunması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan neft strategiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi və iqtisadi islahatlar Azərbaycanın bu gün dünya miqyasında nüfuzlu dövlətə çevrilməsində əsas rol oynayıb. Hətta ən çətin dönəmlərdə belə, o, xalqına güvənib, onun iradəsinə söykənib, daim sabaha inam aşılayıb.
Azərbaycan gənclərinin vətənpərvər ruhda formalaşmasında, milli dəyərlərə sahib çıxmasında ulu öndər Heydər Əliyev məktəbinin təsiri əvəzsizdir. Ulu öndər deyirdi: “Biz gərək öz milli sərvətlərimizə, tariximizə, mədəniyyətimizə sahib çıxaq.” Bu fikirlər bu gün də öz aktuallığını qoruyur və dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dahi şəxsiyyətin siyasi kursu uğurla davam etdirilir. Qarabağın azadlığı, dövlətin suverenliyinin tam bərpası – ümummilli lider Heydər Əliyev ideyalarının reallaşmasının təntənəsidir.
Ulu öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə keçirilən tədbirlər, təşkil olunan anım mərasimləri onun unudulmaz xidmətlərinə bir daha işıq tutur. Azərbaycan xalqı onun adını hər zaman qürurla daşıyır, ideyalarını yaşadır və gələcək nəsillərə ötürür.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Gundelik.az

