Neoliberal rejimin mollalarının dilindən tez-tez belə bir öyüd eşidirik: özünüzə dəyər verin!
Amma bu dəyər vermənin necə həyata keçirilməsi haqqında bir fikirləri yox. Bu dəyər nədən ibarət olacaq, mənəvimi, maddimi?
Gundelik.az xəbər verir ki, bu barədə şair, yazıçı, publisist Aqşin Yenisey fikirlərini bölüşüb.
Onun sözlərinə görə, sıravi insanlar üçün dəyər ölçülə bilən bir şeydir, yəni maddidir: “Sıravi insan özünü dəyərləndirmək üçün ölçülə bilən dəyərləri ələ keçirmək istəyir. Mənəvi dəyərlərin ölçüsü yoxdur. Məna dəyərsizdir. İnsan mənalı, yoxsa mənasız olduğunu bilə bilməz. Üstəgəl, mənəvi və mənalı olan dəyər uzunmüddətli və gizli bir zəhmətin nəticəsində qazanılır.
Adətən, mənəvi və mənalı dəyərə insan bütün ömrünü həsr edir, ancaq onu ölümündən sonra qazanır”.
Yazıçı vurğulayır ki, sıravi insan üçün həyat ömürlə məhdudlaşır: “Sıravi insan həyatının deyil, ömürünün hayındadır. Ona ölçə bildiyi və həyatını deyil, ömrünü zənginləşdirən dəyərlər lazımdır.
Din bu məsələdə konkret idi: ömür boş şeydir, önəmli olan həyatdır. Həyatın dəyəri isə mənəvi olandır. Allahın qarşısına lüt çıxacaqsan, vay o gündən ki, için də üstün kimi lüt olsun.
Burada maraqlı bir məsələ var: allah qorxusu allah sevgisinə nisbətən az xərc tələb edir.
İnsan qorxduğuna deyil, sevdiyinə daha çox şey vermək istəyir.
Din öz bazarını allah sevgisi üzərində qurdu”.
“Allahı insanla əvəzləyən liberalizm öz bazarını yaratmaq üçün mənəvi olanı ucuzlaşdırmalıydı. Dəyərləri ölçülə bilən etməliydi. Çünki allahdan fərqli olaraq insan maddi varlıqdır, ona münasibət də maddi olmalıdır.
Ölçülə bilən dəyərlər isə bazarda satılan markalardır. Heç bir həyati önəmi olmayan, lakin ömürə təntənə gətirən markalar.
Beləliklə, mənəvi və mənalı olandan uzaqlaşdırılan insan özünü dəyərləndirmək üçün bazara üz tutdu”, – A. Yenisey bildirib.
Yazıçının sözlərinə görə, bu gün ən bahalı markaya sahib olmaq ən dəyərli insan olmaq kimi qəbul edilir və nəticədə, dünya ömrü zəngin, həyatı yoxsul insanlarla dolur: “Günümüzün insanı buna görə siyasət üçün, sənət üçün, fəlsəfə üçün yararsızdır. Çünki statistik bir varlıqdır. Ölçülə biləndir. Nəyi varsa üstündədir, içi boşdur.
Tanrı sevgisi qurbanı hədiyyə ilə əvəzlədi. Qurbandan fərqli olaraq hədiyyə onu alandan çox, onu verənə üstünlük qazandırır. Qurban dəyəri olana veriləndir, hədiyyə isə dəyərləndirilənə verilən.
Bu gün insan öz-özünü dəyərləndirmək üçün öz-özünü hədiyyələndirməklə məşğuldur. Bütün satış platformaları bu istehlak instinktinin üzərində qurulub. Biz bazara ehtiyacımız olanı deyil, bizi dəyərləndirəcək hədiyyəni almaq üçün üz tuturuq.
Neoliberal mollalar özünüzü dəyərləndirin dedikdə özünüzü hədiyyələndirin demək istəyirlər”.
“Klassik insana “özünüzü tapın” deyilirdi, bugünkü insana “özünüzü dəyərləndirin” deyilir.
Özünü tapan insanların həyatı qurbanlarla dolu olur. Ömrü özünə aldığı hədiyyələrlə dolu insan özündən itkin düşmüş insandır.
Ona “özünü dəyərləndir” yox, “özünü axtar” demək lazımdır”, – deyə A. Yenisey fikirlərini yekunlaşdırıb.
Gundelik.az

