Sentyabrın 8-də Milli Məclisdə parlament sədrinin müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının Xarici işlər və birləşmə komitəsinin sədri Song Seog-junun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Azərbaycanın Koreya ilə münasibətlərə xüsusi diqqət yetirdiyini və bu ölkə ilə dərin əməkdaşlıq etdiyini deyib. Parlamentlərarası əlaqələrin də çox yaxşı inkişaf etdiyini söyləyən vitse-spiker qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq, bunun ikitərəfli əlaqələrin gücləndirilməsinə xidmət etdiyini bildirib.
Azərbaycan-Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini deyən sədr müavini ölkəmizdən Koreyaya neft məhsulları, bu ölkədən isə Azərbaycana dərman və elektron məhsullar idxal edildiyini diqqətə çatdırıb. Azərbaycanda 80-ə yaxın Koreya şirkətinin fəaliyyət göstərdiyini bildirən Milli Məclisin sədr müavini bunun biznes əlaqələrinin inkişafından xəbər verdiyini vurğulayıb.
Koreya şirkətlərinin Azərbaycanın yaşıl enerji bazarında fəal iştirak etdiyini deyən Ziyafət Əsgərov onların Qarabağ və Şərqi Zəngəzurda da uğurla fəaliyyət göstərdiklərini söyləyib. O, ölkələrimiz arasında elm, incəsənət və mədəniyyət sahələrində də yaxşı əlaqələrin mövcud olduğunu qeyd edib.
Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflandığını söyləyən vitse-spiker iki ölkə arasında iqtisadi əlaqələrin yaradılması istiqamətində də yeni imkanların formalaşdığını diqqətə çatdırıb.
Koreya Milli Assambleyasının Xarici işlər və birləşmə komitəsinin sədri Song Seog-jun çıxışında Azərbaycan və Koreyanın dost ölkələr olduğunu deyib. Qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin dinamik inkişafına töhfə verdiyini vurğulayan qonaq bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yüksək qiymətləndirilib. Həmçinin nəqliyyat-tranzit yollarının Azərbaycandan keçməsinin ölkənin potensialının reallaşdırılması baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Vurğulanıb ki, Koreya vətəndaşları üçün bir il ərzində vizasız gediş-gəliş rejiminin yaradılması əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Gundelik.az