İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Xiaomi” 100 mindən çox elektrik avtomobilini geri çağırır

Çinin “Xiaomi” şirkəti sürücüyə yardım sistemində yaranan nasazlıqlara görə 116 800 ədəd “SU7” elektrik sedanını geri çağıracaq.

Gundelik.az xəbər verir ki, bu barədə məlumat Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) saytında yerləşdirilib.

Geri çağırma 2024-cü il fevralın 6-dan 2025-ci il avqustun 30-dək istehsal olunan avtomobillərə şamil edilir. Şirkətin açıqlamasına görə, sözügedən avtomobillərdə quraşdırılmış sürücüyə yardım sistemi kritik vəziyyətləri lazımi səviyyədə aşkarlaya və sürücünü xəbərdar edə bilmir. Bu isə nəqliyyat vasitəsinin idarəolunmaz qalması və toqquşma riskini artıra bilər.

Xiaomi bildirir ki, problem uzaqdan proqram təminatı yenilənməsi vasitəsilə aradan qaldırılacaq.

Çin Avtomobil Texnologiyaları və Tədqiqat Mərkəzinin məlumatına əsasən, 2025-ci ilin iyul ayına qədər şirkət ümumilikdə 305 055 ədəd “SU7” tədarük edib. Model 2024-cü ilin martında satışa çıxarılıb. Başlanğıc mərhələdə standart versiyada ətraf mühitin qiymətləndirilməsinə imkan verən LiDAR sistemi mövcud olmayıb.

Qeyd edək ki, bu ilin martında Anhui əyalətində “SU7” ilə baş verən qəza nəticəsində üç nəfər həlak olub. Şirkətin ilkin hesabatına görə, sürücüyə yardım sistemi hadisədən 20 dəqiqə əvvəl aktivləşib, lakin sürücünün sükanı əlində saxlamadığı barədə xəbərdarlıq edib. İdarəetmə bərpa edildikdən bir neçə saniyə sonra qəza baş verib.

Xəbərin təsirindən”Xiaomi” səhmləri Honq Konq birjasında 0,3% ucuzlaşıb.

Gundelik.az