Yadplanetlilər Yer kürəsinə gəlib? - Müzakirələrə münasibət bildirdi
Yerdənkənar sivilizasiyaların axtarışı ilə məşğul olan SETI layihəsinin baş astronomu UNO-lar (naməlum uçan obyektlər) ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə Starlust nəşri məlumat yayıb.
1991-ci ildən beynəlxalq SETI layihəsində çalışan astronom Set Şostak 2014-cü ildən SETI Tədqiqatları Mərkəzinə rəhbərlik edir.
Onun sözlərinə görə, hakimiyyət orqanlarının və alimlərin yadplanetlilərlə bağlı müəyyən məxfi məlumatları gizlətməsinə inanmaq amerikalılar arasında geniş yayılmış, lakin əsassız fikirdir.
“Amerikada insanlar sui-qəsd nəzəriyyələrini sevirlər. Onlar düşünməyi xoşlayırlar ki, biz yadplanetlilər haqqında hər şeyi bilirik, sadəcə hökumət bütün bunları gizli saxlayır”, – deyə əsl yadplanetli tədqiqatçısı bildirib.
Şostak hesab edir ki, UNO-lar ətrafında yaranan ajiotaj insanların səmada gördükləri obyektləri düzgün anlamaması və kütləvi informasiya vasitələrinin təsiri ilə əlaqədardır.
“İnsanlar anlamadıqları bir şeyi, xüsusilə də səmada gördükdə, bunun mütləq yadplanetlilərə aid olduğunu düşünürlər. Onların bunu yadplanetlilərlə əlaqələndirmələrinin səbəbi isə həmin varlıqları televiziya və filmlərdə görmələridir”, – deyə alim izah edib.
Bundan əlavə, Şostak yadplanetlilərin Yer kürəsinə səfərləri ilə bağlı məlumatların dövlət qurumları tərəfindən uzun müddət gizli saxlanıla biləcəyinə şübhə ilə yanaşıb. Alim əmindir ki, belə səfərlər həqiqətən baş versəydi, məlumatlar qısa müddətdə mediaya sızar və ictimaiyyətə məlum olardı.
Bununla belə, astronom digər planetlərdə ağıllı həyatın mövcudluğuna inandığını bildirib.
Qeyd edək ki, daha əvvəl 1972-ci ildə Aya səfər etmiş amerikalı astronavt Çarlz Dyuk UNO-ların təbiəti ilə bağlı fikirlərini açıqlamışdı. Onun qənaətinə görə, naməlum uçan obyektlər demonlardır.
Nuri
Gundelik.az