Begemot Fiona zoopark ziyarətçisinin papağını yedi – Baytarlar narahatdır

Begemot Fiona zoopark ziyarətçisinin papağını yedi – Baytarlar narahatdır

ABŞ-nin Cincinnati şəhərindəki zooparkda yaşayan Fiona adlı dişi begemot ziyarətçinin baş geyimini yeyib. Hadisədən sonra baytarlar heyvanın sağlamlığını diqqətlə izləməyə başlayıblar.

Gundelik.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Toxunma papaq qeyri-adi şəraitdə begemotun yaşadığı sahəyə düşüb. Belə ki, ziyarətçi papağı havaya atıb, həmin vaxt baş geyimi tavandakı ventilyatora ilişərək müşahidə pəncərələrinin üzərindəki kiçik boşluqdan heyvanın olduğu əraziyə düşüb.

Papaq suya düşdükdən sonra Fiona onu götürərək yeyib. Hadisə zooparkın baytar həkimlərini narahat edib. Hazırda mütəxəssislər heyvanın sağlamlıq vəziyyətini yaxından izləyirlər.

Zoopark əməkdaşları papağın Fionanın orqanizmindən təbii yolla xaric olacağına ümid edirlər. Onlar heyvanın vəziyyətini ehtiyatlı nikbinliklə qiymətləndirirlər.

Fiona 2017-ci ilin yanvarında vaxtından altı həftə əvvəl dünyaya gəldikdən sonra dünya şöhrəti qazanıb. Doğulduğu zaman çəkisi cəmi 13 kiloqram olub. Bu göstərici onun növü üzrə qeydə alınmış ən aşağı doğum çəkisindən 11 kiloqram az idi.

Fionanın həyatda qalması uğrunda mübarizə bütün dünyada milyonlarla insanın diqqətini cəlb edib. İnsanlar onun vəziyyətini internet üzərindən izləyib, haqqında kitablar yazılıb, adına pivə, geyim və dondurma istehsal olunub. Hətta bir cütlük onun yaşadığı sahənin qarşısında nişan mərasimi də keçirib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Yorkşir qraflığında zoopark ziyarətçisinin pələngin qəfəsinə girdiyi bildirilmişdi. Həmin şəxsin ağır psixi xəstəlikdən əziyyət çəkən aktyor olduğu qeyd olunmuşdu.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.