Böyük Britaniyada 2000 illik başsız qız skeleti tapıldı

Böyük Britaniyada 2000 illik başsız qız skeleti tapıldı

Böyük Britaniyada bataqlıqda başsız vəziyyətdə tapılan qızın ölüm səbəbi müəyyənləşib

Böyük Britaniyada 2000 ildən çox müddət ərzində bataqlıqda qalan gənc qızın ölüm səbəbi müəyyən edilib.

Gundelik.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Qalıqlar 2023-cü ildə Bellahi kəndi yaxınlığında aşkar edilib. Aparılan araşdırmalar nəticəsində qızın 15-22 yaşlarında olduğu müəyyənləşdirilib.

Mütəxəssislər onun boyun nahiyəsində kəsik izləri aşkarlayıblar. Araşdırmaçılar hesab edirlər ki, gənc qızın başı, böyük ehtimalla, arxadan soyuq silahla endirilən zərbə nəticəsində kəsilib. Sonrakı arxeoloji qazıntılar zamanı isə onun kəllə sümüyünü tapmaq mümkün olmayıb.

Alimlər qızın hansısa ritualın qurbanı ola biləcəyini ehtimal edirlər. Arxeoloq Niam Beykerin sözlərinə görə, bu qurbanvermə mərasimi məhsuldarlığa və ya hava şəraitinə təsir göstərmək məqsədi daşıya bilərdi.

Yerli sakinlər gənc qıza Aine adını veriblər. Gələcəkdə muzeydə onunla bağlı xüsusi sərginin təşkili planlaşdırılır. Lakin sərgidə insan qalıqları nümayiş etdirilməyəcək.

Qeyd edək ki, daha əvvəl Hindistanın Dehli şəhərində polisi başı olmayan körpənin ölümü ilə bağlı araşdırmaya başlayıb. Körpənin qalıqları krematoriyanın girişində aşkarlanıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.