Azərbaycan Avropanın qiymətləndirmə məkanında təmsil olunacaq - FOTO

Azərbaycan Avropanın qiymətləndirmə məkanında təmsil olunacaq - FOTO

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Avropa Qiymətləndirici Assosiasiyaları Qrupuna (The European Group of Valuers' Associations – TEGOVA) üzvlüyü Baş Assambleya tərəfindən təsdiqlənib. Bununla AQC Azərbaycanın TEGOVA-da təmsil olunan yeganə milli qiymətləndirici təşkilatı olub.

Gundelik.az xəbər verir ki, AQC-nin nümayəndə heyəti Vyanaya səfəri çərçivəsində TEGOVA-nın Baş Assambleyasının iclasında iştirak edib. Cəmiyyətin üzvlüyü ilə bağlı ilkin qərar iyulun 28-də təşkilatın müvafiq iclasında qəbul edilib, Baş Assambleyada isə yekdilliklə təsdiqlənib. İclasda AQC İdarə Heyətinin sədri Vüqar Oruca və nümayəndə heyətinin digər üzvlərinə üzvlüyü təsdiq edən sənədlər, TEGOVA-nın döş nişanları və hədiyyələr təqdim olunub.

TEGOVA 43 Avropa ölkəsində fəaliyyət göstərən 80 üzv təşkilatı birləşdirən milli qiymətləndirici assosiasiyaların beynəlxalq platformasıdır. Təşkilat daşınmaz əmlakın qiymətləndirilməsi üzrə peşəkar standartların, metodologiyaların və mütəxəssislərin kvalifikasiya sisteminin inkişafında mühüm rol oynayır. TEGOVA tərəfindən hazırlanan Avropa Qiymətləndirmə Standartları (European Valuation Standards – EVS) qiymətləndirmə fəaliyyətində şəffaflığın və vahid peşəkar yanaşmanın təmin edilməsinə xidmət edir.

AQC-nin təşkilata üzvlüyü Azərbaycan qiymətləndiricilərinin Avropa standartlarının tətbiqi, beynəlxalq təcrübə mübadiləsi və peşəkar hazırlıq proqramlarında iştirakına imkan yaradacaq. Bu, ölkədə qiymətləndirmə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, aktivlərin bazar dəyərinin daha dəqiq müəyyənləşdirilməsi və investisiya qərarlarının etibarlı qiymətləndirmə nəticələrinə əsaslanması baxımından əhəmiyyətlidir.

Avropa qiymətləndirmə gündəliyində ESG – ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin aktivlərin dəyərinə təsiri də mühüm yer tutur. Xüsusilə daşınmaz əmlakın qiymətləndirilməsində enerji səmərəliliyi, ekoloji göstəricilər, resurslardan istifadə və obyektlərin uzunmüddətli iqtisadi dayanıqlılığı nəzərə alınan amillərdəndir. Bu meyarlar əmlakın investisiya cəlbediciliyinə və gələcək iqtisadi dəyərinə təsir göstərir. TEGOVA-da təmsilçilik AQC-yə bu istiqamətdə Avropa təcrübəsini yaxından izləmək və yerli qiymətləndirmə praktikasının inkişafında ondan istifadə etmək imkanı verəcək.

Baş Assambleya çərçivəsində süni intellekt texnologiyalarının qiymətləndirmə fəaliyyətində tətbiqi məsələləri də müzakirə olunub, bu texnologiyalardan istifadə ilə bağlı müvafiq tövsiyələr verilib. Müzakirələrdə süni intellektin qiymətləndirmə proseslərində yaratdığı imkanlar və onun tətbiqində peşəkar yanaşmanın əhəmiyyəti diqqət mərkəzində olub.

AQC-nin beynəlxalq əməkdaşlığı TEGOVA üzvlüyü ilə məhdudlaşmır. Cəmiyyət Beynəlxalq Qiymətləndirmə Standartları Şurası (IVSC) və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) çərçivəsində də fəaliyyət göstərir. Avropa təşkilatına üzvlük bu əlaqələri daha da genişləndirərək Azərbaycan qiymətləndiricilərinin beynəlxalq peşəkar mühitdə iştirakına yeni imkanlar açır.

Qiymətləndirmə sektorunun beynəlxalq standartlara uyğun inkişafı qiymətləndirmə prosesinin şəffaflığı, maliyyə risklərinin düzgün hesablanması, aktivlərin səmərəli idarə olunması və investisiya mühitinə etimadın artırılması üçün vacibdir. AQC-nin TEGOVA-ya üzvlüyü Azərbaycanın bu sahədə Avropa ilə əməkdaşlığını yeni mərhələyə daşıyır. Eyni zamanda, Azərbaycan qiymətləndiricilərinin peşəkar təcrübəsinin Avropada tanıdılması və ölkəmizin beynəlxalq qiymətləndirmə sistemində mövqeyinin möhkəmləndirilməsi üçün zəmin yaradır.

Foto qalereya

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.