Sadiq Qurbanov: Ağdam şəhərinin köhnə şöhrəti qaytarılacaq – ŞƏRH

Sadiq Qurbanov: Ağdam şəhərinin köhnə şöhrəti qaytarılacaq – ŞƏRH

Noyabrın 20-də Ağdam Şəhəri Günü qeyd olunur. İşğaldan azad edildikdən sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yaşayış məntəqələri yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.

Gundelik.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Aktual Xəbər”ə açıqlamasında Ağdamın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən və rayonda aparılan bərpa işlərindən danışıb.

Deputat bildirib ki, Ağdamın azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərin mühüm nəticələrindən biridir. O, bu məqamda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdamın gələcəyi ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb:

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

S.Qurbanov qeyd edib ki, 2020-ci il noyabrın 20-də üçtərəfli Bəyanata uyğun olaraq Ağdam rayonunun işğal altında olan ərazilərinin Azərbaycana qaytarılması ilə mühüm tarixi hadisə baş verib. Onun sözlərinə görə, bu qərar böyük insan tələfatının qarşısının alınmasına imkan yaradıb və Prezident İlham Əliyevin sərkərdəlik və diplomatik məharətinin göstəricisi olub.

Deputat Ağdamda aparılan quruculuq işlərinin Baş plana uyğun şəkildə davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, şəhərdə ümumilikdə beş yaşayış məhəlləsinin salınması nəzərdə tutulub. Artıq onlardan ikisinin açılışı olub, digər məhəllələrin isə təməli qoyulub.

O, kəndlərin bərpası istiqamətində görülən işlərə də toxunub. Qeyd edib ki, Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələləri üzrə işlər başa çatdırılaraq açılışları olub. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərinin isə təməli qoyulub.

S.Qurbanov əminliklə bildirib ki, həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində Ağdam əvvəlki şöhrətini yenidən qazanacaq. O vurğulayıb ki, bu prosesin arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi dayanır.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.