Pentaqonun keçmiş əməkdaşı şok iddia irəli sürdü: Yadplanetlilər insanların arasında yaşayır

Pentaqonun keçmiş əməkdaşı şok iddia irəli sürdü: Yadplanetlilər insanların arasında yaşayır

Pentaqonun keçmiş əməkdaşı insanların arasında yaşayan yadplanetlilərdən danışıb

ABŞ-da Pentaqonun keçmiş əməkdaşı insanların arasında yaşayan yadplanetlilər və onların Yerlə bağlı planları haqqında iddialar səsləndirib.

Gundelik.az “Daily Mail”a istinadən xəbər verir ki, Qari Moşyer (Gary Mosher) ABŞ Müdafiə Nazirliyində təxminən 30 il çalışıb və bu müddət ərzində yeni silahların hazırlanmasında iştirak edib.

Daha sonra o, UNO-ların (uçan naməlum obyektlərin) tədqiqatçısına çevrilib. Moşyer onların yadplanetlilərə məxsus kosmik gəmilər olduğuna inanır.

Hərbçilər tərəfindən lentə alınan çoxsaylı naməlum obyektləri yadplanetlilərin öz üstünlüklərini nümayiş etdirməsi kimi qiymətləndirən keçmiş Pentaqon əməkdaşı bildirib ki, bu obyektlər hərbi təyyarələri təqib edir, onların fəaliyyətini izləyir və hətta hava döyüşlərinə cəlb edirlər.

“Onlar bizim qırıcı təyyarələrimizə meydan oxuyur, onları təqib edir, izləyir və döyüşlərə cəlb edirlər. Əslində, bununla texnoloji baxımdan bizdən qat-qat üstün olduqlarını nümayiş etdirirlər. Onlar bizimlə sanki lağ edirlər”, – deyə Moşyer bildirib.

Tədqiqatçının sözlərinə görə, yadplanetlilərin bəşəriyyətlə açıq münaqişəyə girməməsi Yeri yaşayış üçün yararlı vəziyyətdə saxlamaq istəkləri ilə bağlı ola bilər.

Moşyer yadplanetlilərin artıq insanların arasında yaşadığına əmin olduğunu da iddia edib.

“Mən hesab edirəm ki, Yer kürəsini məskunlaşdırmaq əsas məqsədi olan yadplanetli bir irq bizi ziyarət edib. Onlar burada yaşamaq və inkişaf etmək üçün gəliblər”, – deyə o bildirib.

O əlavə edib ki, yadplanetlilər guya mal-qaraya xəsarət yetirməklə və əkin sahələrində müəmmalı dairələr yaratmaqla insanların diqqətini ətraf mühitə qarşı məsuliyyətsiz münasibətinə yönəltməyə çalışırlar.

Moşyerin sözlərinə görə, yadplanetlilər tərəfindən qaçırıldıqlarına inanan bəzi insanlar da onlarla oxşar söhbətlər apardıqlarını iddia ediblər.

“Onlar Yer planetinə necə qayğı göstərməyimizdən narahatdırlar”, – deyə UNO tədqiqatçısı fikrini yekunlaşdırıb.

Qeyd edək ki, daha əvvəl yadplanetli sivilizasiyaların axtarışı ilə məşğul olan SETI layihəsinin baş astronomu UNO-larla bağlı yaranan ajiotaj haqqında danışıb. Onun fikrincə, sensasiyaların ortaya çıxmasının əsas səbəbi insanların səmada gördükləri obyektləri düzgün anlaya bilməməsi və medianın təsiridir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.