Pakistanın Azərbaycandakı səfiri Naxçıvanda bir sıra görüşlər keçirib - FOTO
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb.
Gundelik.az səfirliyə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanın qədim şəhəri Naxçıvan ilə Pakistanın tarixi şəhəri Lahor arasında qardaşlaşma proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində səfir Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib. Daha sonra Heydər Əliyev Muzeyində olan diplomat Ulu Öndərin həyat və siyasi fəaliyyətini, zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olub.
Qasım Mohiuddin, həmçinin Duzdağ Fizioterapiya Mərkəzini və Naxçıvan Regional İnformasiya Mərkəzini ziyarət edib. Səfir tibb müəssisələrində çalışan həkim və terapevtlərin fədakar əməyini yüksək qiymətləndirib, müalicə alan pasiyentlərin əzmkarlığı və mübarizə ruhunun onda dərin təəssürat yaratdığını bildirib.
Diplomat tibb işçilərinin peşəkarlığını və xəstələrin sağalması istiqamətində göstərdikləri səyləri yüksək qiymətləndirərək, onların fəaliyyətinə heyranlığını ifadə edib.
Foto qalereya
1 / 7