Novosibirsk yaxınlığında 7 kilometrlik sirli anomaliya aşkarlandı – alimlər səbəbini araşdırır

Novosibirsk yaxınlığında 7 kilometrlik sirli anomaliya aşkarlandı – alimlər səbəbini araşdırır

Rusiyanın Novosibirsk şəhəri yaxınlığında diametri 7 kilometrə çatan müəmmalı geoloji anomaliya aşkarlanıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Novopolyan anomaliyası adlandırılan çökəklik forması etibarilə meteoritin düşməsi nəticəsində yaranan krateri xatırladır. Peyk görüntülərində ərazi demək olar ki, mükəmməl dairə formasında görünür. Çökəkliyin kənarlarında torpaq səddi, daxili hissəsində isə bataqlıq ərazi yerləşir.

Novosibirsk Astronomiya Cəmiyyətinin üzvləri anomaliyanın yerləşdiyi əraziyə kiçik ekspedisiya göndəriblər. Tədqiqatçılar hadisənin mənşəyi ilə bağlı bir neçə ehtimalı nəzərdən keçirirlər.

Əsas versiyalardan biri əraziyə meteorit düşməsi olsa da, bunun qədim çay yatağı və ya torpağın çökməsi nəticəsində yaranması ehtimalı da istisna edilmir.

Hazırda ərazidən götürülən nümunələr laboratoriya şəraitində araşdırılır. Mütəxəssislər tədqiqatların nəticələrinə əsasən anomaliyanın yaranma səbəbini müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, daha əvvəl Hindistanda bir kənd sakinlərinin dişlərə bənzər çıxıntıları olan daşa sitayiş etməyə başladığı bildirilmişdi. Çayın sahilində uşaqlar tərəfindən qazılıb çıxarılan daş yerli sakinlərin diqqətini çəkib. Onlar daşın hansısa heyvanın çənəsinə bənzədiyini düşünüblər

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.