Nazir müavini: Neftdən asılılıq davamlı şəkildə azalır

Nazir müavini: Neftdən asılılıq davamlı şəkildə azalır

Büdcənin təhlili zamanı müşahidə etmək mümkündür ki, neftdən asılılıq davamlı şəkildə azalır.

Gundelik.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zaman deyib.

Nazir müavini qeyd edib ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi növbəti il üçün 17,1% həcmində olacaqdır: “Bu, cari ilə müqayisədə 1,7% bəndi azdır və qeyd etmək istərdim ki, fiskal qayda tətbiq olunandan bəri bu göstərici ən yaxşı göstəricidir. 29-cu ilə hədəfimiz bu göstəricinin 13%-ə, 30-cu ilə isə 12%-ə salınmasıdır.

Digər önəmli bir göstərici cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülmə nisbətidir. Növbəti il üçün cari xərclərimizin 90,1%-i qeyri-neft gəlirləri hesabına qarşılanacaqdır. Bu, 2026-cı ilə müqayisədə 2,1% bəndi çoxdur. 30-cu ilə isə hədəfimiz cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır.

İcmal büdcədə qeyri-neft gəlirlərinin payı növbəti il üçün 64,5%-ə çatacaqdır. Bu, 2026-cı ilə müqayisədə 1,5% bəndi çoxdur. 30-cu ilə hədəfimiz bu göstəricinin 70,4%-ə çatdırılmasıdır.

Növbəti il üçün xərclərimiz sosial-iqtisadi ehtiyaclara uyğun tərtib olunub. İcmal büdcə xərcləri qeyri-neft ÜDM-in 46,2%-inə bərabər olacaqdır. Növbəti ilin dövlət büdcəsi regionda ən investisiya yönümlü büdcə kimi xarakterizə olunur”.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.