Monteneqro sakinlərinin ruslara münasibəti ilə bağlı maraqlı açıqlama
Monteneqroda yaşayan Rusiya vətəndaşı yerli əhalinin ölkəyə gələn əcnəbilərə, xüsusilə ruslara münasibətinin necə olduğunu açıqlayıb.
Gundelik.az xəbər verir ki, Monteneqroluların ruslara qarşı əsl münasibətindən danışan qadın fikirlərini “Poleteli otdıxat!” adlı bloqda, “Zen” platformasında paylaşıb.
Monteneqroda altı il yaşayan bloq müəllifinin sözlərinə görə, yerli sakinlər rusları sevir və onlara qarşı isti münasibət bəsləyirlər.
“Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, burada ruslara çox isti münasibət göstərirlər. Söhbət etməyi, müxtəlif mövzuları müzakirə etməyi, qonaqlara nəsə ikram etməyi sevirlər. Qonağa rakı süzmək isə burada ilk növbədə görülən işlərdəndir”, – deyə Rusiyadan olan qadın bildirib.
Müəllifin fikrincə, Rusiya turistləri üçün viza rejiminin tətbiq edilməsi Monteneqronun turizm sektoruna ciddi zərər vurmayacaq. Bununla belə, o, yerli əhalinin qonaqpərvərliyini yaxından görmək imkanının ruslar üçün xeyli çətinləşəcəyinə təəssüflənir.
Monteneqroya köçməyi planlaşdıranlara yerli dili öyrənməyi tövsiyə edən qadın ölkədəki bəzi gündəlik çətinliklərə də diqqət çəkib. Onun sözlərinə görə, supermarketlərdə hazır yemək tapmaq mümkün olmaya bilər, keyfiyyətli və ixtisaslaşmış tibbi yardım almaq isə yalnız paytaxtda mümkün olur.
Xatırladaq ki, daha əvvəl Rusiya vətəndaşları üçün Monteneqroya elektron vizaların tətbiq ediləcəyi tarixlər açıqlanıb. Viza rəsmiləşdirilməsi ilə bağlı şərtlər artıq ölkənin qanunvericiliyinə daxil edilib.
Nuri
Gundelik.az