Gülçin Aslanlı Könül Xasıyeva haqqında: “Sənətin divarları yoxdur, sənətkarın olduğu hər yer səhnədir”
Son günlər Azərbaycan Respublikasının Xalq artisti, görkəmli muğam ifaçısı Könül Xasıyevanın restoran məkanlarından birində çıxış etməsi ətrafında yaranmış müzakirələri izləyirəm. Səsləndirilən müxtəlif fikirlər məni bir sənət insanı və mədəniyyət sahəsində fəaliyyət göstərən şəxs kimi düşündürür.
Mənim üçün bu məsələnin mahiyyəti yalnız bir sənətkarın harada çıxış etməsi deyil. Burada daha mühüm bir sual var: Biz sənətə və sənətkara hansı meyarlarla dəyər veririk?
Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Könül Xasıyeva Azərbaycan muğam sənətinin sevilən və dəyərli nümayəndələrindən biridir. Onun illər ərzində formalaşdırdığı ifaçılıq məktəbi, özünəməxsus səsi, muğamımıza göstərdiyi xidmət və dinləyicilərin qəlbində qazandığı sevgi bir günlük hadisə ilə qiymətləndirilə bilməz.
Şəxsən mən Könül xanımın sənətinə böyük sevgi və ehtiramla yanaşıram. O, milli musiqimizin zənginliyini öz səsində yaşadan, sənətə ömrünü həsr etmiş xanəndələrimizdəndir. Belə sənətkarlarımıza münasibətimiz yalnız onların hansı səhnədə çıxış etməsi ilə deyil, Azərbaycan mədəniyyətinə verdikləri töhfələrlə müəyyən olunmalıdır.
Mən hər zaman düşünmüşəm ki, sənətin divarları yoxdur, sənətkarın olduğu hər yer səhnədir.
Muğam bizim milli-mənəvi sərvətimizdir. O, xalqımızın tarixini, duyğularını, sevincini, kədərini və mənəvi dünyasını özündə yaşadır. Əsrlər boyu nəsildən-nəslə ötürülən bu sənət yalnız möhtəşəm konsert salonlarına deyil, xalqın özünə məxsusdur.
Əlbəttə, muğamın yüksək sənət meyarları əsasında təqdim olunması son dərəcə vacibdir. Lakin mən hesab edirəm ki, sənətin dəyərini onu əhatə edən divarlar deyil, ifanın keyfiyyəti, sənətkarın peşəkarlığı və dinləyiciyə ötürdüyü mənəvi zənginlik müəyyən etməlidir.
Bir sənətkarın illərlə qazandığı hörməti onun çıxış etdiyi bir məkan üzərindən mühakimə etmək nə dərəcədə ədalətlidir?
Biz bəzən sənət adamlarından çox şey gözləyirik. Onların hər zaman zirvədə olmasını, daim mükəmməl görünməsini, yalnız bizim uyğun hesab etdiyimiz məkanlarda çıxış etməsini istəyirik. Lakin unutmamalıyıq ki, sənətkar da insandır. Onun da öz həyatı, qərarları və peşəkar seçimləri var.
Sənətkara hörmət etmək onun bütün seçimləri ilə mütləq razılaşmaq demək deyil. Fərqli fikirlər ola bilər və hər kəs öz münasibətini bildirə bilər. Ancaq bu münasibət illərin zəhmətini, sənət yolunu və insani ləyaqəti kölgədə qoymamalıdır.
Bu məqamda Xalq şairimiz Cabir Novruzun dillər əzbəri olmuş bir fikrini xatırlamaq istəyirəm:
“Sağlığında qiymət verin insanlara”.
Nə qədər sadə, eyni zamanda nə qədər dərin mənası olan bir çağırışdır.
Məncə, bu sözlər xüsusilə sənətkarlarımıza münasibətdə hər zaman xatırlanmalıdır.
Biz böyük sənətkarlarımızı yalnız yubileylərində, xatirə gecələrində və ya dünyalarını dəyişdikdən sonra deyil, məhz sağlıqlarında dəyərləndirməyi bacarmalıyıq.
Onların sənətini dinləməli, yaradıcılığını təbliğ etməli, əməyinə hörmət göstərməli, gənc nəsillərə tanıtmalı və cəmiyyət olaraq mənəvi dəstəyimizi əsirgəməməliyik.
Sənətkarın sağlığında gördüyü hörmət, eşitdiyi xoş söz və hiss etdiyi sevgi bəzən ən böyük mükafatdır.
Azərbaycan muğamının qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən mühüm işləri də bu məqamda xüsusi qeyd etmək istərdim.
Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsimizə, xüsusilə muğam sənətinin qorunmasına və inkişafına göstərdiyi diqqət bu istiqamətdə mühüm rol oynayıb.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqələrinin, beynəlxalq festivalların, musiqi albomlarının və müxtəlif mədəni layihələrin həyata keçirilməsi milli musiqimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan muğamının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi də bu sənətin ümumbəşəri mədəni dəyərinin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir.
Məhz belə təşəbbüslər bizə bir həqiqəti xatırladır: Muğamı qorumaq yalnız onun ənənələrini yaşatmaq deyil, həm də bu sənəti yaşadan insanlara dəyər verməkdir.
Muğam sənətimizin inkişafına göstərilən böyük diqqətin cəmiyyətdə də sənətkarlarımıza qarşı sevgi, ehtiram və anlayışla davam etməsini arzulayıram.
Bir heykəltəraş olaraq yaxşı bilirəm ki, hər sənət əsərinin arxasında illərin əməyi, yuxusuz gecələr, böyük səbir və insanın öz dünyasından verdiyi bir parça dayanır. Musiqidə də belədir. Bir xanəndənin səsində yalnız notlar deyil, onun keçdiyi sənət yolu, yaşadığı hisslər və illərlə qazandığı təcrübə yaşayır.
Bu səbəbdən mən sənət insanlarına münasibətdə daha həssas və anlayışlı olmağımızın tərəfdarıyam.
Rəhbərlik etdiyim ASLANLI MUSEUM Mədəniyyət və Yaradıcılıq Mərkəzinin fəaliyyətində də əsas məqsədlərimdən biri sənətə, yaradıcı insanlara və milli-mədəni dəyərlərimizə hörmətin təbliğidir. İnanıram ki, mədəniyyət yalnız sərgilərdə, muzeylərdə və konsert salonlarında deyil, insanların düşüncəsində, bir-birinə münasibətində və göstərdiyi ehtiramda da yaşamalıdır.
Könül Xasıyeva kimi sənətkarlarımız bizim milli musiqi yaddaşımızın dəyərli nümayəndələridir. Onların sənətini sevmək, qorumaq və gələcək nəsillərə tanıtmaq hər birimizin mənəvi məsuliyyətidir.
Mən Könül xanıma böyük sevgimi, səmimi ehtiramımı bildirir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, onun səsi hələ uzun illər səhnələrimizdən eşidilsin, muğamsevərlərin qəlbinə yol tapsın.
Unutmayaq ki, sənətkarın böyüklüyünü səhnənin ölçüsü deyil, xalqın qəlbində tutduğu yer müəyyən edir.
Sənətin divarları yoxdur. Sənətkarın olduğu hər yer səhnədir.
Gülçin Aslanlı
Heykəltəraş
ASLANLI MUSEUM Mədəniyyət və Yaradıcılıq Mərkəzinin təsisçisi və direktoru