15-ci mərtəbədən yıxılan rusiyalı turist sağ qaldı

15-ci mərtəbədən yıxılan rusiyalı turist sağ qaldı

Taylandda Rusiyadan olan turist 15-ci mərtəbədən üzgüçülük hovuzuna düşərək sağ qalıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalına istinadən məlumat yayılıb.

Hadisə Pattaya şəhərinin Pratamnak rayonunda baş verib. Məlumata görə, Rusiya vətəndaşı 30-40 metr hündürlükdən yıxılıb. Onu binanın dördüncü mərtəbəsi səviyyəsində yerləşən hovuzda aşkarlayıblar.

Kişi xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir. “Shot” nəşrinin məlumatına görə, zərərçəkmiş huşunu itirməsə də, demək olar ki, aydın danışa bilməyib.

Polisin ilkin ehtimalına görə, turist yıxılmadan əvvəl narkotik maddə və spirtli içki qəbul etmiş ola bilər. Təmir işlərinin aparıldığı 15-ci mərtəbədə qoruyucu məhəccərlərin olmadığı bildirilir.

Hadisə yerində kişinin paltarları, ayaqqabıları və qatlanan stul aşkarlanıb. Rusiyalı turistin qaldığı otaqda isə siqaret çəkmək üçün ləvazimatlar tapılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Xatırladaq ki, daha əvvəl Norveçdən olan turist də Taylandın Pattaya kurortunda otelin balkonundan yıxıldıqdan sonra möcüzə nəticəsində sağ qalmışdı.

29 yaşlı Kato Larseni otelin binasının arxasında, divarla kollar arasındakı dar boşluqda aşkarlamışdılar. Sərxoş vəziyyətdə olan kişi qışqırır və köməkdən imtina edirdi. Nəticədə xilasedicilər onu xəstəxanaya çatdıraraq ətraflı tibbi müayinədən keçirə bilmişdilər.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.