“Mançester Yunayted”də baş məşqçi böhranı - Kerrikin gələcəyi sual altındadır
İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi Maykl Kerrikin gələcəyi ilə bağlı ciddi müzakirələr başlayıb. Komandanın uğursuz nəticələri və Premyer Liqada turnir cədvəlinin aşağı pillələrində qərarlaşması klub rəhbərliyini alternativ namizədləri nəzərdən keçirməyə vadar edib.
Gundelik.az xəbər verir ki, “The Times” nəşrinin məlumatına görə, klub rəhbərliyi Kerrik və onun köməkçisi Stiv Hollandın komandadakı vəziyyəti dəyişə biləcəyinə şübhə ilə yanaşır.
Bildirilir ki, klubun futbol direktoru Ceyson Uilkok və baş icraçı direktor Omar Berrada mümkün baş məşqçi dəyişikliyi ilə bağlı variantları qiymətləndirirlər.
Məlumata əsasən, “Mançester Yunayted”in yeni baş məşqçi postu üçün nəzərdən keçirdiyi namizədlər arasında Maurisio Poçettino, Unay Emeri, Eddi Hau və Yulian Naqelsmannın adları var.
Kerrikin rəhbərliyi altında komandanın nəticələri gözləntiləri doğrultmayıb. Bildirilir ki, “Mançester Yunayted” cari mövsümdə çempionatda cəmi bir qələbə qazanıb və turnir cədvəlində 18-ci pilləyə qədər geriləyib. Bu, klubun son 40 ildə ən uğursuz çempionat startlarından biri kimi qiymətləndirilir.
Komandada narazılıqların artmasına səbəb olan məqamlardan biri də kapitan Bruno Fernandeşin baş məşqçinin taktiki qərarlarını açıq şəkildə tənqid etməsi olub.
Bununla belə, Kerrikin taleyi ilə bağlı yekun qərarın klubun həmsahibləri Ser Cim Retkliff və Qleyzer ailəsinin razılığından sonra veriləcəyi bildirilir.
Nəşrin məlumatına görə, rəhbərlik mümkün qərarı komandanın noyabrın 22-də “Liverpul”la keçirəcəyi qarşılaşmadan əvvəl rəsmiləşdirməyi nəzərdən keçirir.
Qeyd edək ki, klub tərəfindən baş məşqçinin istefası ilə bağlı rəsmi açıqlama verilməyib. Hazırda müzakirə olunan variantlar mətbuat məlumatlarına əsaslanır.
Nuri
Gundelik.az