Bakıda akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO
Noyabrın 12-də Bakıda, Azərbaycanda Atatürk Mərkəzində görkəmli türkoloq, dilçi-alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş “Dədəmiz Dədə Mədəd” adlı publisistik toplu-kitabın təqdimat mərasimi keçirilib.
Gundelik.az xəbər verir ki, kitabın tərtibatçı-müəllifi “Nur” İnformasiya Agentliyinin redaktoru, şair-publisist Aygün Akınaydır.
Tədbirdə Milli Məclisin deputatları, alimlər, elm və mədəniyyət xadimləri, yazıçılar, şairlər, jurnalistlər, ictimaiyyət nümayəndələri, eləcə də akademik Mədəd Çobanovun ailə üzvləri və yetirmələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edənlər alimin Azərbaycan dilçiliyinin, türkoloji tədqiqatların, dialektologiya və onomastikanın inkişafına verdiyi töhfələrdən, elmi-pedaqoji fəaliyyətindən və milli dilin qorunmasındakı xidmətlərindən danışıblar.
Ədəbiyyatşünas Əsəd Cahangir tədbiri giriş sözü ilə açaraq kitabın əhəmiyyətini vurğulayıb. Filologiya elmləri doktoru, professor Salidə Şərifova “Akademik Mədəd Çobanov – Türk ədəbi dillərinin tədqiqatçısı” mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili Elman Nəsirov, professor Nurulla Əliyev və digər iştirakçılar da alimin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə Aygün Akınayın “Günəş çəkdim qaranlığa” adlı yeni şeirlər kitabı da təqdim olunub. Müəllif çıxışında kitabların hazırlanmasında əməyi olanlara və təqdimat mərasimində iştirak edənlərə təşəkkür edib.
Sonda qonaqlara kitablar hədiyyə olunub, xatirə fotoları çəkdirilib.
Foto qalereya
1 / 7