Alzheimer xəstəliyinin sirrinə bir addım daha yaxın: alimlərdən mühüm kəşf
Alzheimer xəstəliyinin inkişafında beynin immun müdafiə sisteminin mühüm rol oynadığı müəyyən edilib. Alimlər araşdırma zamanı xəstəliklə əlaqəli zərərli zülal yığıntılarının nəzarətdə saxlanmasına kömək edən CASS4 geninin funksiyasını üzə çıxarıblar.
“Gündəlik.az” xəbər verir ki, bu barədə ABŞ-nin Virciniya Universitetinin (UVA Health) tədqiqatına istinadən “ScienceDaily” nəşri məlumat yayıb.
Araşdırmaya görə, CASS4 geni beyində mikroqliya adlanan xüsusi immun hüceyrələrinin fəaliyyətini tənzimləməyə kömək edir. Bu hüceyrələr beynin müdafiə və təmizləmə sistemi kimi fəaliyyət göstərərək zərərli maddələrin toplanmasının qarşısını almağa çalışır.
Alimlər müəyyən ediblər ki, CASS4 geninin fəaliyyəti pozulduqda mikroqliya hüceyrələri amiloid-beta adlanan zülal yığıntılarını nəzarətdə saxlamaqda çətinlik çəkir. Nəticədə bu yığıntılar daha sürətlə artır, sinir hüceyrələri zədələnir və yaddaşla əlaqəli koqnitiv funksiyalar zəifləyir.
Tədqiqatın rəhbəri Con Lukensin sözlərinə görə, əldə olunan nəticələr Alzheimer xəstəliyinin yaranma mexanizmlərini daha dərindən anlamağa və gələcək müalicə üsulları üçün yeni hədəflər müəyyənləşdirməyə imkan yaradır.
Mütəxəssislər hesab edirlər ki, gələcəkdə CASS4 geninin fəaliyyətinin gücləndirilməsi və mikroqliya hüceyrələrinin qoruyucu funksiyasının yaxşılaşdırılması xəstəliklə mübarizədə yeni yanaşma ola bilər.
Qeyd edək ki, araşdırma laboratoriya siçanları üzərində aparılıb. Bu nəticələrin insanlarda da eyni təsirə malik olub-olmadığını müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var. Elmi iş “Journal of Experimental Medicine” jurnalında dərc edilib.
Nuri
Gundelik.az