ABŞ-də kişi ölümcül allergiyası olan qadını fıstıq yağı ilə öldürməyə cəhd edib
ABŞ-də 68 yaşlı kişi tanış qadını ölümcül allergiyası olduğu fıstıq yağı vasitəsilə zəhərləməyə cəhd göstərib. O, polis tərəfindən saxlanılıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Law & Crime” nəşri məlumat yayıb.
Hadisə 2025-ci ilin avqustunda baş verib. Cozef Kançellare kiçik adlı şəxs tanıdığı qadına şübhəli mavi zərf göndərib. Zərfin içərisində üzərinə qəhvəyi rəngli maddə sürtülmüş təbrik açıqcası olub.
Qadın açıqcanın üzərindəki maddənin fıstıq yağı olduğunu dərhal anlayıb. Onun fıstığa qarşı ölümcül allergiyası olduğundan zərfi kənara ataraq əllərini yumağa tələsib. Lakin buna baxmayaraq, qadının əllərində səpkilər yaranıb və narahatlıq hissi altı saat davam edib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və qısa müddətdə şübhəlinin kimliyini müəyyənləşdirib. Zərərçəkmiş qadın bildirib ki, Kançellare onun ən yaxın rəfiqəsinin keçmiş həyat yoldaşı olub.
Məlumata görə, cütlüyün boşanma prosesi qalmaqallı keçib. Qadının ehtimalına əsasən, kişi məhz bu səbəbdən ona hücum etmək qərarına gəlib.
Zərərçəkmiş həmçinin bildirib ki, Kançellare onun fıstığa qarşı allergiyasından xəbərdar olub. Belə ki, onlar dəfələrlə birlikdə restoranlarda olublar və qadın hər dəfə ofisiantlara fıstıq məhsullarına qarşı allergiyası olduğunu bildirib.
Kançellare girov müqabilində sərbəst buraxılıb. Hazırda o, məhkəmə prosesini gözləyir.
Qeyd edək ki, daha əvvəl Tayvanda bir qadının sevgilisindən ayrılmaq istəmədiyi üçün onu üç dəfə siçovul zəhəri ilə zəhərləməyə cəhd göstərdiyi barədə məlumat yayılmışdı. Qadın bu yolla sevgilisinin evə qayıtmasına mane olmağa çalışıb.
Nuri
Gundelik.az