İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Xaricdə təhsil hindistanlı tələbələr üçün niyə çətinləşir?

Uzun illər diqqətlə plan qurduqdan sonra Hindistanın şərqindəki Carkhand ştatından olan 29 yaşlı məzmun yaradıcısı Praqati Priya nəhayət bu il xaricdə magistr təhsili almağa qərar verib.

Priya sentyabr ayında İtaliyanın paytaxtı Roma şəhərinə gedərək qlobal iqtisadi məsələlər üzrə təhsil alacaq. O ümid edir ki, bu addım gələcəkdə Avropada daha yaxşı iş imkanları qazanmasına kömək edəcək.

Gələcəyi ilə bağlı həyəcanlı olsa da, qərarının düzgün olub-olmadığı barədə düşünür. Son aylarda Hindistan rupisinin avro da daxil olmaqla bir çox xarici valyuta qarşısında dəyərdən düşməsi onun təhsil üçün götürməli olduğu kredit məbləğini xeyli artırıb.

“Bu məsələ gecələr yuxumu qaçırır. Ömrüm boyu ödəyə bilməyəcəyim tələbə borcu yükünün altına girmək istəmirəm”, – deyə Priya bildirib.

Onun narahatlığı hər il təhsil almaq üçün Avropa, Şimali Amerika və Avstraliyaya üz tutan yüz minlərlə orta təbəqədən olan hindistanlı tələbənin hisslərini əks etdirir.

2025-ci ildə xaricdə ali təhsil alan hindistanlı tələbələrin sayı 1,2 milyonu ötüb. Hindistan bir neçə il əvvəl xaricə ən çox tələbə göndərən ölkə kimi Çini geridə qoyub.

Lakin milli valyutanın zəifləməsi, ABŞ və Avropada iş tapmağın çətinləşməsi, viza tələblərinin sərtləşdirilməsi və immiqrasiya məhdudiyyətləri bir çox ailəni böyük borc götürərək xaricdə təhsil almağın dəyərli olub-olmadığını yenidən düşünməyə vadar edir.

“Planlarımdan imtina etməyi də düşündüm. Amma valideynlərim və bacım mənə dəstək olacaqlarına söz verdilər. Bu riski götürməyimin yeganə səbəbi budur”, – Priya deyib.

Ancaq bir çox ailənin belə dəstək vermək imkanı yoxdur. Bu da sentyabr ayı üçün universitetlərə qəbul müraciətlərinin azalmasında özünü göstərir.

Xaricdə təhsil məsləhətləri verən bir şirkətin rəhbəri Suşil Suxvani bildirib ki, bazarda artıq yavaşlama açıq şəkildə hiss olunur.

“Son iki ildə Böyük Britaniya və ABŞ-a gedən tələbələrin sayı təxminən 20 faiz azalıb. Qarşıdakı illərdə bunun daha 10-15 faiz azalacağını gözləyirəm”, – o deyib.

Sərtləşən viza qaydaları artıq ciddi təsir göstərib. Böyük Britaniyada universitetlərin 76 faizi yanvar qəbulunda hindistanlı tələbələrin sayının azaldığını bildirib. ABŞ-da isə 2025-ci ilin fevralından 2026-cı ilin fevralına qədər tələbə qeydiyyatları təxminən 7 faiz aşağı düşüb.

Rupinin sürətlə dəyər itirməsi həm xaricə getməyi planlaşdıran tələbələrə, həm də artıq xaricdə oxuyanlara əlavə çətinliklər yaradır.

Suxvaninin sözlərinə görə, bir çox tələbə təhsil haqqının bir hissəsini əvvəlcədən ödəyib. Lakin rupi son bir ildə ABŞ dolları qarşısında 10 faizdən çox dəyər itirdiyi üçün onlar qalan ödənişləri qarşılamaq məqsədilə əlavə kredit götürməyə və yeni maliyyə mənbələri axtarmağa məcbur olurlar.

Onun hesablamalarına görə, 2019-cu ildən bəri Hindistan rupisi əsas təhsil ölkələrinin valyutaları qarşısında 35-47 faiz arasında dəyər itirib.

Xaricdə qalıb iş tapan bəzi məzunların gəlirləri artsa da, beynəlxalq tələbələr üçün peşələrinə uyğun iş tapmaq getdikcə çətinləşir.

Vaşinqtonda fəaliyyət göstərən Hindistanlı Tələbələrin Şimali Amerika Birliyinin rəhbəri Sudhanşu Kauşik deyir:

“Onlar ixtisaslarına uyğun peşəkar iş tapmaq ümidi ilə gəlirlər, amma çox vaxt müvəqqəti və qısamüddətli işlərdə çalışırlar. Əvvəllər bu işlər təhsil xərclərini ödəməyə kömək edirdi. İndi isə bir çox məzun həmin işləri daimi məşğulluq kimi davam etdirmək məcburiyyətində qalır.”

Bu vəziyyət xüsusilə imkanlı orta təbəqə ailələrinin risk etmək istəyini azaldır. Çünki zəifləmiş rupi xaricdə təhsili əvvəlkindən daha baha edib.

Bununla belə, xaricdə təhsil almağa maraq hələ də yüksəkdir.

2026-cı il üzrə Qlobal Tələbə Axınları Hesabatına görə, ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada təhsil alan hindistanlı tələbələrin sayı 2030-cu ilə qədər hər il orta hesabla 0,5 faiz azalacaq.

Eyni zamanda yeni istiqamətlərə maraq artır.

Mütəxəssislərin fikrincə, Almaniya, İrlandiya, İtaliya və digər Avropa ölkələri daha aşağı təhsil haqları, məzun olduqdan sonra işləmək imkanları, yaxşı məşğulluq perspektivləri və ümumilikdə daha sərfəli xərclər səbəbindən hindistanlı tələbələr üçün daha cəlbedici görünür.

Praqati Priya da məhz buna görə Böyük Britaniya və ABŞ əvəzinə İtaliyanı seçib.

Onun sözlərinə görə, İtaliyada təhsil haqqı Böyük Britaniyada ödəyəcəyi məbləğin təxminən yarısı qədərdir. ABŞ isə onun üçün uyğun seçim olmayıb, çünki orada magistr təhsili iki il çəkəcəkdi, Romada isə proqram cəmi bir il davam edir.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər ABŞ və Böyük Britaniya üçün narahatedici siqnaldır. Çünki hər iki ölkə uzun illər ərzində dünyanın ən güclü ali təhsil mərkəzlərindən biri olub və Hindistan onların əsas beynəlxalq tələbə mənbələrindən sayılır.

Kauşikin sözlərinə görə, valyutanın zəifləməsi, əmək bazarındakı problemlər, süni intellektin yüksəlişi, viza çətinlikləri və ABŞ hökumətinin siyasəti birlikdə çox mürəkkəb vəziyyət yaradıb.

“Heç kim qazanmır. Tələbələr zərər görür, universitetlər zərər görür, universitet şəhərləri zərər görür, bütövlükdə iqtisadiyyat da zərər çəkir”, – o bildirib.

Onun fikrincə, xüsusilə ABŞ uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən gəncləri cəlb edən və ölkəyə həm nüfuz, həm də böyük gəlir qazandıran ali təhsil üstünlüyünü tədricən itirmək təhlükəsi ilə üzləşir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az