Xəyal qurmaq normal və faydalı zehni fəaliyyətdir. Lakin insan xəyallarını idarə edə bilmədikdə və bu vəziyyət gündəlik həyatına mane olmağa başladıqda problemə çevrilir.
Bu vəziyyət uyğunsuz xəyal qurma adlandırılır. Psixiatr və tədqiqatçı Kolin Rossun sözlərinə görə, bəzi insanlar gün ərzində saatlarla xəyallar aləminə qapılır. Ağır hallarda bu müddət 12 saata qədər çatır.
Xəyal qurmaq nə vaxt problem olur?
Tədqiqatçılar hesab edirlər ki, xəyal qurmaq yaradıcılığa, empatiyaya və emosiyaların tənzimlənməsinə kömək edir. Problem insanın xəyallar üzərində nəzarəti itirməsi ilə başlayır.
Psixoloq Eli Somer bunu belə izah edir: insan artıq fantaziyanı idarə edə bilmədikdə, fantaziya insanı idarə etməyə başlayır.
Uyğunsuz xəyal quran insanlar işlərini və dərslərini təxirə salır, sosial münasibətlərdən uzaqlaşır və real həyatdakı məqsədlərinə maraqlarını itirir. Xəyalları dayandırdıqdan sonra isə vaxt itirdiklərini düşünərək peşmanlıq və utanc hiss edə bilərlər.
Xəyallar necə asılılığa çevrilir?
Bəzi insanlar xəyalları tənhalıq, stress, travma və qarşılanmamış emosional ehtiyaclarla mübarizə aparmaq üçün istifadə edirlər. Real həyatda özünü uğursuz və ya sevilməyən hiss edən insan xəyallarında məşhur, uğurlu və sevilən bir obraz yaradır.
Mütəxəssislərin fikrincə, bu vəziyyət xüsusilə uşaqlıqda yaşanan laqeydlik, emosional zorakılıq və bağlanma problemləri ilə əlaqəlidir. Depressiya, narahatlıq, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu, həmçinin obsesiv-kompulsiv pozuntu ilə də oxşar xüsusiyyətlər müşahidə edilir.
Uyğunsuz xəyal qurma zamanı insanlar bəzən musiqi dinləmək, irəli-geri gəzmək və ya yellənmək kimi təkrarlanan hərəkətlərdən də istifadə edirlər.
Müalicəsi mümkündürmü?
Uyğunsuz xəyal qurma hazırda ayrıca rəsmi diaqnoz kimi tanınmır və buna görə standart müalicə üsulu yoxdur. Bununla belə, ilkin araşdırmalar məqsədyönlü psixoterapiyanın faydalı ola biləcəyini göstərir.
Mütəxəssislər müalicənin məqsədinin xəyal qurma qabiliyyətini tamamilə aradan qaldırmaq olmadığını vurğulayırlar. Əsas məqsəd insanın öz xəyalları üzərində nəzarəti bərpa etməsi və onların real həyatın yerini tutmasının qarşısını almasıdır.
İnsanın özü də xəyal qurmağa sərf etdiyi vaxtı qeyd edə, onu tətikləyən amilləri müəyyənləşdirə, musiqi kimi tetikleyicilərdən uzaqlaşa və vaxtını yeni fəaliyyət və hobbilərlə doldura bilər.
Əgər xəyallar işə, təhsilə, sosial münasibətlərə və gündəlik həyata ciddi şəkildə mane olursa, psixoloq və ya psixiatrla məsləhətləşmək tövsiyə olunur.
Xəyal qurmaq problem deyil. Problem xəyalların insanın həyatını idarə etməyə başlamasıdır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

