ABŞ alimləri siçanlar üzərində apardıqları təcrübələrdə melanoma, mədəaltı vəzi və üçlü mənfi döş xərçənginin böyüməsini və yayılmasını tamamilə əngəlləyə bilən yeni “nanohissəciklərə əsaslanan super peyvənd” hazırlayıblar.
Gundelik.az xəbər verir ki, Massaçusets Amherst Universitetinin Biotibbi Mühəndislik Departamentinin apardığı araşdırmanın nəticələrinə görə, peyvənd tətbiq edilən siçanların 88 faizində şişin tamamilə yox olduğu müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, bu peyvənd həm mövcud şişləri kiçildərək yox edə, həm də xərçəngin yenidən yaranmasının qarşısını ala bilər.
Tədqiqatın aparıcı müəllifi professor Prabhani Atukorale bildirib ki, hazırlanan nanohissəciklər immun sistemini müxtəlif mexanizmlərlə aktivləşdirərək xərçənglə əlaqəli antigenləri tanımağa imkan verir və bununla da şişin böyüməsini effektiv şəkildə dayandırır.
Ənənəvi xərçəng peyvəndlərinin çətinliyi uyğun köməkçi tapmaqda idi. Alimlər bu problemi həll etmək üçün iki fərqli köməkçidən ibarət “lipid nanohissəciklərə əsaslanan super köməkçi” texnologiyası hazırlayıblar. Bu üsul immun sisteminə xərçəng hüceyrələrini daha güclü və dəqiq şəkildə tanımağa və məhv etməyə şərait yaradır.
Aparılan sınaqlarda super peyvəndin təsiri adi peyvəndlə müqayisədə xeyli yüksək olub. Super peyvənd alan siçanların 80 faizi melanomaya qarşı tam qorunma əldə edib, adi peyvənd verilən siçanların isə heç biri 35 gündən çox yaşaya bilməyib. Həmçinin ağciyərlərə metastazın (xərçəngin yayılmasının) qarşısı tam şəkildə alınıb.
Tədqiqatın ikinci mərhələsində alimlər daha real sınaq üçün birbaşa şişdən götürülmüş ölü xərçəng hüceyrələrindən istifadə ediblər. Nəticədə mədəaltı vəzi xərçəngində 88 faiz, döş xərçəngində 75 faiz, melanomada isə 69 faiz hallarda şişin tam rədd edilməsi müşahidə olunub. Siçanların heç birində xərçəng bədənin digər hissələrinə yayılmayıb.
Araşdırmanın nəticələri Cell Reports Medicine jurnalında dərc olunub. Alimlər hesab edirlər ki, bu peyvənd insan üzərində sınaqlardan uğurla keçərsə, müxtəlif xərçəng növlərinə qarşı universal müalicə platformasına çevrilə bilər.
Tədqiqatın həmmüəllifi Dr. Qriffin Keyn qeyd edib ki, peyvəndin şişə qarşı xüsusi T-hüceyrə reaksiyaları yaratmaq qabiliyyəti sağ qalma göstəricilərini yüksəldən əsas amildir. Mütəxəssislər bildirirlər ki, texnologiya klinik sınaqlara keçərsə, bu, xərçəngin yayılmasının qarşısını tamamilə ala biləcək ilk müalicə üsullarından biri ola bilər.
Gundelik.az
