Bu ilin oktyabr ayından “Wizz Air” Bakı – Bratislava marşrutu üzrə birbaşa reyslərə start verəcək.
Gundelik.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq uçuş şəbəkəsini ardıcıl şəkildə genişləndirərək sərnişinlər üçün daha çox seçim və daha əlçatan səyahət imkanları yaradır. Vurğulanlb ki, hazırda hava limanında fəaliyyət göstərən aviaşirkətlərin təxminən yarısını aşağıbüdcəli və hibrid biznes modeli ilə fəaliyyət göstərən aviadaşıyıcılar təşkil edir.
“Bu gün 20-yə yaxın aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan 20-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirir. “Wizz Air”, “Pegasus Airlines”, “Air Arabia”, “flydubai”, “flynas” və digər aviadaşıyıcılar vasitəsilə sərnişinlər Budapeşt, Roma, İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə səyahət edə bilirlər. Müxtəlif tarif modelləri və çevik uçuş cədvəlləri fərqli büdcə və səyahət ehtiyaclarına uyğun seçim imkanı təqdim edir.
2026-cı ildə marşrut şəbəkəsi yeni istiqamətlərlə genişlənməyə davam edib. “FLYONE Asia” Daşkənd, “FLYONE” isə Kişinau istiqaməti üzrə müntəzəm uçuşlara başlayıb. Bundan əlavə, cari ilin oktyabr ayından “Wizz Air” Bakı – Bratislava marşrutu üzrə birbaşa reyslərə start verəcək.
Yeni aviaşirkətlərin və marşrutların cəlb edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl inkişaf strategiyasının tərkib hissəsidir. Bu, sərnişinlər üçün daha geniş marşrut və tarif seçimi yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq hava nəqliyyatı şəbəkəsində əlaqəliliyinin güclənməsinə töhfə verir”, – məlumatda qeyd edilib.

