Gundelik.az Dünya WhatsApp-da rəhbərlik dəyişdi
Dünya Xəbərlər

WhatsApp-da rəhbərlik dəyişdi

Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp-da mühüm rəhbərlik dəyişikliyi baş verib. Təxminən yeddi il ərzində tətbiqə rəhbərlik edən Will Cathcart vəzifəsindən ayrıldığını açıqlayıb.

Cathcart sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, WhatsApp hazırda tarixinin ən güclü dövrlərindən birini yaşayır və rəhbərliyi təhvil vermək üçün uyğun vaxtın yetişdiyini düşünür. O, Meta şirkətindən ayrılmayacaq və şirkət daxilində başqa vəzifədə fəaliyyətini davam etdirəcək.

Yeni rəhbər Kunal Shah oldu

WhatsApp-ın yeni rəhbəri Hindistanın maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən CRED şirkətinin qurucusu Kunal Shah təyin edilib.

Meta-nın baş direktoru Mark Zuckerberg bu təyinatla bağlı bildirib ki, Shah Hindistanın ən uğurlu texnologiya şirkətlərindən birini qurub və həm qlobal baxışa, həm də yenilikçi düşüncə tərzinə malikdir. Zuckerberg onun WhatsApp-ın gələcək inkişafında mühüm rol oynayacağına inandığını vurğulayıb.

Meta CRED-ə 900 milyon dollar sərmayə qoydu

Rəhbərlik dəyişikliyi ilə eyni vaxtda Meta, Kunal Shahın qurduğu CRED şirkətinə 900 milyon dollar investisiya yatıraraq şirkətin təxminən 20 faiz payına sahib olub.

Şah bildirib ki, Meta yalnız azlıq səhmdarı kimi iştirak edəcək və CRED istifadəçilərinin məlumatlarına çıxış əldə etməyəcək. O, məlumatların məxfiliyinin qorunmasının əsas prinsip olaraq qalacağını qeyd edib.

Bu dəyişiklik nə deməkdir?

Mütəxəssislərin fikrincə, bu qərarın arxasında Meta-nın Hindistan bazarında mövqeyini daha da gücləndirmək istəyi dayanır. Təxminən 853 milyon istifadəçi ilə Hindistan WhatsApp-ın dünyadakı ən böyük bazarı hesab olunur.

Meta son illərdə WhatsApp vasitəsilə gəlirlərini artırmağa çalışır. Şirkət reklamlar, ödənişli xidmətlər, biznes alətləri və süni intellekt funksiyalarını genişləndirərək tətbiqi sadəcə mesajlaşma platforması deyil, daha böyük rəqəmsal ekosistemə çevirməyi hədəfləyir.

İstifadəçiləri nə gözləyir?

Qısa müddətdə adi istifadəçilər üçün ciddi dəyişikliklər gözlənilmir. Lakin gələcəkdə WhatsApp-da:

daha inkişaf etmiş ödəniş sistemləri,

biznes xidmətləri,

süni intellekt əsaslı funksiyalar,

yeni kommersiya imkanları

kimi yeniliklərin tətbiq olunacağı ehtimal edilir.

Hazırda isə WhatsApp-ın məxfilik siyasətində və ya şifrələmə sistemində hər hansı dəyişiklik ediləcəyi barədə rəsmi məlumat verilməyib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version