Yeni dərs ilinin başlamasına az vaxt qalmış mütəxəssislər valideynlərə uşaqların gündəlik rejiminə diqqət etməyi tövsiyə edirlər. Tətil zamanı pozulan yuxu rejimi, ekran qarşısında keçirilən vaxtın artması və dəyişən gündəlik vərdişlər uşaqların məktəbə uyğunlaşmasını çətinləşdirir.
Uşaqların məktəb rejiminə birdən keçməsi səhərlər çətin oyanma, gün ərzində yorğunluq, diqqət dağınıqlığı və narahatlıq yaradır. Uşaq və yeniyetmə psixi sağlamlığı üzrə mütəxəssis Özge Çelik Büyükceran bildirir ki, məktəbə hazırlıq yalnız dəftərxana ləvazimatlarının alınması ilə məhdudlaşmamalı, uşaqlar həm fiziki, həm də emosional baxımdan yeni dərs ilinə hazırlanmalıdır.
Mütəxəssislər yuxu və oyanma saatlarının məktəb başlamazdan ən azı bir həftə əvvəl tədricən dəyişdirilməsini məsləhət görür. Yatma vaxtını hər gün 15-30 dəqiqə erkənə çəkmək, səhərlər gün işığından yararlanmaq, hərəkət etmək və səhər yeməyini məktəb rejiminə uyğunlaşdırmaq tövsiyə olunur.
Axşam saatlarında telefon, planşet və kompüterdən istifadə də yuxuya getməyi çətinləşdirir. Buna görə uşaqlar yatmazdan ən azı 1 saat əvvəl ekranlardan uzaq qalmalıdır. Mümkünsə, telefon və planşetlər yataq otağında saxlanılmamalıdır.
Məktəbə yeni başlayacaq uşaqlarda həyəcan və narahatlıq da yaranır. Qarın ağrısı, ürəkbulanma, ağlama, narahatlıq və valideyndən ayrılmaq istəməmək kimi əlamətlər müşahidə olunur. Valideynlər uşağın hisslərini kiçiltmək əvəzinə onu dinləməli və duyğularını ifadə etməsinə imkan verməlidir.
Uşağın məktəbə uyğunlaşması üçün 8 vacib addım:
Yuxu və oyanma saatlarını ən azı bir həftə əvvəl məktəb rejiminə uyğunlaşdırın.
Səhər oyanma vaxtını tədricən erkənə çəkin.
Yatmazdan ən azı 1 saat əvvəl ekran istifadəsini dayandırın.
Səhər yeməyi və digər qidalanma saatlarını məktəb rejiminə uyğunlaşdırın.
Məktəbə ilk dəfə gedəcək uşaqlara məktəb mühitini əvvəlcədən göstərin.
Çanta və geyimləri axşamdan hazırlayın.
Məktəb səhəri rutinini bir neçə gün əvvəl sınaqdan keçirin.
Uşağın narahatlıqlarını dinləyin və onu digər uşaqlarla müqayisə etməyin.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

