Gundelik.az Dünya “Volkswagen” 2030-cu ilə qədər süni intellektə 1 milyard avro sərmayə qoyacaq
Dünya Xəbərlər

“Volkswagen” 2030-cu ilə qədər süni intellektə 1 milyard avro sərmayə qoyacaq

Almaniyanın ən iri avtomobil istehsalçılarından biri olan “Volkswagen AG” 2030-cu ilə qədər süni intellekt (SI) texnologiyalarına 1 milyard avroya qədər investisiya yatırmağı planlaşdırır.

Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.

Şirkət bu barədə Münhendə keçirilən IAA Mobility beynəlxalq sərgisinin ilk günündə məlumat verib. Bildirilib ki, süni intellekt Volkswagen-in bütün biznes sahələrinə inteqrasiya olunacaq və bununla da istehsal və idarəetmə xərclərinə qənaət ediləcək.

Sərmayənin əsasən süni intellektlə işləyən avtomobillərin hazırlanmasına, sənaye tətbiqlərinin inkişafına, həmçinin yüksək performanslı İT infrastrukturunun gücləndirilməsinə yönəldiləcəyi açıqlanıb. Proqnozlara görə, 2035-ci ilə qədər SI texnologiyalarının tətbiqi şirkətə 4 milyard avroya qədər qənaət gətirəcək.

Volkswagen-in İT direktoru (CIO) Hauke Stars bildirib:
“Bizim üçün süni intellekt bütün dəyər zənciri boyunca – nəqliyyat vasitələrinin inkişafından istehsala qədər – daha yüksək sürət, keyfiyyət və rəqabət üstünlüyünün açarıdır.”

Hazırda Volkswagen həm Almaniyada, həm də Çində böyük dəyişikliklər mərhələsindən keçir. Şirkət yeni modellərin hazırlanmasına və xərclərin azaldılması proqramlarının icrasına diqqət yetirir. Bundan əlavə, 2026-cı ildən etibarən kiçik elektrikli avtomobillərin istehsalına başlayacağı və orta müddətli dövrdə bu seqmentdə hər il yüz minlərlə avtomobil satmağı planlaşdırdığı bildirilib.

“Volkswagen” səhmləri 9 sentyabrda 1,3% bahalaşıb, ilin əvvəlindən isə 14,3% artım göstərib.

Gundelik.az 

Exit mobile version