Almaniyanın məşhur avtomobil istehsalçısı “Volkswagen AG” 2026-cı ildən etibarən yeni kiçik elektrik avtomobil seriyasını bazara çıxaracaq.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Şirkət orta müddətli dövrdə bu seqmentdə hər il yüz minlərlə avtomobil satmağı planlaşdırır.
Rəsmi məlumata görə, yeni xəttə Volkswagen markası altında iki model, həmçinin konsernə daxil olan Cupra və Skoda markalarından bir model daxil olacaq. Avtomobillərin qiyməti 25 min avrodan başlayacaq.
Bütün modellər sürücüyə yardım sistemləri, müasir proqram təminatı və 450 km-ə qədər məsafə qət etməyə imkan verən akkumulyator texnologiyası ilə təchiz olunacaq.
Yeni elektrik avtomobillər bu həftə Münhendə keçiriləcək IAA Mobility beynəlxalq sərgisində ictimaiyyətə təqdim ediləcək.
Volkswagen kiçik elektrik avtomobil bazarında 20 faizlik paya sahib olmağı hədəfləyir. Şirkətin səhmləri bazar ertəsi ticarətində 1,2% bahalaşıb, ilin əvvəlindən bəri isə 11,3% artım qeydə alınıb.
Gundelik.az

