Gundelik.az Elm və təhsil Ədəbiyyat Vaqif Səmədoğu sənətinin təkrarsızlığı
Ədəbiyyat

Vaqif Səmədoğu sənətinin təkrarsızlığı

 Doğuldum 1939-da.

  1937-də tutuldum.

48-də nənəm öldü,

 ömrümdə ilk dəfə

 ölüyə ağladım.

 Balıqlar saxladım

 Akvariumda.

  Açıq qaldı pəncər

 bir qış gecəsi.

  Dondu balıqlar…

 İndi 1965-in

 Yanvar gecəsidir.

Deyəsən yaşamaq istəyirəm.

   “Hər oxuyan Molla Pənah olmaz” deyiblər. Hər şair də Vaqif olmur. Nə Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif… Vaqif Səmədoğlu yaradıcılığı poeziyazımızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. Əlli-əlli beş il bundan əvvəl Vaqifin ilk şeirləri meydana çıxanda bunu çox az adam başa düşürdü. İndi müqayisəedilməz dərəcədə çox adam başa düşür. Gün gələcək bunu başa düşməyən qalmayacaq. İlk şeirlərindən o, ədəbiyyatımıza əyalətçilik çəpərlərini aşaraq gəldi. Əyalətçilik yalnız coğrafi anlayış deyil, əyalətçilik zamanının ucqarında qalmaq, dövrün nəbzini duymamaq, dünyanın dərdinə, Füzuli demiş “qəmi aləmə” biganə qalmaqdır.

Ən uzaq əyalət insanın öz içindədir: planetin ən azman şəhərlərində yaşayıb mahiyyət etibarı ilə əyalət adamı ola bilərsən. Vaqif şəhərlidir, şəhər şairi deyil, kənd şairi də olmadığı kimi, o dünyanı bütünlüklə-kül halında hər üzünə-şəhərinə, kəndinə, keçmişinə, indisinə, gələcəyinə, ağrısına, acısına, sevincinə-bir sözlə, hər sirrinə vaqif olan sənətkardır. Vaqif Səmədoğlunun vaqifliyi də bundadır.

Bu aləmə daxil olandan sonra görürsən ki, “mən qaranlıq deyiləm” deyən şairin yaşadığı dünya işıqlı, təmiz, zəngindir. Buruada əsl sevginin, həqiqi gözəlliyin nə olduğunu daha düzgün anlayırsan. Anlayırsan ki, şeir tənqid, tərif, tərənnüm, təbliğat vasitəsi deyilmiş. Şeir mənəvi  saflığın, gözəlliyin bir üzü imiş. Tənhalıq, sükut, yaddaş, ölüm, ayrılıq haqqında yeni söz eşidirsən. Mühitin zəmanənin yetişdirdiyi yox, Allahın yaratdığı böyük, əzəmətli, canlıların alisi-İnsanla rastlaşırsan.

Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairimizin,Vaqif Səmədoğlunun keçdiyi həyat yolunu oxuculara çatdırmaq və eyni zamanda  onun şeir dünyasından bir yarpaq qoparmağı özümüzə borc bildik.

Yaradıcılığı

Vəkilov Vaqif Səməd oğlu‎ şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), “Nəsimi” mükafatı laureatı (2014).

   Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994)

Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

Vaqif Səmədoğlu 1999-cu ildə Xalq şairi adına layiq görülmüş, 2004-cü ildə “Şöhrət”, 2009-cü ildə “Şərəf”, 2014 – cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdi.

2015-ci il yanvar ayının 28-də amansız xəstəlik bu böyük  sənətkarın həyatına son qoydu və o , Fəxri Xiyabanda dəfn olundu.

un Ev Muzeyində Vaqif Səmədoğlunun  həyat və yaradıcılığına həsr olunan ekspozisiya yaradılmışdır.

Vaqif Səmədoğlunun həyat yoldaşı – fəlsəfə doktoru Babayeva-Vəkilova Nüşabə Rəşid qızıdır. O, Vaqif Səmədoğlunun kitablarının tərtibatçısı və redaktoru olmaqla yanaşı onların işıq üzü görməsində böyük rol oynamışdır.2015-ci ildən S.Vurğunun Ev muzeyinin direktorudur.

Qızları-Vəkilova Nigar, Vəkilova Məhbub və Vəkilova Mirvaridir.

                       Mükafatları

            Azərbaycan Respublikasının Xalq Şairi

            “Əməkdar İncəsənət Xadimi”

             “İstiqlal” ordeni

              “Şərəf” ordeni

              “Humay” mükafatı laureatıdır (1998)

              “Nəsimi” mükafatı (2014)

                      Ailəsi

Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.

Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.

Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.

Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.

Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilovanın həyat yoldaşı

    Kitabları

            Yoldan teleqramlar. 1968

            Günü baxtı

            Mən burdayam, ilahi. 1996

            Uzaq, yaşıl ada. 1996

            Gürzəçöl yazıları. 2016

 

 Dram əsərləri

            Bəxt üzüyü

            İntizar

            Uca dağ başında

            Lotereya

            Yayda qartopu oyunu,

            Yaşıl eynəkli adam,

            Generalın son əmri,

            Mamoy kişinin yuxuları

Görkəmli şəxslərin Vaqif Səmədoğlu haqqında söylədikləri:

Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük xoşbəxtlikdir.

                                                    Heydər Əliyev,

                                                   Ümummilli lider

Məncə, Vaqifin  ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır, bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır.

                                                                        Anar,

                                                                       Xalq yazıçısı

Bir vaxt Səməd Vurğun yaradıcılığı ilə Vaqif bəy Səmədoğlunun yaradıcılığını üz-üzə qoymağa cəhd edənlər də vardı. Ədəbiyyatımızda heca vəzni ilə sərbəst şeiri üz-üzə qoyanlar da tapılmışdı. Mən o zaman həmin adamların bəzilərinə: – ədəbiyyatımızda bu sünni-şiə davasını salmaqda məqsədiniz nədir deyirdim. Vaqif bəy hansı vəzndə yazırsa-yazsın, mənim üçün onun hər bir şeiri yaradıcılıq nümunəsi idi.  Şair Vaqif bəy Səmədoğlu varlığa və Azadlığa sonsuz, bəlkə də oxucu üçün ifrat vurğun, Allahın dostu, ölümlə məzələnən gözəl bir İnsan, işıqlı bir Ulduzdur!

                                                             Əbülfəz Elçibəy,

                                                             Siyasi xadim

Vaqifin böyük şair olması başqa mövzudur, o, insan kimi böyük şəxsiyyət idi. O, həyatda kim idisə, şeirlərində də o idi..

                                                        Fikrət Qoca,

                                                        Xalq şairi

Vaqif bəy Avropa səviyyəli şairdir. Və ən qəribəsi də budur ki, Vaqif bəy öz şairliyinin səviyyəsini yaxşı bilən şairdir.

                                               Kamil Vəli  Nərimanoğlu,

                                               Filologiya elmləri doktoru

Vaqifin qəhrəmanı bütün kitab boyu tənha adamdır, tənha şəxsiyyətdir.  Bu onun poeziyasının güclü tərəfidir.

                                                   Şamil Salmanov,

                                                   Ədəbiyyyatşünas-alim

Vaqif Səmədoğlu dəyərli  insan, gözəl şair idi. Qeyri-adi təfəkkür və istedad sahibi idi. Görkəmli atanın görkəmli oğlu Vaqif Səmədoğlunun ədəbiyyata töhfəsi əvəzsizdir. O, həmin görkəmli şəxsiyyətlərdən idi ki, yaradıcılığı bəşəriyyətin xeyirxahlığına işıq salırdı.

                                                     Roman Quryeviç,

                                                     AYB İsrail şöbəsinin sədri

Görəsən, Vaqif Səmədoğlunun elə bir şeiri varmı ki, zamanında uğurla qarşılansın və üstündən illər keçəndən sonra müasirliyini itirmiş olsun, yəni “vaxtın şeiri” kimi ömrünü başa vursun?  Yoxdur və Vaqif Səmədoğlunun əksər şeirləri  yazıldığı zamanı bitməyən şeirlərdir. Burada vaxt və zaman söhbətini bitirək.

                                              Vaqif Yusifli,

                                              Filologiya elmləri doktoru

                              Ana yurdum, torpağında

                              Bir ləpir izim qalmadı.

                              Doğuldu,öldü şairin

                              Sənin xəbərin olmadı.

Poeziya duadan başlayır. Başqa sayaq da demək olar. Tarixdən məlumdur ki, poeziya dua kimi başlanmışdır. Bir sənət növü kimi, bədii söz kimi dua şəklində meydana gəlmişdir. Buna qədim Tövrat, incil, Quran mətnləri də misaldır, Şaman ayinləri də…

                  Allaha inanan gecəmdir yenə

                  Şeir oxuyuram dua yerinə.

Poeziya şairin Allahla söhbətidir. Qəribə dioloqdur bu. Şair Allaha müraciət edir:

                   Allah, bir az da möhlət ver,

                   Öldürmə, sağ saxla yenə.

                   Beş-on yazılmamış şeirim

                   Beş-on duam qalıb sənə…

Şair ulu tanrıya yalvarır, ondan nə isə gözləyir, umur-kömək, imdad, nicat, ümid, izah, təsəlli . Elə bil dualar, yalvarışlar Allaha yetmir.

             Bəlkə dualarımı

             yolda vururlar?

             Yaralı dualar

             yetə bilmir hüzuruna

            Ulu Tanrı?

            Kimin var Ulu Tanrı

            Məndən savayı bu dünyada?

            Kimim var səndən başqa

            Bu aləmdə mənim?

            Sən tək, mən tək,

            Ulu Tanrı

 Və ya

 

            “Vətən” sözünü

            Pıçıltıyla deyirəm.

            Allaha inanıram

            Qaranlıq düşəndən sonra.

            “Azadlıq” kəlməsi

             ovda çıxar ağzımdan,

             o da yalnız

            tüfəngim açılan anda…

 

Vaqif Səmədoğlu şeirinin başlıca leytmotivi insan ömrünün beşikdən məzara, olumdan ölümə qədərki yolun sonsuzluğudur. Onun şeirlərində həyat eşqi, yaşamaq yanğısı o qədər qeyri-adidir ki, kifayət qədər kədərli və kifayət qədər ağrılı notlarla qarşılaşsan da, bu hissiyyat səni pessimist olmağa qoymur. Ən kədərli şeirində belə Vaqif Səmədoğlu səndə  ölüm həyəcanı, dünyadan ayrılmaq duyğusu yaratmır.

                   Səndən yenə

                   qar yağır.

                  Yenə sazaq dolu sinəndən

                   şaxtalı sözlər,

                   qırovlu ahlar,

                   buz bağlamış

                   gülüşlər çıxır.

                  Ölüm qat-qat istidir səndən.

   Nəyi intixab etməli? Qarlı, şaxtalı, buz bağlamış, sazaq dolu gülüşlərimi, yoxsa bu soyuqluqdan qat-qat isti ölümü? Ümumiyyətlə, Vaqif Səmədoğlu Ölüm haqqında ən çox söz açır, amma heç bir şeirində ölümü qorxulu, vahiməli obraza çevirmir, ölüm haqqında mümkün qədər sakit və təmkinli danışır, ölümü də həyat qədər dəyərləndirir. Baxırsan, onun şeirlərində  həyatdan, insan qəlbinin çırpıntılarından, gerçəkliyin sənə çəkdirdiyi ağrı-acılardan çox şey  var, amma bütün bunlar şəklin görünən üzüdür. “Neçə ildir iki eynək şüşəsi durur dünyayla gözlərimin arasında”- əslində, o  iki eynək şüşəsi arxasında iki gözün bəsirət dünyası boylanır.

   Vaqif Səmədoğluya filosof-şair təyiniylə yanaşmaq heç bir çətinlik törətmir. Çünki onun poeziyası başdan-ayağa fəlsəfi ahəng üstündə köklənib. Bu, həyatın fəlsəfəsidir. Düşüncələrin poeziya şəklində ifadəsidir.

              İlahi,

              yatağın nə sağında,

             nə solunda,

             nə bir gözəlin qolunda

           yatmaq istəyirəm.

           İlahi,

           nə söyüd kölgəsində,

           nə dünyanın ən azad ölkəsində

           yatmaq istəyirəm.

           İlahi,

          dar quyu dibində,

         qaranlıq nəm içində,

         işıqlı qəm içində,

         ağrısız

        yatmaq istəyirəm.

    Əbədi narahatlıq nədən doğur? İnsan mövcudluğunu yalnız nəyəsə nail olmaq, nələrisə əldə eləmək, rahatlıq və bolluq içində nəfəs almaq kimi obıvatel düşüncəyə sərf eləmək deyil, həyatın, dünyanın, səni əhatə edən mühitin dərkinə səfərbər etmək insanı sonsuz sayda suallar qarşısında qoyur. Vaqif Səmədoğlunun poeziyası bu sualların cavabıdır.

                                   Bir gün şirin,

                                   bir gün acıyam,

        Bir gün kiminsə ayaqaltı,

       bir gün kiminsə tacıyam.

                                   Bir gün çağa,

       bir gün ixtiyar qocayam.

                                  Bir gün zirzəmi,

      Bir gün damda bacayam.

   Amma hər gün hamıya,

                                 salam-duaçıyam.

   Vaqif Səmədoğlu poeziyasını son zamanlar dekadentizm ədəbi cərəyanı  çərçivəsində təhlil edirlər. İfrat fərdiyyətçilik və pessimizm, ictimai həyata etinasızlıq, şəxsiyyətin görüşlərindəki, əhval-ruhiyyəsindəki düşgünlük – vaxtilə, Sovet dönəmində, sosrealizm zamanında  dekadentizmi bu cür səciyyələndirirdilər. İndi necə, nə dəyişilib? Sırf kədər fəlsəfəsi, insanın kədərlə “qol-boyun olması”, ölümlə bağlı düşüncələr,  dünya ilə küskün mövqedə dayanan “mən” in tənhalığı-indi şeirimizdəki “çöküş fəlsəfəsi”ni belə mənalandırırlar. Doğrudan da, Vaqif Səmədoğlunun şeirlərindəki ağrı-acını, Allah, Dünya, Ömür və Ölüm haqqında düşüncələrini bir yerə toplayanda belə qərara gəlirsən ki, o, bu dünyanın-faniliyin içində əzab çəkirmiş.  Nəsimi deyirdi: “Olmuşam dərdü-fəraqından zəif ol həddə kim, Gətirəməzlər xəyala nəqşimi nəqqaşilər”. Bu beyt klassik poeziyanın lirik qəhrəmanının əzablarının böyüklüyünü fantastik dərəcədə göz önündə canlandırır, romantika özünün ən yüksək zirvəsinə çatır. Amma Vaqifin şeirlərində günün, zamanın əzablarından doğub içindən fəvvarə vuran dərdlər baş alır.

                      Getmə, getsən

                      bir şüştər açılar qürbətdə,

                      vətəndə

                     səhər kimi!

                    Zili-dar ağacı

                   bəmi- məzar.

“Şüştər” Azərbaycan muğamları içərisində ən kədərlisidir (bunu daha Üzeyir Hacıbəyli söyləyib).  Qürbətin doğurduğu kədər hissi ilə vətəndə açılan səhərin  bənzəyən-bənzədilən müstəvisində yerləşdirilməsi, nəticədə iki obrazın (Vətən və Qürbətin) “hibriti”ndən  üçüncü bir obrazın-”Şüştər”in yaranması assosiativ təfəkkürün məhsuludur. Sonuncü iki misra isə yeni-üçüncü obrazın əlaməti kimi diqqəti cəlb edir: zili-dar ağacı, bəmi məzar.

                                      Mühit içində

       təpədən dırnağa kimi

ümid içindəyəm.

 Dalamır indi məni

                                     nə illərin

                                     başyuxarı axarı,

                                     nə də ömrün

                                    üzüqoylu axırı.

                                    Bilirəm,

   yer üzündə bütün izlər

                                   ömürdən gedir,

 dəniz belə gözdən itir.

                                  Bilirəm,

                                  yer üzündə

                                  bir yol da salınmadı

                                   insan gözündən.

                                  Tapılmadı itənlər.

                                  Mənsə gah həyata,

       gah ölümə səbəb gəzirəm.

                                 Yaşayıram, dözürəm.

  Bir misra da, bir gecə də.

                                Çünki

                                mühit içində

                              təpədən dırnağa kimi

                            ümid içindəyəm.

   Vaqif Səmədoğlu  şeirinin özəllikləri haqda da söz açmaq gərəkdi. Həm hecada, həm də sərbəstdə onun gözəl şeir nümunələri var. Şeirdə novatorluq cəhdlərində bulunmaq, dildə yeniliyə nail olmaq çətindir və şeirin hansı vəzndə yazılmasından asılı olmayaraq bu, hünər tələb edir.  Gəlin belə bir fikirlə razılaşaq ki, söz istənilən bir mənaya malik ola bilər, o, buqələmundur, hər dəfə onda təzə çalarlar, hətta bəzən təzə rənglər də meydana gələ bilər. Bu mənada Əli Kərimlə Vaqif Səmədoğlu müasir Azərbaycan şeirində xüsusilə seçilir. Sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlər onların poetik təfəkkürünün zənginliyini nümayiş etdirir. Əli Kərimdə bu özəllik sözün mətn arasında qəribə və gözlənilməz assosiasiyalarla başa çatırsa, Vaqif Səmədoğluda bu, çox  zaman heç bir qeyri-adiliklə şərtlənmir.

                                     Yer üzündə

bircə qadın varsa

məhəbbət var yer üzündə.

Yer üzündə

bircə cocuq varsa,

övlad var yer üzündə.

Yer üzündə

bircə ağac varsa,

kölgə var yer üzündə.

Yer üzündə

bircə tikə torpaq varsa,

vətən var yer üzündə.

   Vaqif Səmədoğlunun sərbəst şeirlərində elə ilk misradan şeirin bütün ideyasını açıqlayan fikrin özəyi, təməl daşı qoyulur. Məsələn, o, bir şeirini “Məzara bənzəyir yaxşı insan” misrasıyla başlayır. Təbii ki, uzun müddət çox şeirlərdə əsas fikri yalnız şeirin son misrasında ifadə etmək kimi şablon bir üsuldan imtina edib, bunu əvvələ keçirmək yenilik kimi görünməsə də, hər halda fikrin pilləvari inkişafı kimi maraqlıdır. İnsan niyə məzara bənzəyir? Çünki məzar kimi o da yaya, qışa dözümlüdür, məzar daşı kimi dinməzdir. Şeirin sonluğuna diqqət edək: “Uzaqdan başdaşına bənzəyir insan, yaxından ağlaşmağa”. Ümumiyyətlə, Vaqif Səmədoğlunun poetik təfəkkürü üçün quruculuq, konstruktivlik xasdır. Tənqidçi Nizaməddən Mustafa yazır:

“O, dilin öz içərisində “gəzişə-gəzişə” dilin streotiplərini dağıdır. Və burada bədii təfəkkürün dağıdıcılığı quruculuğunu şərtləndirir.  Şair üçün “salxım söyüd” olduğu kimi “xan söyüd” də ola bilər. Səməd Vurğun çinara “üç boylu” deyir, Nəbi Xəzri “xan çinar”. Məsələ onda deyil ki, “söyüd” ismi hansı sözlə təyinlənir, məsələ ondadır ki, incəsənətdə, tutaq ki, heykəltaraşlıqda zənci də süd rəngində ola bilər. Məsələ  söyüdün “salxımlığında”, yaxud “xanlığında” deyil, məsələ söyüdə qonub oxuyan  qumru ki var, ondadır”.

Vaqif Səmədoğlunun sevgi şeirləri ayrıca bir söhbətin mövzusudur. Qoy sevgi şeirləri yazan bir çox şairlərimiz məndən inciməsin. “Sevgi dilini” Vaqif Səmədoğludan öyrənsinlər.

Yuxuda kimi görmüsən

bu gecə?

Gözlərində bir yalqız məzarın

kimsəsizliyi var.

Yum gözlərini,

gözlərinə baş çəkim,

bir dəstə gül qoyum gözlərinə.

Mən burdayam, ilahi

O, əsrin böyük söz ustadlarındandır. O,1939-cu il iyun ayının 5-də Bakıda doğulub. F.Q. Lorkayla, M.Müşfiqlə bir gündə doğuldu. Lorka Franko diktaturasının, Müşfiq Stalin diktaturasının qurbanı oldu, Vaqif isə özünə qeyri-adi tərcümeyi-hal yazaraq mənən onların aqibətini yaşadı:

Doğuldum 1939-da, 1937-də tutuldum…

Dogumları eyni aya, eyni günə düşən bu üç böyük şairi həm də poeziyaya olan bağlılıq birləşdirir. Qitar səsini İspan poeziyasına hopduran Lorkanı, tar nəfəsini, tar sözünü şeirimizə qaytaran Müşfiqi və caz, klassik musiqini şeir diliylə danışdıran, -Minorda ömür sürüb, Majorda ölmək-Baxın əsəri kimi… -deyən Vaqif Səmədoğlunu.

Vaqif Azərbaycan poeziyasınsn görkəmli nümayəndəsi Səməd Vurğunun ailəsində doğulan üçüncü övlad olub. Anası Xavər xanım musiqi təhsili görmüş (piano üzrə), sonradan Bakı universitetinin filoloqiya fakültəsini bitirmişdi. Pianoda ilk notları Vaqifə göstərən anası Xavər xanım olmuşdu.

Markiz adalarında

doğsaydı məni anam,

adımı yəqin ki,

Xemao qoyacaqdı atam.

Mənim şərəfimə

Bir şeir də yazacaqdı

Samoa dilində.

Boya-başa çatıb Xemao,

Bakının doğum evində

doğulmağını istəyəcəkdi.

Arzulayacaqdı

adının Vaqif qoyulmasını.

Və Markiz adalarında

darıxacaqdı zavallı…

Vaqif  ədəbi-mədəni mühitdə böyümüş, uşaqlıqdan evlərində ailəsinin ünsiyyətdə oldugu və dostluq etdiyi tanınmış musiqiçiləri, yazıçıları, şairləri, rəssamları görmüşdü. Hər şeyi öyrənmək, bilmək marağı, musiqiyə, kitablara olan  həvəsi onu yetkin bir gənc kimi yetişdirmişdi.

Vaqif orta təhsil aldığı indiki Bülbül adına musiqi məktəbini fortepiano sinfi üzrə 1956 – cı ildə əla qiymətlərlə başa vurmuş və mükafat olaraq filarmoniyada maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə S.Raxmaninovun 1-ci konsertini ifa etmişdir. Həmin il daxil olduğu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfini 1962-ci ildə müvəffəqiyyətlə  başa vurmuş, həmin il Azərbaycan gənclərinin üçüncü festivalında fortepiano üzrə laureat adını qazanmışdır.1962-1964-ci illərdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında stajor olmuşdu.

Xruşşov “ottopeli” dövrünə təsadüf edən bu illərdə azad təfəkkürün qaynadığı Moskva mühitiylə nəfəs almaq, azaddüşüncəli yaradıcı insanlarla görüşlər, təmasda olmaq Vaqifin dünyagörüşünə öz təsirini göstərməyə bilməzdi. Moskvadan qayıtdıqdan sonra o,1964-1972-ci illərdə Bakı konservatoriyasında fortepianodan dərs demişdir.

İri, mavi mamont idim,

yer üzünün buz ömründə..

O vaxt nə Koroğlu vardı,

nə Meri Pikford,

nə Lemberanski,

nə Henrix Ford.

O vaxt

sağ yox idi,  sol yox idi.

İşıqforlu yol yox idi.

Buz…

Dəniz…

Yenə buz…

Soyuq idi…

İri, mavi mamont idim.

İndi…fortepiano müəllimiyəm…

Qeyd etmək lazımdır ki, keçən əsrin 80-ci illərində bu şeir Pribaltika ölkələrində çox populyar olmuş və Latviya məktəblərinin ədəbiyyat dərsliklərinə salınmışdı. Vaqifin musiqi janrının bütün sahələrini professional səviyyədə bilməsi, Şopen, Mosart, Maler, Raxmaninov və başqa klassiklərə ehtiramı, Amerika cazını və ümumiyyətlə, modern cazı dərindən bilməsi və fortepianoda gözəl ifası yaradıcılığından yan keçməmiş və o, ömrünün sonuna kimi musiqi ilə nəfəs alan şair olaraq qalmışdır.

80-cı ilin ortalarında AzTV-də “Caz klub” verilişinin əvəzsiz aparıcısı kimi Vaqif Səmədoğlu caz musiqisinin Azərbaycanda təbliğində böyük rol oynamışdı.

                                 23 – cü il olaydı.

                                Olaydım Çikaqoda.

                               Bir kafedə qəlyan

                               çəkə-çəkə oturaydım.

                               Və mütləq bir svinq çalınaydı orda.

                               Çalınaydı kökdən düşmüş qəhvəyi royalda.

                               Çalanı özüm,

                              həm də zənci olaydım mütləq…

     Artıq seçimini ədəbiyyat xeyrinə edən Vaqif Səmədoğlu 1967-1970-ci illərdə Azərbaycan Ensiklopediyasında incəsənət şöbəsinin müdiri vəzifəsində,1970-ci illərin əvvəllərində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari emalatxanasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor kimi və 1982-1985-ci illərdə kinostudiyada kinoaktyor teatrının ədəbi hissə müdiri işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan yazıçılarının müstəqil qəzeti olan “Oğuz eli”nin baş redaktoru olmuşdur.

80-cı illərin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Azadlıq mübarizəsində fəal iştirak etmiş, Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Məclisin deputatı (2000-2010) və Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü (2000-2005) olmuşdu.

Ədəbiyyata gəldiyi ilk gündən Vaqif şeirlərinin fəlsəfi dərinliyi, orijinal deyim tərziylə diqqəti cəlb etdi. Gənc müəllifin şeirləri ilə ilk tanışlıqdan heyrətlənən Xalq şairi Rəsul Rza yazırdı: “…Mümkünmüdür, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yazsın…”.

          Vaxtsız ölsəm, çox yaşadı deyin.

          Vaxtsız öldü, deyin, qoca ölsəm.

         Bir il yatıb, ölsəm, qəflətən öldü, deyin.

        Uzun sürən xəstəlikdən sonra öldü, deyin,

               qəflətən ölsəm…

Şeirlərindəki təfəkkür müasirliyi yalnız forma və biçimdə təzahür etmirdi, hərçənd Vaqifin şeirləri bu cəhətdən də yeni idi. Eyni zamanda onun şeirlərindəki bəşəri hisslərin adiliyi, təbiiliyi və qeyri-adiliyi, poetik təfəkkürünün gücü diqqəti cəlb edirdi.

Məzarıma nə baş daşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın geyib getsin…

Rəsul Rza Vaqif haqqında “Geniş yola çıx” adlı məqalə yazaraq  onun bir neçə şeiriylə birlikdə 1963-cü ildə “Azərbaycan” jurnalında dərc etdirdi.

Bu il Vaqif Səmədoğlunun yaradıcılıq yolunun başlanğıcı hesab oluna bilər. Ancaq   bu yol çox kəşməkeşli, enişli-yoxuşlu oldu…

Məlumdur ki, 60-cı illər cəmiyyətin tarixində oyanma, özünəqayıdış mərhələsi kimi təhlil edilir. Yeni obrazlar, ifadə tərzi, dünyaya, həyata yeni münasibətlər formalaşmaqda idi.Və Vaqif Səmədoğlu bu yeniləşmə  prosesində öndə gedən sənətkarlardan oldu.

1968 -1972-ci illərdə gənc şairin “Yoldan teleqram” və “Günün baxtı” adlı  iki kiçik şeirlər toplusu böyük çətinliklərdən sonra qısaldılmış şəkildə, məhdud tirajla çap olundu.

Vaqifin ədəbiyyata gəlişi bir hadisəyə çevrildi. Şeirləri əl-əl gəzir, əzbərlənir, başqa dillərə tərcümə edilirdi. Şeirləri oxucunu sarsıdır, düşündürür, heyrətləndirirdi. 70-80-cı illər bir neçə nəsl gənc Azərbaycan modernist şairləri üçün o, ədəbi Quru olmuşdur.

Şeirləri forma, obraz və mövzu cəhətdən sovet ideologiyasıyla uzlaşmadığından, atası kimi yazmadığıına görə gənc şair rəsmi tənqidin mühafizəkar hücumlarına məruz qaldı. Bundan sonra  o yazdıqlarını üzə çıxarmamaq qərarını verdi.

Şeirlərimi yazan kimi

unutmaq istəyirəm,

elə bil kağıza yox,

nəyinsə baş daşına

həkk olunur sözlərim…

Öz poetik dünyasına sadiq qalaraq Vaqif yaza-yaza susmağı seçdi. Bu həm də onun protesti idi.

Bir az çəkil,

ölümə yer saxla yanında,

ölümsüz göstərmə özünü

Qız Qalası,

Xəzərdən gen düşmüş bu şəhərdə.

Ayıbdır, yavaş,

bir az yavaş danış,

şairlər susan bu şəhərdə…

“Susan şair” ifadəsi Vaqifin ədəbi taleyinin rəmzinə çevrildi. Çap olunmamaqla  o, özünü  sovet senzurasının təzyiqlərindən qorudu və bir şair kimi öz azadlığını, ideya, fikir azadlığını qoruyub saxlaya bildi. Heç bir ideoloji-siyasi tələblərə boyun əymədən öz  poetik “mən”inə sığınaraq susmaq əzabını yaşadı, təsəllisini “Şair sözündən qorxan  ya cəllad, ya dəlidir”, aforizmində tapdı.

Etiraf edilməlidir ki, nə vaxtsa yazdıqlarının üzə çıxa biləcəyi ümidinin çox cüzi olmasına baxmayaraq Vaqifin  sınmaması, yorulmadan, usanmadan  hər gün yaza bilməsi, sözün əsl mənasında şair hünəri idi.

Şairin şeir kitabları yalnız müstəqillik illərində işıq üzü görə bildi. 24 ildən sonra çap olunan şeirləri sübut etdi ki, Vaqifin şeirləri siyasi quruluşların, ictimai təsisatların fövqündə, zamanın fövqündə duran poeziyadır.  Dünyəvi və yaşardır.

Poeziya aləmində özünəməxsus dərin dəst-xətti olan Vaqif Səmədoğlu Azərbaycan şeirinin  novatorlarındandır. Onun bütün poeziyası özünü, öz daxilini anlamaq, onun dərinliklərinə varid olmaq ehtirasıdır. Eyni zamanda şeirləri həyatın, cəmiyyətin, insan psixologiyasının fəlsəfi təhlilidir. Onun şeirlərinin adı yoxdur. Şeirlərinin sonunda isə adətən üç nöqtə qoyulur. Məzmun etibarı ilə Vaqif Səmədoğlunun poeziyasında Şərq şairlərindən gələn  fəlsəfi dərinlik var. Eyni zamanda onun şeirləri çağdaş şeirlərdir.

Allah, Azadlıq, Tənhalıq, Ölüm -Vaqif Səmədoğlu poeziyasının əsas mövzulardır. Bu mövzuların hər birində o orijinaldır, yenidir. Onun “Allaha müraciət” mövzulu şeirləri poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı.

Kimin var Ulu Tanrı

məndən savayı bu dünyada?

Kimim var səndən başqa

bu aləmdə mənim?

Sən tək, mən tək,

Ulu Tanrı…

Yaradıcılığa gəldiyi ilk gündən Allahla aramsız dərdləşmənin məntiqi nəticəsi kimi Vaqif dərindən dərin bir mətləb kəşf etdi. Həmişə Allahdan imdad diləyən şair bu dəfə dünyanı, insanı     Allaha kömək etməyə çağırdı:

                            … İndi nə dua, nə qarğış,

                            Nə nəzir demək vaxtıdır.

                            Dünya susmalıdır artıq,

                            Allaha kömək vaxtıdır…

Ölüm barədə Azərbaycan poeziyasında Vaqif  Səmədoğlu qədər çox yazan şair az olar. Ölümlə ömür bir yolun mənzilləridir, ömür doğulandan ölüm onu bəsləyir, özü üçün saxlayır. Ömürsə yırğalanır ölümün beşiyində… Ölüm ömrün məşəqqətlərindən keçməsini dözümlə izləyir, ən sədaqətli sevgili kimi onun vüsalını gözləyir. Ölüm yetim kimi durub qapı dalında…

Vaqif  ölümün mütləqliyini əbədi həqiqət bilib, insanı ona hazırlayır, ondan qorxmamağa  alışdırır. Ömrə dözməyə çağırır.

Təsvir obyektinə yeni fəlsəfi münasibət, az sözlə geniş təəssürat  yaratmaq, dərin fikir söyləmək onun poeziyasının fərqli, əvəzsiz cəhətlərindəndir. Vaqifin düşüncə tərzi də, deyim tərzi də yenidir, orijinaldır.

Göz yaşı da axar sudur,

tapır axarını,

burda batsa bu gün

gəlib sabah ordan çıxacaq,

bir göz tapıb özünə

yer üzünə axacaq.

Bizdə quruyub

sızdə yaşaracaq…

    Vaqifin sənətinin böyüklüyü onun bənzərsizliyində, yalnız özünə məxsus stilindədir. Heç kəsin demədiyini gözlənilməz, ağla gəlməz şəkildə deməsindədir. Onun hikməti  bənzətmələrində üzə çıxır. Hər bənzətmənin arxasında fəlsəfi obraz düşünülür. Bənzətmələr təşbeh səviyyəsinə qədər ucalır: Göz yaşı dənizindən tutulan balıq tarix dadı verir; isti çörək təki dadlı, yayda səslənən muğam kimi tənbəlsən; kənddə qapı ağzında oturub keçmişə baxan qarıya bənzəyir göy üzü bu gün; Ən xoş niyyət də pisliyə dönür əvvəl-axır, qalib gəlib hakimiyyət olmuş inqilab kimi; Qafiyəmdi, uşaq təbəssümü….

Şeirləri ümumiləşdirmələrlə, hikmətli ifadələrlə, müdrik kəlamlarla da zəngindir. Vaqif Səmədoğlu poeziyası Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə müqayisə edilir. Belə ki, onun da poeziyasında mütləq mənada qəm, xoşbəxtlik, sevinc, məhəbbət, yalan, həqiqət yoxdur, mütləq şəkildə təkcə Tanrı qəbul edilir. Bu məntiqi Vaqif öz ədəbiyyatında bədii dillə ifadə etmişdir.

Hansı janrda yazırsa yazsın – şeir, pyes, kinossenari, pritça, mahnı mətni-onun böyük istedadı görünür. O, milli dramaturgiyamızı dolğun məzmunlu əsərləri ilə zənginləşdirərək yeni mərhələyə yüksəltmişdi. Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır.Onun yaradıcılığı milli mənbələrlə sıx bağlı olduğu üçün çox qüvvətli və zəngindir. Pyesləri tutarlı sözlər və məsəllərlə doludur.  Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən sənətkarın özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur. Azərbaycan teatrlarında səhnə təcəssümü tapmış “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Qeneralın son əmri”, “Mamoy kişinin yuxuları”  tragikomediyaları  və “Yaşıl eynəkli adam” trilogiyası,”Yumurta” kimi televiziya filmləri tamaşıçı məhəbbəti qazanmışdı. Vaqif Səmədoğlunun  əsərlərində bütün  gülüşlərin  arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır. Onun pyeslərində diqqəti çəkən həm də personajların dilidir. Hər kəs öz dilində danışır. İstər ləhcə, şivə, istərsə də daxili nitq, məntiqi fikir. Bir çox əsərlərində səslənən fikir və deyimlər xalq arasında folklor nümunəsi kimi yayılmışdı.

Poeziyadakı Vaqif Səmədoğlu ilə dramaturgiyadakı Vaqif Səmədoğlunu müqayisə edənlər onları bir-birindən fərqləndirirlər: Nədən onun şeirlərindəki kədərlə pyeslərindəki zahiri nikbinlik bir təzad təşkil edir? Buna Vaqif Səmədoğlu belə cavab verirdi: “Heç bir ziddiyyət yoxdur. Mənim yaradıcılığım hamısı bir şeirdir”.

Vaqif Səmədoğlu milli-bədii təfəkkürə, qlobal bəşəri-dünyagörüşə əsaslanan fundamental ədəbi-ənənə yaratmışdır. Onun əsərlərinin ideya-fəlsəfi dərinliyi imkan verir ki, gələcək ədəbi nəsillər bu irsdən dəyərli mənbə kimi örnək götürsünlər.

80-cı illərin sonlarında Vaqif Səmədoğlu Azərbaycanda başlanan milli-azadlıq hərəkatının fəallarından biri olduqda, bu onu tanıyanları təəccübləndirmədi.Çünki Vaqif Səmədoğlu öz poeziyasıyla totalitar şüuru alt-üst edən və özünün iç mübarizəsində İstiqlalını qazanan birincilərdən idi. O, xalqımızın o dövrdə siyasi və sosial sarsıntılar içərisindəki əhval-ruhiyyəsini dəqiq ifadə edərək, dünyada tənha olduğunu elan etmiş və “Milli Tənhalıq”anlayışını işlətmişmişdir.

Haraya hay verməyib,

Dünya keçir kar kimi.

Bir kor dəyir divara

Bizim dualar kimi…

  İnsanilik, müdriklik, qətiyyət Vaqif Səmədoğlunun şəxsiyyətini səciyyələndirən əsas amillərdir.Qlobal düşüncə sahibi olan sənətkar hadisələrə təmkinli, ayıq, fərqli baxışı ilə seçilmiş, öz sözünü demişdir. Bu cəhət onun Milli Məclisin deputatı kimi də fəaliyyətinə xasdır. O, beynəlxalq və Avropa qurumlarının tədbirlərində Azərbaycanı ləyaqətlə təmsil etmiş, ictimai-siyasi məsələlərin müzakirəsində özünün prinsipal ölçülü mövqeyi ilə seçilmişdi. Bir insan kimi həddən artıq təvazökar olan Vaqif Səmədoğlunun  incə yumoru, yüksək intellektual səviyyəsi, sadəliyi onunla həmsöhbət olanları məftun edirdi. Bu xüsusiyyətlər ona xarici deputatların da hörmətini, sevgisini qazandırmışdı.

Vaqif qələmi-Kitabları

İlk kitab Vaqif  Səmədoğlunun “Günün baxtı” adlanır. Kitab 1972-ci ildə Bakı, Gənclik nəşriyyatı tərəfindən nəşr olunur. Kitabda şeirlərlə bərabər kiçik poemalar da kitaba rəngarənglik gətirir.

 Digər kitab ədibin Bakı Gənclik 2005-ci ildə nəşr olunmuş “Mən burdayam, ilahi…” adlanır. Şairin ilk böyük şeirlər kitabı olan “Mən burdayam, ilahi…” 1996-cı ildə kiril əlifbasıyla işıq üzü görmüş, indi isə latın qrafikasıyla işıq üzü görmüş, indi isə latın  qrafikasıyla nəşr edilmiş həmin kitabı oxuculara şairin son illərdə yazdığı bir neçə şeirlərinin əlavəsiylə təqdim edirik. Vaqif  Səmədoğlu! Yaradıcılığı mədəniyyət aləmində həmişə marağa, hadisəyə səbəb olan sənətkar… Vaqif  Səmədoğlunun bütün  yaradıcılığını Özünü, Öz daxilini anlamaq, onun dərinliklərinə  varid olmaq ehtirası, müqəddəs bir ehtiras bürüyüb…

  Növbəti kitab “Uzaq yaşıl ada” adlanır. Bakı, “Şərq-Qərb”, 2004, 264 səh.

     Vaqif  Səmədoğlu! Şeirlərini həmişə həsrətlə gözlədiyimiz, sevə-sevə oxuduğumuz  bənzərsiz Azərbaycan şairi… Bugünkü ədəbiyyatımızda tənhalıq poeziyasını yaradan söz ustası kimi onun bir ayrı yeri var.

    Vaqifin şeirləri ilahi ilə söhbətdir. İlahi ilə söhbət hər insanın, hər şairin işi deyil. Vaqif  Səmədoğlunun tənhalığı məzmun etibarı ilə ilahi tənhalıqdır. Oxuculara təqdim olunan bu kitabda şairin müxtəlif illərdə qələmə aldığı əsərlər toplanmışdır. Bu əsərlər əvvəli və sonu bilinməyən bir səsdi. Mışıl-mışıl yatan südəmər  körpənin, b ir ömür yaşamış yaşlı bir insanın nəfəsi varonlarda. İnsan qulağının eşitmə hüdudlarını aşıb birbaş ovqata keçir bu səs.  Qulaq asaq, dinləyək, dinləyək, “Burada bürküyə ilişib çıxa bilməyən” bu səsdə,  “qərib şeirə dönmüş ana dilin sözlərini”…

Bu şeirlərdə pıçıltı-pıçıltı açılan çiçəklərin səsi, nəfəsi, qürub çağının bənzərsiz rəngləri, uzaq, yaşıl, bir adanın tənhalığı, Ay işığından könüllərə yol çəkən, müqəddəs, “dərdin, kədərin özündən belə dostlarına, doğmalarına səadət yaratmaq”  istəyən bir şairin sehrli dünyası var.

  Gəlin, zeytun kölgəsinin sərinliyi hopmuş, uzaqlardan yol gələn bu qərib nəğmələri birlikdə oxuyaq.

 

Saxlayın yer kürəsini, mən düşmək istəyirəm

 39-da doğulub, 37-də fərqli fikirlərin, qırğın ilində qətlə yetirilən  Vaqif Səmədoğlu da daim hərəkətdə olan dünyanın gedişindən şübhələndi. Sonra gördü ki, Nuh gəmisindən daha nəhəng olan bu dünya qan tökənlə həyat bəxş edənə, diktatorla demokrata, kamil ilə nadana- hamıya eyni qonaqpərvər ev sahibi kimi, qoynunda yer verir. Belə anti-humanist baxışla barışmayan şair mərd-mərdanə bəyan elədi. “Saxlayın yer kürəsini, mən düşmək istəyirəm”. Bu qənaət, bu qərar o demək idi ki, ey təyyarə-dünya, mən səninlə yol yoldaşı ola bilmərəm. Mənim ikilikdən uzaq olan amalım başqadır.

    Dünya şairi eşitmədi, ikili fikrindən dönməyərək hərəkətini davam etdirdi.

Şair də sözünə sahib durdu, özünü hərəkətdə olan vaqondan atan sərnişin kimi, tərk etməz bu sözəbaxmaz qatarı.

  Bu xasiyyət Vaqif Səmədoğlunun şəxsiyyətində, yaradıcılığında son ana qədər yaşadı. O, sənətə yüklənib içtimai-siyasi həyatın içindən keçib formalaşmış, müdrikləşmişdir. Heç vaxt barışmazlarını məhv etmək niyyətində olmamışdı. Onun yerdəki, qarşı tərəflə sözü tutmamışdı, könüllü olaraq həmin məkandan üz çevirmişdi.

  Bu dünya alt və üst mərtəbəsini üst-mərtəbəsi olan evə bənzəyir. Bir müddət üst mərtəbədə yaşayandan sonra alt mərtəbəyə köçürsən- Vaqif Səmədoğlu kimi.Vaqif Səmədoğlu kimi, sənətkarlar həyatın qəbir evini-alt və üst mərtəbəsini üst-mərtəbəyə-ədəbi yaşam mərtəbəsinin fövqünə yüksəldə bilirlər.

Şair, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vəkilov) XX əsrin böyük söz ustadlarındandır. O,1939-cu il iyun ayının 5-də Bakıda doğulub. Vaqif Azərbaycan poeziyasınsn görkəmli nümayəndəsi Səməd Vurğunun ailəsində doğulan üçüncü övlad olub. Anası Xavər xanım musiqi təhsili görmüş (piano üzrə), sonradan Bakı universitetinin filoloqiya fakültəsini bitirmişdi. Pianoda ilk notları Vaqifə göstərən anası Xavər xanım olmuşdu.

                                                  Markiz adalarında

                                                  doğsaydı məni anam,

                                                  adımı yəqin ki,

                                                  Xemao qoyacaqdı atam.

                                                  Mənim şərəfimə

                                                  Bir şeir də yazacaqdı

                                                  Samoa dilində.

                                                  Boya-başa çatıb Xemao,

                                                  Bakının doğum evində

                                                  doğulmağını istəyəcəkdi.

                                                  Arzulayacaqdı

                                                  adının Vaqif qoyulmasını.

                                                  Və Markiz adalarında

                                                  darıxacaqdı zavallı…

Vaqif Səmədoğlu  ədəbi-mədəni mühitdə böyümüş, uşaqlıqdan evlərində ailəsinin ünsiyyətdə olduğu və dostluq etdiyi tanınmış musiqiçiləri, yazıçıları, şairləri, rəssamları görmüşdü. Hər şeyi öyrənmək, bilmək marağı, musiqiyə, kitablara olan  həvəsi onu yetkin bir gənc kimi yetişdirmişdi.

Vaqif orta təhsil aldığı indiki Bülbül adına musiqi məktəbini fortepiano sinfi üzrə 1956 – cı ildə əla qiymətlərlə başa vurmuş və mükafat olaraq filarmoniyada maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə S.Raxmaninovun 1-ci konsertini ifa etmişdir. Həmin il daxil olduğu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfini 1962-ci ildə müvəffəqiyyətlə  başa vurmuş, həmin il Azərbaycan gənclərinin üçüncü festivalında fortepiano üzrə laureat adını qazanmışdır.1962-1964-ci illərdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında stajor olmuşdu.

Xruşşov “ottopeli” dövrünə təsadüf edən bu illərdə azad təfəkkürün qaynadığı Moskva mühitiylə nəfəs almaq, azaddüşüncəli yaradıcı insanlarla görüşlər, təmasda olmaq Vaqifin dünyagörüşünə öz təsirini göstərməyə bilməzdi. Moskvadan qayıtdıqdan sonra o,1964-1972-ci illərdə Bakı konservatoriyasında fortepianodan dərs demişdir.

                                                  İri, mavi mamont idim,

                                                  yer üzünün buz ömründə..

                                                  O vaxt nə Koroğlu vardı,

                                                  nə Meri Pikford,

                                                  nə Lemberanski,

                                                  nə Henrix Ford.

                                                  O vaxt

                                                  sağ yox idi,  sol yox idi.

                                                  İşıqforlu yol yox idi.

                                                  Buz…

                                                  Dəniz…

                                                  Yenə buz…

                                                  Soyuq idi…

                                                  İri, mavi mamont idim.

                                                  İndi…fortepiano müəllimiyəm…

Qeyd etmək lazımdır ki, keçən əsrin 80-ci illərində bu şeir Pribaltika ölkələrində çox populyar olmuş və Latviya məktəblərinin ədəbiyyat dərsliklərinə salınmışdı. Vaqifin musiqi janrının bütün sahələrini professional səviyyədə bilməsi, Şopen, Mosart, Maler, Raxmaninov və başqa klassiklərə ehtiramı, Amerika cazını və ümumiyyətlə, modern cazı dərindən bilməsi və fortepianoda gözəl ifası yaradıcılığından yan keçməmiş və o, ömrünün sonuna kimi musiqi ilə nəfəs alan şair olaraq qalmışdır.

80-cı ilin ortalarında AzTV-də “Caz klub” verilişinin əvəzsiz aparıcısı kimi Vaqif Səmədoğlu caz musiqisinin Azərbaycanda təbliğində böyük rol oynamışdı.

                                 23 – cü il olaydı.

                                Olaydım Çikaqoda.

                                Bir kafedə qəlyan

                                çəkə-çəkə oturaydım.

                                Və mütləq bir svinq çalınaydı orda.

                                Çalınaydı kökdən düşmüş qəhvəyi royalda.

                                Çalanı özüm,

                                həm də zənci olaydım mütləq…

Artıq seçimini ədəbiyyat xeyrinə edən Vaqif Səmədoğlu 1967-1970-ci illərdə Azərbaycan Ensiklopediyasında incəsənət şöbəsinin müdiri vəzifəsində,1970-ci illərin əvvəllərində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari emalatxanasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor kimi və 1982-1985-ci illərdə kinostudiyada kinoaktyor teatrının ədəbi hissə müdiri işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan yazıçılarının müstəqil qəzeti olan “Oğuz eli”nin baş redaktoru olmuşdur.

80-cı illərin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Azadlıq mübarizəsində fəal iştirak etmiş, Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Məclisin deputatı (2000-2010) və Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü(2000-2005) olmuşdu.

 

Ədəbiyyata gəldiyi ilk gündən Vaqif şeirlərinin fəlsəfi dərinliyi, orijinal deyim tərziylə diqqəti cəlb etdi. Gənc müəllifin şeirləri ilə ilk tanışlıqdan heyrətlənən Xalq şairi Rəsul Rza yazırdı: “…Mümkünmüdür, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yazsın…”.

   Vaxtsız ölsəm, çox yaşadı deyin.

   Vaxtsız öldü, deyin, qoca ölsəm.

   Bir il yatıb, ölsəm, qəflətən öldü, deyin.

   Uzun sürən xəstəlikdən sonra öldü, deyin, qəflətən ölsəm…

Şeirlərindəki təfəkkür müasirliyi yalnız forma və biçimdə təzahür etmirdi, hərçənd Vaqifin şeirləri bu cəhətdən də yeni idi. Eyni zamanda onun şeirlərindəki bəşəri hisslərin adiliyi, təbiiliyi və qeyri-adiliyi, poetik təfəkkürünün gücü diqqəti cəlb edirdi.

Rəsul Rza Vaqif haqqında “Geniş yola çıx” adlı məqalə yazaraq  onun bir neçə şeiriylə birlikdə 1963-cü ildə “Azərbaycan” jurnalında dərc etdirdi.

Bu il Vaqif Səmədoğlunun yaradıcılıq yolunun başlanğıcı hesab oluna bilər. Ancaq   bu yol çox kəşməkeşli, enişli-yoxuşlu oldu…

Məlumdur ki, 60-cı illər cəmiyyətin tarixində oyanma, özünəqayıdış mərhələsi kimi təhlil edilir. Yeni obrazlar, ifadə tərzi, dünyaya, həyata yeni münasibətlər formalaşmaqda idi.Və Vaqif Səmədoğlu bu yeniləşmə  prosesində öndə gedən sənətkarlardan oldu.

1968 və 1972-ci illərdə gənc şairin “Yoldan teleqram” və “Günün baxtı” adlı  iki kiçik şeirlər toplusu böyük çətinliklərdən sonra qısaldılmış şəkildə, məhdud tirajla çap olundu.

Vaqifin ədəbiyyata gəlişi bir hadisəyə çevrildi. Şeirləri əl-əl gəzir, əzbərlənir, başqa dillərə tərcümə edilirdi. Şeirləri oxucunu sarsıdır, düşündürür, heyrətləndirirdi. 70-80-cı illər bir neçə nəsl gənc Azərbaycan modernist şairləri üçün o, ədəbi Quru olmuşdur.

Şeirləri forma, obraz və mövzu cəhətdən sovet ideologiyasıyla uzlaşmadığından, atası kimi yazmadığıına görə gənc şair rəsmi tənqidin mühafizəkar hücumlarına məruz qaldı. Bundan sonra  o yazdıqlarını üzə çıxarmamaq qərarını verdi.

                                                  Şeirlərimi yazan kimi

                                                  unutmaq istəyirəm,

                                                  elə bil kağıza yox,

                                                  nəyinsə baş daşına

                                                  həkk olunur sözlərim…

Öz poetik dünyasına sadiq qalaraq Vaqif yaza-yaza susmağı seçdi. Bu həm də onun protesti idi.

                                Bir az çəkil,

                               ölümə yer saxla yanında,

                               ölümsüz göstərmə özünü

                               Qız Qalası,

                               Xəzərdən gen düşmüş bu şəhərdə.

                               Ayıbdır, yavaş,

                               bir az yavaş danış,

                              şairlər susan bu şəhərdə…

 “Susan şair” ifadəsi Vaqif Səmədoğlunun  ədəbi taleyinin rəmzinə çevrildi. Çap olunmamaqla  o, özünü  sovet senzurasının təzyiqlərindən qorudu və bir şair kimi öz azadlığını, ideya, fikir azadlığını qoruyub saxlaya bildi. Heç bir ideoloji-siyasi tələblərə boyun əymədən öz  poetik “mən” inə sığınaraq susmaq əzabını yaşadı, təsəllisini “Şair sözündən qorxan  ya cəllad, ya dəlidir”, aforizmində tapdı.

Etiraf edilməlidir ki, nə vaxtsa yazdıqlarının üzə çıxa biləcəyi ümidinin çox cüzi olmasına baxmayaraq Vaqifin  sınmaması, yorulmadan, usanmadan  hər gün yaza bilməsi, sözün əsl mənasında şair hünəri idi.

Şairin şeir kitabları yalnız müstəqillik illərində işıq üzü görə bildi. 24 ildən sonra çap olunan şeirləri sübut etdi ki, Vaqifin şeirləri siyasi quruluşların, ictimai təsisatların fövqündə, zamanın fövqündə duran poeziyadır.  Dünyəvi və yaşardır.

Poeziya aləmində özünəməxsus dərin dəst-xətti olan Vaqif Səmədoğlu Azərbaycan şeirinin  novatorlarındandır. Onun bütün poeziyası özünü, öz daxilini anlamaq, onun dərinliklərinə varid olmaq ehtirasıdır. Eyni zamanda şeirləri həyatın,cəmiyyətin, insan psixologiyasının fəlsəfi təhlilidir. Onun şeirlərinin adı yoxdur. Şeirlərinin sonunda isə adətən üç nöqtə qoyulur. Məzmun etibarıyla Vaqif Səmədoğlunun poeziyasında Şərq şairlərindən gələn  fəlsəfi dərinlik var. Eyni zamanda onun şeirləri çağdaş şeirlərdir.

Allah, Azadlıq, Tənhalıq, Ölüm-Vaqif Səmədoğlu poeziyasının əsas mövzulardır. Bu mövzuların hər birində o orijinaldır, yenidir. Onun “Allaha müraciət” mövzulu şeirləri poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı.

Kimin var Ulu Tanrı

məndən savayı bu dünyada?

Kimim var səndən başqa

bu aləmdə mənim?

Sən tək, mən tək,

Ulu Tanrı…

Yaradıcılığa gəldiyi ilk gündən Allahla aramsız dərdləşmənin məntiqi nəticəsi kimi Vaqif dərindən dərin bir mətləb kəşf etdi. Həmişə Allahdan imdad diləyən şair bu dəfə dünyanı, insanı Allaha kömək etməyə çağırdı:

                                                  … İndi nə dua, nə qarğış,

                                                  Nə nəzir demək vaxtıdır.

                                                  Dünya susmalıdır artıq,

                                                  Allaha kömək vaxtıdır…

Ölüm barədə Azərbaycan poeziyasında Vaqif  Səmədoğlu qədər çox yazan şair az olar. Ölümlə ömür bir yolun mənzilləridir, ömür doğulandan ölüm onu bəsləyir, özü üçün saxlayır. Ömürsə yırğalanır ölümün beşiyində… Ölüm ömrün məşəqqətlərindən keçməsini dözümlə izləyir, ən sədaqətli sevgili kimi onun vüsalını gözləyir. Ölüm yetim kimi durub qapı dalında…

Vaqif  ölümün mütləqliyini əbədi həqiqət bilib, insanı ona hazırlayır, ondan qorxmamağa  alışdırır. Ömrə dözməyə çağırır.

Təsvir obyektinə yeni fəlsəfi münasibət, az sözlə geniş təəssürat  yaratmaq, dərin fikir söyləmək onun poeziyasının fərqli, əvəzsiz cəhətlərindəndir. Vaqifin düşüncə tərzi də, deyim tərzi də yenidir, orijinaldır.

                                                 Göz yaşı da axar sudur,

                                                  tapır axarını,

                                                  burda batsa bu gün

                                                  gəlib sabah ordan çıxacaq,

                                                  bir göz tapıb özünə

                                                  yer üzünə axacaq.

                                                  Bizdə quruyub

                                                  sızdə yaşaracaq…

Vaqifin sənətinin böyüklüyü onun bənzərsizliyində, yalnız özünə məxsus stilindədir. Heç kəsin demədiyini gözlənilməz, ağla gəlməz şəkildə deməsindədir. Onun hikməti  bənzətmələrində üzə çıxır. Hər bənzətmənin arxasında fəlsəfi obraz düşünülür. Bənzətmələr təşbeh səviyyəsinə qədər ucalır: Göz yaşı dənizindən tutulan balıq tarix dadı verir; isti çörək təki dadlı, yayda səslənən muğam kimi tənbəlsən; kənddə qapı ağzında oturub keçmişə baxan qarıya bənzəyir göy üzü bu gün; Ən xoş niyyət də pisliyə dönür əvvəl-axır, qalib gəlib hakimiyyət olmuş inqilab kimi; Qafiyəmdi, uşaq təbəssümü….

Şeirləri ümumiləşdirmələrlə, hikmətli ifadələrlə, müdrik kəlamlarla da zəngindir. Vaqif Səmədoğlu poeziyası Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə müqayisə edilir. Belə ki, onun da poeziyasında mütləq mənada qəm, xoşbəxtlik, sevinc, məhəbbət, yalan, həqiqət yoxdur, mütləq şəkildə təkcə Tanrı qəbul edilir. Bu məntiqi Vaqif öz ədəbiyyatında bədii dillə ifadə etmişdir.

Hansı janrda yazırsa yazsın-şeir, pyes, kinossenari, pritça, mahnı mətni-onun böyük istedadı görünür. O, milli dramaturgiyamızı dolğun məzmunlu əsərləri ilə zənginləşdirərək yeni mərhələyə yüksəltmişdi. Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır.Onun yaradıcılığı milli mənbələrlə sıx bağlı olduğu üçün çox qüvvətli və zəngindir. Pyesləri tutarlı sözlər və məsəllərlə doludur.  Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən sənətkarın özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur. Azərbaycan teatrlarında səhnə təcəssümü tapmış “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Qeneralın son əmri”, “Mamoy kişinin yuxuları”  tragikomediyaları  və “Yaşıl eynəkli adam” trilogiyası, “Yumurta” kimi televiziya filmləri tamaşıçı məhəbbəti qazanmışdı. Vaqif Səmədoğlunun  əsərlərində bütün  gülüşlərin  arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır. Onun pyeslərində diqqəti çəkən həm də personajların dilidir. Hər kəs öz dilində danışır. İstər ləhcə, şivə, istərsə də daxili nitq, məntiqi fikir. Bir çox əsərlərində səslənən fikir və deyimlər xalq arasında folklor nümunəsi kimi yayılmışdı.

V iştirakçı: Poeziyadakı Vaqif Səmədoğlu ilə dramaturgiyadakı Vaqif Səmədoğlunu müqayisə edənlər onları bir-birindən fərqləndirirlər: Nədən onun şeirlərindəki kədərlə pyeslərindəki zahiri nikbinlik bir təzad təşkil edir? Buna Vaqif Səmədoğlu belə cavab verirdi: “Heç bir ziddiyyət yoxdur. Mənim yaradıcılığım hamısı bir şeirdir”.

Vaqif Səmədoğlu milli-bədii təfəkkürə, qlobal bəşəri-dünyagörüşə əsaslanan fundamental ədəbi-ənənə yaratmışdır. Onun əsərlərinin ideya-fəlsəfi dərinliyi imkan verir ki, gələcək ədəbi nəsillər bu irsdən dəyərli mənbə kimi örnək götürsünlər.

80-cı illərin sonlarında Vaqif Səmədoğlu Azərbaycanda başlanan milli-azadlıq hərəkatının fəallarından biri olduqda, bu onu tanıyanları təəccübləndirmədi.Çünki Vaqif Səmədoğlu öz poeziyasıyla totalitar şüuru alt-üst edən və özünün iç mübarizəsində İstiqlalını qazanan birincilərdən idi. O, xalqımızın o dövrdə siyasi və sosial sarsıntılar içərisindəki əhval-ruhiyyəsini dəqiq ifadə edərək, dünyada tənha olduğunu elan etmiş və “Milli Tənhalıq”anlayışını işlətmişmişdir.

                                                  Haraya hay verməyib,

                                                  Dünya keçir kar kimi.

                                                  Bir kor dəyir divara

                                                  Bizim dualar kimi…

 İnsanilik, müdriklik, qətiyyət Vaqif Səmədoğlunun şəxsiyyətini səciyyələndirən əsas amillərdir.Qlobal düşüncə sahibi olan sənətkar hadisələrə təmkinli, ayıq, fərqli baxışı ilə seçilmiş, öz sözünü demişdir. Bu cəhət onun Milli Məclisin deputatı kimi də fəaliyyətinə xasdır. O, beynəlxalq və Avropa qurumlarının tədbirlərində Azərbaycanı ləyaqətlə təmsil etmiş, ictimai-siyasi məsələlərin müzakirəsində özünün prinsipal ölçülü mövqeyi ilə seçilmişdi. Bir insan kimi həddən artıq təvazökar olan Vaqif Səmədoğlunun  incə yumoru, yüksək intellektual səviyyəsi, sadəliyi onunla həmsöhbət olanları məftun edirdi. Bu xüsusiyyətlər ona xarici deputatların da hörmətini, sevgisini qazandırmışdı.

Səməd Vurğunun Ev Muzeyində Vaqif Səmədoğlunun  həyat və yaradıcılığına həsr olunan ekspozisiya yaradılmışdır.

  “Uzaq, yaşıl adanın sakini

Vaqif  Səmədoğlunun poetik düşüncələrinin  coğrafi sərhədləri və imkanları çox geniş və zəngindir. Şairin bütün yaradıcılığının ruhunu təşkil edən təbilik və müasirlik, güclü vətənpərvərlik və xəlqilik, dərin beynəlmiləlçilik ideyaları, zəngin, incə, oynaq formada, yüksək obrazlarla  öz bədii həllini tapır. Sülh, azadlıq, demokratiya uğrunda mübarizə Vaqif  Səmədoğlunun yaradıcılığında geniş yer tutur. Şair bu mövzunu həmişə vətən və xalq anlayışı ilə vəhdətdə görür. Onun vətəndaş duyğuları ilə lirik qəhrəmanın ehtiras və düşüncələri çox vaxt eyniləşir.

   Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan  biri olaraq Vaqif  Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr vermişdir. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz  imkanları və dünya ədəbiyyatının  nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaratmışdır. O, müraciət etdiyi rəgarəng mövzularda vətənin parlaq obrazını daim diqqət mərkəzində saxlayırdı.

 

Ədəbi tənqidin həmişə fikir poeziyası kimi byüksək dəyərləndirdiyi  Vaqif  Səmədoğlu  lirikası bəşəriliklə milliliyi özündə birləşdirməklə, mənalı yaşamağa çalışması və düşünməyə sövqetməsi sayəsində geniş oxucu kütləsinin rəğbəsini qazanmışdır. Müasir dövrlə ahəngdar surətdə sıx bağlanan sənətkar ənənə ilə novatorluğun vəhdətində, sərbəst şeirin də imkanlarından  istifadə edərək, müasir insanların psixologiyasının dolğun və əhatəli təsvirinə nail olmuşdur. Səməd Vurğunun ədəbi varisi olaraq doğma dilin tükənməz imkanlarından ustalıqla bəhrələnən şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.

 

Vaqif  Səmədoğlu teatr və kino üçün yüksək keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi idi. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən , diqqəti taleyüklü  mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirmişdir.

   Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif  Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınırdı. O, azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

 

Azadlıq,  müstəqillik haqqında nə qədər şeirlər yazılıb. Vaqif şeirlərində heç vaxt azadlıq, müstəqillik deyib səsini qaldırmadı. O azadlıq haqqında, müstəqillik haqqında,  müstəqillik deyib səsini qaldırmadı. O azadlıq haqqında, müstəqillik haqqında yandırıcı bir kövrəkliklə, olduqca həzin bir duyğu ilə söz açdı:

                   Sən mənim

                 Doğma anamsan, Azadlıq,

                Mən sənin

                Yad qapısında böyümüş balan…

                Sən son ümidimin qaldırdığı

                Ağ bayraqsan, Azadlıq,

               Mən səni

              Yelləndirən külək…

 

Vaqif  Səmədoğlu da Dünya şairin əsəblərindən keçir. Şair zamanı yaşayır; an-an, saniyə-saniyə keçən vaxt şair ürəyindən axıb keçir, süzülür, ağrıdan, əzabdan təmizlənir. Vaqif üçün şairlik daha çox əzabdır. Çünki o həyatın nəşəsindən, təntənə və sevincindən yox, qeyri-insanilik, mənəviyyatsızlıq burulğanının dərin qatlardakı ziddiyyətlərindən, dərddən, kədərdən yazır. Qələmə aldığı hər bir dərdin ağrısı hər dərddin ağrısını özünün dili ilə ilə desək “diri-dürü” yaşayır:

                  Əl-qol yorulub,

                  üzülüb ürək,

                  beyin taqətdən düşüb,

                  ümidlər əlayaqdan

                  elə hər şeir, yazı yazmaqdan…

                  Səhər, gecə,

                  axşam-gündüz,

                  yağış, gün altında,

                  hər gün, hər gün,

                  hər gün, diri-diri, aman

                  Allah,

                  Narkozsuz şeir yazmaqdan…

 

Səmədoğlunun ölümü Azərbaycan xalqı üçün böyük və əvəzolunmaz itkidir. Şeirləri dünyanın bir çox dillərinə tərcümə olunan, misralarından biri- “Saxlayın yer kürəsini, mən düşmək istəyirəm”-Amerika  kimi böyük bir ölkədə palakatlara yazılan şairimizi biz özümüz də oxuyub yararlanmalıyıq.

   Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Vaqif  Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

                                            Məzarıma

                                            nə baş daşı qoyun,

                                            nə  heykəl.

                                            Bir çüt ayaqqabı

                                            qoyun,

                                            ayağı yalın

                                            geyib getsin..

AYNUR TURAN

Gundelik.az xəbər portalının təsisçi baş redaktoru

Gundelik.az

 

 

 

 

 

 

 

 

 

 

 

Exit mobile version