Ötən günlərdə iqtisadçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü “Qızıl qələm” mükafatı laureatı, bir neçə kitab müəllifi, istedadlı söz adamı Nicat Qasımzadənin növbəti kitabı – “Ana həsrəti” işıq üzü görüb.
“Ana həsrəti” adından da göründüyü kimi, yalnız fərdi duyğuların poetik ifadəsi deyil; bu kitab vətənə, torpağa, insana, ana məhəbbətinə və milli-mənəvi dəyərlərə həsr olunmuş geniş bir mənəvi xəritədir. Müəllif misralarında vətən sevdasını, yurd eşqini, ana müqəddəsliyini, insana qayğını və ali mənəvi keyfiyyətləri yüksək poetik ovqatla tərənnüm edir.
Topludakı şeirlər bütövlükdə zəngin mənəviyyatdan və dərin idrakdan süzülüb gələn fikirlərin bədii təcəssümüdür. Burada söz sadəcə ifadə vasitəsi deyil, düşüncənin, yaddaşın və milli kimliyin daşıyıcısına çevrilir. Müəllifin qələmində vətən anlayışı coğrafi məkan olmaqdan çıxaraq mənəvi bütövlüyün rəmzinə çevrilir.
Kitab haqqında Naxçıvan Müəllimlər İnstitutunun professoru, pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Nisə Rafiqqızı tərəfindən maraqlı elmi və publisistik təhlillər təqdim olunub. Onların fikrincə, “Ana həsrəti” yalnız poetik toplusu deyil, həm də milli yaddaşın və vətəndaş məsuliyyətinin bədii ifadəsidir.
Müəllifin şeirlərində vətənin ağrısını içində daşıyan, sevincini qürurla yaşayan vətənpərvər obrazı aydın görünür. O, vətənin hər daşını, torpağını, gülünü, çiçəyini, baharını və yazını sevgi ilə vəsf edir. Bu sevgi pafosdan uzaq, səmimi və daxili ehtiyacdan doğan bir sevgi kimi təqdim olunur.
Topluda yer alan aşağıdakı misralar müəllifin vətən duyğusunun miqyasını aydın şəkildə ifadə edir:
Sazın-sözün avazında səsim var,
Kamanında inildəyən simim var,
Darda qalan dumanlı Təbrizim var,
Vətənimdə şimal-cənub yaşadım…
Bu misralarda şimal-cənub bütövlüyü ideyası, milli birliyin fəlsəfi və emosional yükü bədii şəkildə ifadə olunur. Müəllif o taylı-bu taylı Azərbaycan dərdini poetik fəryada çevirərək oxucunu düşünməyə və hiss etməyə dəvət edir.
Nicat Qasımzadənin vətənə olan sevgisi hər misrada damla-damla süzülür, ilmə-ilmə toxunaraq vərəqlərə naxışlanır. “Ana həsrəti” bu baxımdan həm ədəbi hadisə, həm də mənəvi dəyər kimi qiymətləndirilə bilər.
Kitab oxucunu yalnız poetik zövqə deyil, həm də milli kimlik, mənəvi məsuliyyət və vətəndaşlıq mövqeyi barədə düşüncəyə səsləyir. Bu isə əsərin həm ədəbi, həm rəsmi, həm də fəlsəfi baxımdan əhəmiyyətini daha da artırır.

Gundelik.az