Ədəbiyyatımızın müasir inkişaf mərhələsində tanınmış şair Mahirə Nağıqızının poeziyası, lirik istedadı bütövlüyü, qeyri-adiliyi ilə seçilir. Sənətkar öz yaradıcılığı ilə yeni dövrün poeziyasının özünəməxsusluğunu, səciyyəvi xüsusiyyətlərini, qarşısında duran vəzifələri dərk etdiyini aydın şəkildə sübut edir. Eyni zamanda daim yaradıcılıq axtarışlarında olan ədibin lirik əsərlərində novatorluqla yanaşı, özündən əvvəl yaranmış bədii irsin ən yaxşı ənənələrinə, milli- mənəvi dəyərlərə bağlılıq diqqəti cəlb edir.
Şair bədii yaradıcılığa, xalqın taleyüklü məsələlərinə bədii əksinə həm dərk edilmiş ictimai borcun, həm də daxili, mənəvi tələbatın təzahürü kimi yanaşır. Ədibin çoxcəhətli yaradıcılığında elə bir əsər yoxdur ki, müasir həyatla bağlı olmasın, taleyüklü məsələləri, həyat həqiqətlərini, munis, insani hissləri əks etdirməsin. Onun hər bir şeirində həyatın nəbzi, vətəndaşlıq mövqeyi duyulur.
Fəal həyat mövqeyi tutan sənətkarın duyğularını, düşüncələrini, gələcəyə inamını ifadə edən bu əsərlər təbiiliyi, emosionallığı, dilin sadəliyi, ahəngdarlığı ilə seçilir, oxucu qəlbində əks-səda tapır. Eyni zamanda ədibin şeirləri müasir mərhələdə ölkəmizin, xalqımızın həyatında baş verən mühüm tarixi hadisələrlə səsləşir, bu hadisələrin poetik tərcümanına çevrilir.
Vətən, vətənpərvərlik, xalqa, xalq işinə sədaqət, mənəvi dəyərlərin tərənnümü poeziyamızın həmişəyaşar mövzularındandır. M.Nağıqızının lirikasında aparıcı yer tutan vətən müharibəsi, tarixi zəfərlə bağlı əsərlər mövzuya orijinal yanaşma, bədii sənətkarlığın dəyərli nümunələri kimi diqqəti cəlb edir. Şairin vətəndaş mövqeyini əks etdirən, dilin rəvanlığı, lirik duyğuların səmimi ifadə tərzi ilə seçilən bu poetik nümunələr hər bir oxucunun qəlbinə yol tapır. Bunun başlıca səbəbi həmin əsərlərdə yurd sevgisi, mərdlik, qəhrəmanlıq, şəhidlik zirvəsinə yüksəlişin, soykökünə bağlılığın yeni poetik formalarla. ülvi bir hiss kimi tərənnüm olunmasıdır.
M.ahirə Nağıqızı daim bədii axtarışlarda olan sənətkarlardandır. O öz şeirlərini yeni üslub, dil, forma, janr xüsusiyyətləriilə zənginləşdirir. Bu baxımdan sənətkarın müasir poetik formalarla yanaşı, xalqü şerindən, folklordan bəhrələnməsi, müasir mövzularda bayatılar silsiləsi yaratması diqqəti cəlb edir.
Vaxtilə mürəkkəb ictimai-siyasi şəraitdə baş verən dramatik hadisələr, düşmən tərəfindən işğal edilmiş torpaqlarımızla bağlı sənətkarın hiss və duyğuları öz xalqının kədərli ovqatı ilə həmahəngdir. Həmin mürəkkəb dövrün faciələri, qayğı və həyəcanları el-obanın müsibətləri, düşmənin xalqımıza qarşı törətdiyi vəhşiliklərin doğurduğu kədərli duyğular, yaşantılar “Düşmüşəm” şeirində öz əksini tapmışdır:
Əsir gedib Qarabağım,
Xan kimi taxtdan düşmüşəm…
Gəzməkdən dərman dərdinə
Əldən- ayaqdan düşmüşəm.
Şair xalqımızın öz haqq işi uğrunda erməni qəsbkarları ilə mübarizəsini xeyirlə şərin qarşılaşması kimi mənalandırmışdır Müasir tarixdə misli görünməmiş bəşəri faciənin bədii əks-sədası olan “Xocalı üçün elegiya” şeirində şair qaniçən düşmənin iç üzünü açmış, qanına qəltan edilmiş vətən övladlarının faciəsindən ürək ağrısı ilə söz açmışdır:
26 fevralda
Zamanı mat qoydular.
İblis xislətli kəslər
İnsan donundaydılar.
O gecə Xocalıda
Daş-divar güllələndi,
adamlar güllələndi,
ağaclar güllələndi.
Günahsız insanların faciəli ölümünün doğurduğu ümumxalq kədərinə şərik olan şair inanır ki, haqq işi uğrunda mübarizə aparan xalqımızın mübarizə əzmi sarsılmamışdır. Şairin vətən mövzusunda şeirlərinjn qayəsində belə bir inam datyanır ki, hər bir vətən övladı bir fədaiyə çevriləcək, mənfur düşmən öz layiqli cəzasını alacaqdır. Sənətkarın poetik tapıntılarla zəngin olan əsərlərindəki bu inam hissi oxucunu da müqəddəs müharibəyə, qələbəyə səsləyir.
“Şəhid Anasına məktub” şeirində sənətkar həssaslıqla ananın qəlbində tüğyan edən hisslərdən söz açır. Əsərin lirik qəhrəmanı olan Ananın zərif çiyinlərinə düşən ağır yük şairi düşündürür. Misilsiz qəhrəmanlıq nümunəsi göstərən əsgərlərimizin Vətəni düşmən işğalından azad etməsindən doğan qürur hissi ilə yanaşı, oğul itkisinin doğurduğu kədər şair qəlbində əks-səda verir. Oğlu ilə bağlı xatirələr, gözaltı elədiyi qonşu qızın toyu şəhid anasının qəlbini sızladır. Şeirdə anaya müraciətlə deyilən sözlər bütün şəhid analarına verilən təskinlikdir:
Millətlə bölüşdün ciyərparanı,
Bu da bir qədərmiş – istəmə, istə…
O özü istədi verdiyin qanı
Axıtdı sevdiyi torpağın üstə.
Bu cavan yaşında ağaclar əkdi,
Qanıyla suvardı- bitən göyərsin.
Xalqın namusunu, arını çəkdi:
Təki üzü gülsün, Vətən göyərsin!
Ümumiyyətlə, M.Nağıqızının vətəndaşlıq lirikasında şəhidlik mövzusu qırmızı xətt kimi keçir. Şairin xalqımızın haqq işi uğrunda ölüm-dirim savaşında torpağımıza göz dikən, yurdumuzun sərvətlərinə şirniklənən düşmənlə döyüşlərdə şücaət göstərən, canını qurban verən, ölümsüzlüyə yüksələn şəhidlər haqqında şeirləri böyük təsir gücünə malikdir.
“Dünən yazlılan vərəq” şeiri öz qəhrəmanlıqları ilə tarix yazan, yalnız bir ailənin deyil, bütün millətin övladına çevrilən şəhidlərə həsr olunmuşdur. Şəhidlərin şərəfli adını indi qəlbində hərarət, qanında hünər olan, olub-keçənləri yaddaşına həkk edən, düşmən qabağında məğrur dayanan qeyrətli oğullar yaşadır:
Torpağın bağrında yatar şəhidlər,
Ruhları göylərdə, yerə gömülməz.
Vətənin qəddini dikəldən əsgər
Əbədi yaşayır, heç zaman ölməz.
Şair rəhbərlik etdiyi fakültənin professor-müəllim heyəti ilə birlikdə Vətən müharibəsinin əfsanəvi qəhrəmanlarından, yaddaşlarda gülər üzü və ifa elədiyi məşhur “Vətən yaxşıdır” mahnısı ilə qalan, “Azərbaycan Bayrağı” ordenli Şəhid Xudayar Yusifzadənin vaxtilə təhsil aldığı Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstünün açılışı mərasimində iştirak etmişdir.
O, şəhid Xudayar Yusifzadənin büstü önünə əklil qoyaraq çıxış edib, işğal altında olan torpaqlarımızın azad olunmasında misilsiz qəhrəmanlıq göstərən Azərbaycanın Xudayar və Xudayar kimi vətənpərvər oğullarının Vətən, dövlət və xalq qarşısında öz borclarını ödəyib qəhrəmanlıq nümunəsi yaratdıqlarını, milyonlarla insanın sevgisini, rəğbətini qazandığını, bizlərə doğma Qarabağımızı geri qazandırdıqlarını bildirib.
Şair şəhidin anası Radə Qurbanova ilə görüşərək Xudayar Yusifzadənin hər bir azərbaycanlının fəxri olduğunu bildirib. Görüşdə şəhid anası Vətən uğrunda şəhid olmuş oğlunun xatirəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Azərbaycan xalqına minnətdarlığını bildirmişdir.
Mahirə Nağıqızı şəhid Xudayar Yusifzadəyə “Özün millət üçün dastana döndün” adlı şeir həsr tmişdir. Həmin şeirdən müəyyən hissələri xanəndə Elnur Zeynalov “Xudayar təsnifi” üzərində səsləndirmişdir.
Çıxdın zirvəsinə uca dağların,
Göylərə çəkilib dumana döndün.
Silib göz yaşını al yanaqların,
Qəlblərdə ən əziz mehmana döndün.
Nahaq qan qalanmaz yerdə, deyirdin,
Biz dəva gəlmişik dərdə, deyirdin.
Soruşsam, ünvanım Bərdə, deyirdin,
Özün millət üçün ünvana döndün.
Göydən Allah baxır, haqq divanı var,
Soraq məqamı var, sorğu anı var.
Hərənin qəlbində qəhrəmanı var,
Minlərin gözündə mizana döndün.
Özün manşırladın qismət oynunu,
Yuvatək seçib də Vətən qoynunu,
Anan el içində bükməz boynunu,
Dərdindən əriyib dərmana döndün.
Bilirdin, bu Vətən nədən yaxşıdır…
Qoynunda göyərən, bitən yaxşıdır.
Övladda havara yetən yaxşıdır,
Havara yetişib aslana döndün.
Nə qədər istəyə, yerbəyer yaza,
Ürəyi uçuna, nə deyir yaza.
Mahirə şəninə yüz şeir yaza,
Bəs etməz, yazdığım dastana döndü.
M.Nağıqızının yeni nəşr olunmuş “Lövbər adam” kitabının “Azərbaycanım” şeiri ilə açılması təsadüfi sayıla bilməz. İşğal olunmuş torpaqlarımızın düşmən tapdağından tamamilə azad olunması, 44 günlük müqəddəs vətən müharibəsində qazanılan böyük zəfər ərəfəsində yazılmış bu əsər sənətkarın qəlbində coşub-daşan, milli qürur, iftixar hissini əks etdirir:
Hərə bir ərə döndü,
Sana, Azərbaycanım!
Millət əsgərə döndü,
Ana Azərbaycanım!
Xankəndidir, Şuşadır,
Ümidlə baş-başadır.
Ruhumuzu yaşadır
Sona Azərbaycamım.
Aldın şəhid qanını,
İtirmədin anını.
Dostunu, düşmanını
Sına Azərbaycanım.
Nağıqızıdır adım,
Oğlun, qızın hayladım.
Qayalardan topladım,
Xına, Azərbaycanım!
Şair hər zaman – düşmən təcavüzünə məruz qalmış Vətənin ağrı-acılarının, itkilərimizin verdiyi dərslərin, təcrübənin, tarixi zəfərin, dünyaya səs salmış qəhrəmanlıq, şücaət nümunələrinin sevincini əks etdirən əsərlərində yaşadığı dövrün, zamanın poetik yaddaşını yaradır.
Vətən müharibəsi mövzusunda əsərlərində o, xalqımızın qələbəsinə, insanlarımızın fədakarlığına, bütün çətinliklərə rəğmən, düşmən üzərində böyük Zəfərə – həm hərbi, həm də mənəvi qələbəyə inamını, yüksək humanist ideallarını qətiyyətlə ifadə edir və bu inamı müqəddəs bir hiss kimi oxucuya aşılayır.
“Salam olsun” şeirində tariximizə qızıl hərflərlə qələbə sözünü yazan qəhrəmanlara müraciətlə yazılmışdır. Xalqımızın böyük fədakarlıq, milli ideallara sədaqət, misilsiz qəhrəmanlıq nümunəsi göstərərək öz torpağını düşmən tapdağından xilas etməsi sənətkarın qəlbində qürur hissi doğurur, şair mətin vətən oğullarına alqış deyir, ana xeyir-duası verir:
Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
Əsərdə zalqımızı, ordumuzu qələbəyə ruhlandlıran milli, ideoloji amillər – xalqımızın vətənpərvərliyi, sarsılmaz birliyi, düşmənin başını əzən dəmir yumruğu tərənnüm edilir. Şeirdə doğma torpağı al qanı ilə boyayan igidlər – şəhidlər, qazilərdən iftixarla, məhəbbətlə söz açılır:
Ələm idi, qüssə idi hər çağımız,
Otuz ildən sonra güldü novrağımız.
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum, hamınıza salam olsun!
Əsər oxucunun gözləri önündə şəhidliyi özü üçün qürur, iftixar mənbəyi sayan, mahnı oxuyaraq düşmən üzərinə hücuma keçərək tarix yazan əsgərlərin mətrd, vüqarlı obrazı göz önündə canlanır.
Şair vətənpərvərlik ruhlu şeirlərində Vətən müharibəsi, döyüşən xalq, ordu ilə bağlı həqiqətləri, gələcək nəsillərin bilməsi zəruri olan sərt tarixi durumu yüksək sənətkarlıqla ifadə edir. O bilir ki, müzəffər xalqımızın yaşadığı bu günlərin həqiqətini əks etdirən hər sətir, hər fikir tarixə mənsubdur.
Müasir Azərbaycan poeziyasında Vətən müharibəsi, tarixi zəfərlə bağlı həqiqətlərin vətəndaşlıq lirikasında yüksək sənətkarlıqla bədii əksində Mahirə Nağıqızının bir sənətkar kimi fəallığı, xidmətləri təqdirəlayiqdir.
Bu baxımdan şairin öz kamilliyi ilə seçilən, dövlətçilik maraqlarını, xalq mənafeyini, mənəviyyatını, tarixi gerçəklikləri əks etdirən, müasir milli poeziyamızın dəyərli nümunələrinə çevrilən, özündə bəşəriliyi və müasirliyi ehtiva edən əsərlərini bütövlükdə “Vətənnamə” adlandırmaq mümkündür.
Bilal Həsənli

Gundelik.az