İshal, qarın ağrısı və halsızlıq kimi şikayətlərin “keçib gedər” düşüncəsi ilə ertələnməsi bağırsaqlarda qalıcı zədələnməyə səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, xəstəliyin əməliyyata ehtiyac olmadan nəzarət altına alınması üçün erkən diaqnoz və həyat tərzi dəyişiklikləri həyati əhəmiyyət daşıyır.
Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanası Gastroenterologiya üzrə mütəxəssisi Prof. Dr. Oğuzhan Öztürk bildirib ki, uzun müddət davam edən qarın ağrısı, ishal və çəki itkisi iltihablı bağırsaq xəstəliklərinin xəbərçisi ola bilər və bu əlamətlərə laqeyd yanaşmaq olmaz.
Xəstəxananın açıqlamasında Öztürk vurğulayıb ki, iltihablı bağırsaq xəstəlikləri gənc yaşlarda da tez-tez rast gəlinir və erkən diaqnoz bağırsaqlarda qalıcı zədələnmənin qarşısını almaqda kritik rol oynayır.
O qeyd edib ki, bu xəstəliklər immun sisteminin həzm sisteminə qarşı anormal reaksiyası nəticəsində yaranan xroniki xəstəliklərdir və əsasən Crohn xəstəliyi və Ülserativ kolit formasında müşahidə olunur.
Öztürk bildirib:
“Crohn xəstəliyi ağızdan anusadək həzm sisteminin istənilən hissəsini zədələyə və bağırsaq divarının bütün qatlarını təsirləndirə bilir. Ülserativ kolit isə əsasən yoğun bağırsaq və düz bağırsaqda görülür, bağırsaq səthində iltihaba səbəb olur. Hər iki xəstəlik xroniki xarakter daşıyır və tutmalarla irəliləyə bilir.”
Onun sözlərinə görə, xəstəliyin əlamətləri bəzən şiddətlənib sonra zəifləyə bilər:
“Uzun sürən ishal, qarın ağrısı, nəcisdə qan, çəki itkisi, halsızlıq və iştahsızlıq ən çox rast gəlinən əlamətlərdir. Bəzi xəstələrdə oynaq ağrıları, ağız yaraları və dəri problemləri də müşahidə oluna bilər. Şikayətlərin müəyyən dövrlərdə azalması xəstəliyin keçdiyi anlamına gəlmir.”
Mütəxəssis son illərdə həyat tərzi dəyişiklikləri, qeyri-düzgün qidalanma, stress və ətraf mühit faktorları səbəbindən xəstəliyin yayılmasının artdığını, ailəsində bu xəstəlik olan şəxslərdə riskin daha yüksək olduğunu deyib.
Öztürk vurğulayıb ki, aylarla davam edən bağırsaq problemləri normal qəbul edilməməlidir:
“Erkən mərhələdə aparılan kolonoskopiya və digər müayinələr sayəsində xəstəliyi nəzarətdə saxlamaq mümkündür. Gecikən diaqnoz isə bağırsaqlarda qalıcı zədə, daralma və cərrahi müdaxilə ehtiyacına səbəb ola bilər.”
O əlavə edib ki, müalicə xəstəliyin ağırlıq dərəcəsinə görə dəyişir:
“Dərman müalicəsi ilə bağırsaqdakı iltihabı nəzarət altına almağa çalışırıq. Bəzi xəstələrdə bioloji müalicələr də lazım ola bilir. Bununla yanaşı, düzgün qidalanma, siqaretin tərgidilməsi və müntəzəm həkim nəzarəti də müalicənin vacib hissəsidir.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

