Gundelik.az Mədəniyyət və cəmiyyət Üzdə yanma və qızartını gözardı etməyin
Mədəniyyət və cəmiyyət Xəbərlər

Üzdə yanma və qızartını gözardı etməyin

Yayın sonlarında üzdə artan qızartı, yanma, sancma və həssaslıq hər zaman yalnız günəşdən və ya həssas dəridən qaynaqlanmaya bilər. Dermatologiya mütəxəssisi, doktor Gül Şəkərlisoy Tatar təkrarlanan üz qızartısının və daha qabarıq görünən kapilyar damarların xalq arasında “gül xəstəliyi” kimi tanınan rozaseanın əlaməti ola biləcəyini bildirib.

Rozasea üzdə təkrarlanan və ya davamlı qızartı, istilik hissi, yanma, sancma, qaşınma və həssaslıqla müşayiət olunan xroniki dəri xəstəliyidir. Bəzi insanlarda kapilyar damarlar daha qabarıq görünür, sızanağa bənzər iltihablı səpkilər də yarana bilər. Dr. Gül Şəkərlisoy Tatar xəstəliyin inkişafında immun sistemi, dəri baryeri, damar strukturları və ətraf mühit amillərinin birlikdə rol oynaya bildiyini qeyd edib.

İnsan dərisində təbii olaraq mövcud ola bilən “Demodex” adlı mikroskopik gənələrə də bəzi rozasea xəstələrində daha çox rast gəlinir. Dr. Tatarın sözlərinə görə, “Demodex” sıxlığının artması dəri baryerinə və immun reaksiyaya təsir göstərərək qızartı, yanma, sancma və qaşınma kimi şikayətlərin artmasına səbəb olur. Bununla belə, “Demodex”in təkbaşına rozaseanın səbəbi olmadığı xüsusi vurğulanır.

Rozasea yalnız üz dərisinə təsir etmir. “Demodex” kirpik köklərində də yerləşə bildiyindən bəzi insanlarda kirpik diblərində qabıqlanma, göz qapaqlarında qaşınma, göz quruluğu, yanma və sancma kimi şikayətlər yarana bilər. Bu əlamətlər bəzən allergik göz xəstəlikləri ilə qarışdırıldığından uzun müddət davam edən narahatlıqların həkim tərəfindən qiymətləndirilməsi vacibdir.

Rozaseanın əlamətləri insandan insana dəyişsə də, günəş şüaları, isti hava və temperaturun qəfil dəyişməsi geniş yayılmış tətikləyicilər arasında yer alır. Alkoqol, acılı qidalar və bəzi fermentləşdirilmiş məhsullar da müəyyən insanlarda qızartı və yanma şikayətlərini artırır. Mütəxəssislər hər kəsə eyni qida məhdudiyyətlərinin tətbiq edilməsinin əvəzinə, insanların öz fərdi tətikləyicilərini müşahidə etməsini tövsiyə edir.

Rozasea zamanı gündəlik dəriyə qulluq müalicənin mühüm hissələrindən biridir. Üzü sərt sabunlarla yumaq, kisə və ya lifdən istifadə etmək, intensiv pilinq tətbiq etmək dəri baryerini daha da həssaslaşdırır. Yumşaq təmizləyicilərdən, uyğun nəmləndiricilərdən və müntəzəm günəş qoruyucularından istifadə isə dərinin qorunmasına kömək edir.

Rozasea diaqnozu əsasən dermatoloji müayinə zamanı qoyulur. Zərurət yarandıqda dermoskopiya və digər müayinə üsullarından da istifadə edilir. Müalicə qızartı, kapilyar damarların görünüşü, iltihablı səpkilər və “Demodex” sıxlığı kimi əlamətlərə əsasən fərdi şəkildə planlaşdırılır.

Bəzi xəstələrdə dərman müalicəsinə üstünlük verilir. Qabarıq kapilyar damarlar və davamlı qızartı zamanı isə lazer və ya işıq əsaslı prosedurlardan istifadə edilir.

Dr. Gül Şəkərlisoy Tatar üzdə davamlı və ya təkrarlanan qızartı, yanma, sancma, həssaslıq, eləcə də kirpik diblərində qabıqlanma kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasının vacibliyini vurğulayıb. Erkən diaqnoz və fərdi müalicə ilə rozaseanı nəzarət altında saxlamaq və şikayətləri azaltmaq mümkündür.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version