İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Uşaqlı ailələrdən əlavə ödəniş tələb edən aviaşirkətlə bağlı araşdırma

Ryanair şirkəti barədə uşaqlarını uçuş zamanı yanlarında oturtmaq istəyən valideynlərdən əlavə ödəniş tələb etdiyi iddiası ilə İngiltərənin Competition and Markets Authority (CMA) tərəfindən araşdırma başlanılıb.

CMA bildirib ki, adətən bir istiqamət üçün 8 funt sterlinq təşkil edən bu ödənişin istehlakçı hüquqlarına uyğun olub-olmadığı araşdırılır.

Qurumun açıqlamasına görə, Ryanair-in qaydalarına əsasən 2-11 yaşlı uşaqlar valideynlərinin yanında əyləşməlidirlər. Lakin bu, “məcburi ailə oturacağı” sistemi vasitəsilə həyata keçirilir və valideynlər bunun üçün əlavə ödəniş etməli olurlar.

Ryanair isə araşdırmanı “əsassız” adlandıraraq, ailə oturacağı siyasətinin bütün qüvvədə olan qanunlara tam uyğun olduğunu bildirib.

Araşdırmada nələr yoxlanılır?

CMA araşdırır ki, aviaşirkət:

Uşaqların təhlükəsizliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün valideynlərdən qanunsuz ödəniş alıb-almır;

Əlavə ödənişləri bron prosesi zamanı mərhələli şəkildə artıraraq (“damcı üsulu”) təqdim edib-etmir;

Sərnişinlərə biletin yekun qiymətini əvvəlcədən aydın şəkildə göstərib-göstərmir.

Qurumun məlumatına görə, Böyük Britaniyadan uçuş həyata keçirən iri aviaşirkətlər arasında bu cür ödəniş tətbiq edən yeganə şirkət Ryanair-dir. Digər hava yolları isə ya uşaqları valideynlərinin yanında pulsuz yerləşdirir, ya da rezervasiya zamanı oturacaqları avtomatik olaraq uyğunlaşdırır.

CMA vurğulayıb ki, araşdırma hələ ilkin mərhələdədir və Ryanair-in qanunu pozub-pozmadığı barədə yekun qərar verilməyib.

Ryanair-in mövqeyi

Şirkət bildirib ki, uşaqlarla səyahət edən ailələrdə yalnız bir böyüyün oturacaq seçimi üçün ödəniş edilir və eyni rezervasiyada maksimum dörd uşaq üçün yan oturacaqlar pulsuz seçilə bilir.

Ryanair həmçinin bu araşdırmanı Keir Starmer hökumətinin istehlakçıların maraqlarını qoruyurmuş kimi görünmək cəhdi kimi qiymətləndirib və istintaq zamanı bu iddiaları təkzib edəcəyini açıqlayıb.

İstehlakçı hüquqları baxımından

CMA-nın İstehlakçı Hüquqlarının Müdafiəsi direktoru Hayley Fletcher bildirib ki, əlavə ödənişlər yay tətili üçün büdcə toplayan ailələrin xərclərini əhəmiyyətli dərəcədə artıra bilər.

Civil Aviation Authority isə aviaşirkətlərə bütün məcburi ödənişləri bilet qiymətinə daxil etməyi tövsiyə edir və 12 yaşdan kiçik uşaqların valideynləri ilə eyni sırada və ya ən uzağı bir sıra və ya bir keçid məsafəsində əyləşdirilməsini məqsədəuyğun hesab edir.

İstehlakçı hüquqlarını müdafiə edən Which? təşkilatı da araşdırmanı müsbət qiymətləndirərək, Ryanair-in ailələri ayırıb əlavə ödəniş tələb etməsi siyasətini uzun müddətdir tənqid etdiyini bildirib.

Yeni səlahiyyətlərə əsasən, CMA istehlakçı qanunvericiliyini pozan şirkətlərə qlobal illik dövriyyəsinin 10 faizinə qədər cərimə tətbiq edə bilər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az