Gundelik.az Dünya Uşaqların sağlamlığı və xoşbəxtliyi üçün hərəkət niyə vacibdir?
Dünya Xəbərlər

Uşaqların sağlamlığı və xoşbəxtliyi üçün hərəkət niyə vacibdir?

Uşaqlar əvvəlki nəsillərlə müqayisədə daha az fiziki aktivdirlər. Alimlər indi uşaqları daha çox hərəkət etməyə təşviq etməyin praktik və effektiv yollarını araşdırırlar. Bu isə onların həm indiki, həm də gələcək sağlamlığı üçün böyük fayda verə bilər.

Dünyada uşaqlar getdikcə daha az hərəkət edir. Alimlər xəbərdarlıq edir ki, bu vəziyyət uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bu passiv həyat tərzi uşaqlar arasında artan piylənmə problemi ilə də üst-üstə düşür — hazırda hər 10 uşaq və yeniyetmədən biri piylənmədən əziyyət çəkir. Uzun müddət oturaq qalmaq, stress, qidalanma keyfiyyətinin aşağı olması və idmana marağın azalması bu vəziyyətə təsir edən əsas amillərdəndir.

Yaxşı xəbər isə budur ki, uşaqların niyə daha az hərəkət etdiyini anlamaq onların daha aktiv olmasına kömək etmək üçün yeni imkanlar yaradır. Araşdırmalar göstərir ki, bunu təmin edən effektiv üsullar mövcuddur və bunlar uşaqların həm fiziki, həm də zehni inkişafını gücləndirir.

Mütəxəssislərin tövsiyəsinə görə uşaqlar gündə ən azı 60 dəqiqə fiziki fəaliyyətlə məşğul olmalıdır. Amma bir çox uşaq bu normaya əməl etmir.

Bu isə gələcəkdə də təsirini göstərə bilər. Çünki uşaqlıqda passiv olan insanlar böyüyəndə də daha az aktiv olurlar. Əksinə, uşaqlıqda aktiv həyat tərzi keçirənlərin böyüklükdə də hərəkətli qalmaq ehtimalı daha yüksəkdir.

İkinci Dünya Müharibəsi veteranları üzərində aparılmış və 50 il davam edən araşdırmada məlum olub ki, məktəb illərində idmanla məşğul olmaq 70 yaşda daha yaxşı sağlamlığın əsas göstəricilərindən biridir. İdman edən şəxslər yaşlandıqda daha aktiv qalır və həkimə daha az müraciət edirlər.

Bir çox digər araşdırmalar da oxşar nəticələr göstərir. Uşaqlıq dövründə idman edənlərin bədən kütlə indeksi (BMI) daha aşağı olur, bel çevrəsi daha incə olur, psixi sağlamlıqları daha yaxşı inkişaf edir. Bundan əlavə, onların təhsil göstəriciləri və zehni performansı da daha yüksək olur.

Zehni inkişaf üçün faydaları

ABŞ-dakı University of Rhode Island universitetinin kineziologiya üzrə professoru Nicole Logan deyir ki, fiziki fəaliyyət uşaqlara yalnız gələcəkdə deyil, həmin anda da fayda verir.

Onun sözlərinə görə, fiziki aktivlik bədən quruluşunu yaxşılaşdırmaqla yanaşı, uşaqların zehni funksiyalarının inkişafına da kömək edir. Daha çox hərəkət etmək ürək və ağciyər fəaliyyətini gücləndirir ki, bu da beynin daha sağlam işləməsinə müsbət təsir göstərir.

Araşdırmalardan birində doqquz aylıq məktəbdənkənar məşq proqramında iştirak edən piylənmədən əziyyət çəkən uşaqların zehni test nəticələrinin proqramda iştirak etməyən uşaqlardan daha yaxşı olduğu müəyyən edilib. Proqram həftənin beş günü orta və yüksək intensivlikli fəaliyyətlərdən ibarət idi.

Bu məşqlər uşaqlarda bədən yağını da azaltdığı üçün zehni performansın yaxşılaşdığı düşünülür. Çünki daxili orqanların ətrafında yığılan yağ iltihaba səbəb olur və bu da beynin fəaliyyətinə mənfi təsir edir. Fiziki aktivlik isə diqqət, reaksiya sürəti və impulsları idarə etmə qabiliyyətini artırır.

Nicole Logan məktəblərdə gündəlik 60 dəqiqəlik hərəkət proqramlarının tətbiq edilməsini təklif edir. Bu həm də valideynlərin üzərindəki idman təşkil etmə yükünü azalda bilər. Çünki idman fəaliyyətləri bəzən həm baha, həm də vaxt aparan olur.

Sadəcə az oturmaq belə kömək edir

Fiziki aktivliyi artırmaq üçün mütləq peşəkar idman lazım deyil. ABŞ-ın Massaçusets ştatında aparılmış araşdırmada məktəbdən əvvəl, dərs zamanı və sonra uşaqlara daha çox hərəkət imkanı yaradılması və sağlam qidaya çıxışın yaxşılaşdırılması nəticəsində ibtidai sinif şagirdlərinin BMI göstəricilərinin azaldığı müşahidə olunub.

Bu uşaqların təxminən dörddə biri son bir ildə heç bir idman növü ilə məşğul olmamışdı.

Ulla Toft bildirir ki, uşaqlarda piylənmənin qarşısını almağın ən effektiv yolu sağlam qida mühiti yaratmaq, fiziki aktivliyi təşviq etmək və ekran vaxtına məhdudiyyət qoymaqdır.

Məktəblərdə tətbiq olunan digər proqramlar da ümidverici nəticələr göstərib. Böyük Britaniyada 30 məktəbdə aparılan araşdırmada müəllimlər uşaqların daha az oturmasına təşviq olunub. Nəticədə uşaqlarda qarın piylənməsini göstərən bel-omba nisbəti 8% azalıb, idman iştirakçılığı isə 10% artıb.

Müəllimlər uşaqlardan sualları ayaqüstə cavablandırmağı və sinifdə daha çox hərəkət etməyi istəyiblər. Araşdırmanın rəhbəri Flaminia Ronca qeyd edir ki, məqsəd idman etdirmək yox, sadəcə uşaqların daha az oturmasını təmin etmək idi.

Valideyn dəstəyi vacibdir

Fiziki aktivlik xüsusilə yeniyetməlik dövründə, əsasən də qızlar arasında azalır. Araşdırmalar göstərir ki, valideynlərin dəstəyi uşaqların idmana davam etməsində mühüm rol oynayır.

ABŞ-da aparılan sorğuda valideynləri tərəfindən həvəsləndirilən və idman imkanları yaradılan qızların idmana davam etmə ehtimalının daha yüksək olduğu məlum olub.

Eyni zamanda uşaqlar valideynlərindən nümunə götürürlər. Aktiv valideynlərin uşaqları da daha aktiv olur. Birlikdə velosiped sürmək, qaçış etmək və ya parkda gəzmək belə faydalı ola bilər.

Özünü rahat hiss etmək də önəmlidir

Böyük Britaniyadakı Swansea University universitetinin tədqiqatçısı Michaela James bildirir ki, uşaqlar hərəkət edərkən özlərini rahat və bacarıqlı hiss etdikdə onların psixoloji rifahı yüksəlir.

Onun sözlərinə görə, bəzi məktəblər yalnız strukturlaşdırılmış idman fəaliyyətlərinə fokuslandığı üçün bəzi uşaqlar özlərini kənarda qalmış hiss edir və bu da onların özünəinamına mənfi təsir göstərir.

James hesab edir ki, uşaqlara hansı fəaliyyətlə məşğul olmaq istədiklərini seçmək imkanı vermək onların həyatını dəyişə bilər.

Bundan əlavə, sərbəst oyunların artırılması — məsələn, qaçmaq, ağaca dırmaşmaq, gizlənqaç oynamaq — uşaqların daha çox hərəkət etməsinə kömək edir. Məktəb tənəffüslərinin cəza kimi ləğv edilməməsi də vacib hesab olunur.

Araşdırmaçılar vurğulayırlar ki, hər bir hərəkət dəyərlidir. İstər ağaca dırmaşmaq, istər qaçmaq, istərsə də oyun oynamaq — əsas məqsəd uşaqların hərəkətdən zövq almasıdır.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version