Müasir dövrdə təhsil sistemi sürətlə dəyişdikcə uşaqlar üzərindəki akademik təzyiq də artır. Valideynlərin yüksək gözləntiləri, məktəblərdə ağır dərs yükü və əlavə hazırlıq kurslarının çoxluğu ibtidai və orta məktəb yaşlı uşaqların psixoloji və fiziki sağlamlığına ciddi təsir göstərir. Təhsil uğuru naminə aparılan bu yarış, təəssüf ki, bəzən uşaqların daxili harmoniyasının, emosional sabitliyinin və sağlam inkişafının arxa plana keçməsinə səbəb olur.
Artıq mütəxəssislər də xəbərdarlıq edirlər: həddindən artıq yüklənmə nevroz, tükənmişlik sindromu, yuxu və davranış pozuntuları kimi problemlərin artmasına yol açır. Bu isə həm ailələr, həm də təhsil müəssisələri üçün ciddi siqnaldır.
Məhz bu səbəbdən uşaqların psixoloji rifahının qorunması, təhsil yükünün yaşa uyğun tənzimlənməsi və sağlam inkişafın prioritetə çevrilməsi mövzusu gündəmdədir. Aşağıdakı müsahibədə mütəxəssisin, — 49 saylı “İntelekt” məktəb-liseyin psixoloqu Aysel Məmmədovanın bu sahədəki dəyərli fikirləri, müşahidələri və tövsiyələri Gundelik.az oxucularına təqdim olunur:
—Müasir dövürdə təhsil uğurunda yarış ,valideynlərin uşaqlara yönəltdiyi təzyiqlə müşahidə olunur.Xüsusilə ibtidai və orta məktəb yaşlı uşaqlar günün böyük hissəsini dərslərlə və əlavə hazırlıq kursları ilə keçirirlər.Bu isə onların psixoloji və fiziki sağlamlığına təsir göstərir.
Dərs yüklənməsi və hazırlıq kursları həddindən artıq olması uşaqlarda nevroz, tükənmişlik və digər psixoloji pozuntulara səbəb ola bilər .Bu həm psixoloji, həm də fiziki sağlamlığa mənfi təsir göstərir.Şagirdlərdə davamlı narahatlıq ,qorxu, əsəbilik və yuxu pozğunluğu müşahidə olunur.Bu hallar
uşaqlarda özünü emosional qeyri-sabitlik, diqqət pozğunluğu, motivasiya itkisi, yuxu və iştaha pozğunluğu ağlama və aqressiya kimi göstərə bilər.Uşaqların psixoloji sağlamlığı onların akademik uğurlarından daha önəmlidir.Bu səbəbdən Dərs yükləri yaşa uyğun tənzimlənməlidir, hazırlıq kurslarım balanslı və məqsədyönlü seçilməlidir, uşaqlara istirahət oyun və sərbəst vaxt imkanı yaradılmalıdır, valideynlər və müəllimlər uşağın emosional vəziyyətinə diqqət yetirməlidirlər.Uşaqların sağlam inkişafı üçün psixoloji rifahı ön planda tutan yanaşmalar vacibdir.

Gundelik.az
