Gundelik.az Mədəniyyət və cəmiyyət Uşaqları tərəvəz yeməyə məcbur etməyin: Elmin tövsiyə etdiyi 6 təsirli üsul
Mədəniyyət və cəmiyyət Xəbərlər

Uşaqları tərəvəz yeməyə məcbur etməyin: Elmin tövsiyə etdiyi 6 təsirli üsul

Uşaqların hər gün qida ilə bağlı yaşadığı kiçik təcrübələr onların gələcək qidalanma vərdişlərinə uzunmüddətli təsir göstərir.

Bir çox valideyn üçün uşağı kifayət qədər tərəvəz yeməyə həvəsləndirmək çətin olur. Valideyn forumlarında tez-tez belə suallar verilir: “Uşağımın yalnız açıq rəngli qidalar yeməsi normaldırmı?”

Bunun əsas səbəblərindən biri uşaqların şirin dadlara erkən yaşlardan meyilli olmasıdır. Hətta ana südündə də təbii şəkərlər olduğuna görə onun dadı şirin olur. Körpələr bərk qidalara keçdikdən sonra brokoli, ispanaq və digər tərəvəzləri qəbul etdirmək isə asan olmur.

Halbuki uşaqların sağlam böyüməsi üçün meyvə və tərəvəzlə zəngin, müxtəlif qidalanması vacibdir. Qeyri-sağlam qidalanma onların düşünmə qabiliyyətinə, diqqətinə, davranışına və məktəbdəki nailiyyətlərinə mənfi təsir göstərə bilər. Uşaqlar arasında piylənmənin artması da uzunmüddətli sağlamlıq problemləri və təhsil göstəricilərinin zəifləməsi ilə əlaqələndirilir.

Xoşbəxtlikdən, alimlər uşaqların sağlam qidalanmasını təşviq etmək üçün effektiv üsullar müəyyən ediblər.

1. Tərəvəzləri tez-tez təklif edin

Araşdırmalara görə, uşağın erkən yaşlarda müxtəlif tərəvəzlərlə dəfələrlə tanış olması onların bu qidaları sevmə ehtimalını artırır.

Mütəxəssislər bildirirlər ki, tərəvəz sevgisini formalaşdırmaq üçün ən əlverişli dövr məktəbəqədər yaşdır. Bir çox uşaq yeni qidanı qəbul etməzdən əvvəl onu 5–15 dəfə görməli və dadmalıdır. Bir yaşından kiçik körpələrdə bu rəqəm daha az ola bilər.

Bu proses hətta ana bətnində başlayır. Tədqiqatlar göstərir ki, hamiləlik dövründə ananın yediyi qidaların dad xüsusiyyətləri dölə amniotik maye vasitəsilə ötürülə və körpənin gələcək qida seçimlərinə təsir edə bilər.

2. Tərəvəzləri yeməyin əvvəlində təqdim edin

Uşaqlara “bu qida sağlamdır” demək hər zaman nəticə vermir. Əksinə, onlar “dadlı” kimi təqdim olunan qidalara daha çox maraq göstərirlər.

Mütəxəssislər tərəvəzləri yeməyin əvvəlində, uşaq ən ac olduğu vaxt verməyi məsləhət görürlər. Belə olduqda, uşaq daha kalorili yeməklərə keçməzdən əvvəl tərəvəz yeməyə meylli olur.

Hətta səhər yeməyində də ispanaqlı omlet və ya tərəvəzli muffin kimi seçimlərdən istifadə etmək mümkündür.

3. Sağlam qidaların payını artırın

Boşqabdakı tərəvəzlərin miqdarını artırmaq onların daha çox yeyilməsinə kömək edir.

Məsələn:

Sousların içinə sürtgəcdən keçirilmiş kök və ya balqabaq əlavə etmək;

Ətin payını azaldıb tərəvəzləri artırmaq;

Bir neçə müxtəlif tərəvəz növünü eyni anda təqdim etmək.

Araşdırmalar göstərir ki, boşqabdakı meyvə və tərəvəzlərin miqdarını 50 faiz artırmaq onların istehlakını da əhəmiyyətli dərəcədə yüksəldir.

4. Tərəvəzləri maraqlı formada hazırlayın

Uşaqlar ilk növbədə yeməyin görünüşünə diqqət yetirirlər.

Tərəvəzləri kəpənək, çiçək və ya ayı fiquru formasında kəsmək, onları rəngarəng və cəlbedici təqdim etmək uşaqların marağını artırır.

Araşdırmalar göstərir ki, tərəvəzlər əvvəlcədən doğranmış, əlçatan və kiçik porsiyalar şəklində təqdim ediləndə uşaqlar onları daha çox yeyirlər.

5. Birlikdə yemək yeyin

Valideynlərin qidalanma vərdişləri uşaqlar üçün ən güclü nümunələrdən biridir.

Sağlam qidalanan valideynlərin uşaqları da daha çox meyvə və tərəvəz istehlak edir. Həftədə ən azı üç dəfə ailə ilə birlikdə yemək yemək uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşmasına, bədən çəkisinin normada qalmasına və şəkərli içkilərin daha az qəbul edilməsinə kömək edir.

6. Yeməyi əyləncəyə çevirin

Mütəxəssislər uşaqları məcbur etməyin və ya tərəvəz yediklərinə görə şirniyyatla mükafatlandırmağın düzgün olmadığını bildirirlər. Bu yanaşma əks nəticə verə bilər.

Əvəzində uşaqlara tərəvəzləri toxunmağa, qoxulamağa, müşahidə etməyə və onlarla oynamağa imkan vermək tövsiyə olunur. Belə sərbəst və təzyiqsiz mühitdə uşaqlar yeni qidalara qarşı qorxularını daha asan aradan qaldırır və sonradan onları dadmağa daha həvəsli olurlar.

Onları yemək hazırlama prosesinə cəlb etmək də yeni qidaları sınamaq istəyini artırır.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version