Sadə bir cızıq, yara və ya soyuqdəymə uşaqlarda limfa düyünlərinin böyüməsinə səbəb olur. Lakin xərçəng kimi ciddi xəstəliklər də limfa düyünlərində özünü göstərir. Buna görə də limfa düyünlərinin izlənməsi böyük əhəmiyyət daşıyır.
İnsan orqanizmində təxminən 600-700 limfa düyünü var. Onlar əsasən baş-boyun nahiyəsində, döş qəfəsində tənəffüs yollarının ətrafında və qarın nahiyəsində yerləşir. Limfa düyünlərinin əsas vəzifələrindən biri orqanizmi bakteriya, göbələk və virus kimi mikroorqanizmlərdən qorumaqdır.
Uşaqlarda limfa düyünlərinin böyüməsi kifayət qədər geniş yayılmış haldır. Bunun bir çox səbəbi olur. Həkimlər diaqnoz zamanı limfa düyününün nə vaxt böyüdüyünü, ağrılı olub-olmadığını, uşağın soyuqdəymə və ya qrip keçirib-keçirmədiyini, həmin nahiyədə yara, cızıq və hətta pişik cırmağı kimi vəziyyətlərin olub-olmadığını araşdırırlar.
Müayinədə hansı xüsusiyyətlərə baxılır?
Limfa düyünü əllə müayinə edilə bilən yerdədirsə, onun ölçüsü, sərtliyi, səthinin hamar və ya nahamar olması, hərəkətli və ya ətraf toxumalara yapışıq olması, ağrılı olub-olmaması qiymətləndirilir. Həmçinin bədənin digər nahiyələrində oxşar limfa düyünlərinin olub-olmadığına baxılır.
Əgər limfa düyünü böyüyüb, sərtdirsə, bir tərəflidirsə, ağrısız və hərəkətsizdirsə, daha ətraflı müayinə aparılır. Bu zaman qan analizləri keçirilməli və lazım gəldikdə böyümüş limfa düyünü biopsiya üçün götürülməlidir.
Dörd həftəlik müşahidə vacibdir
Hər limfa düyünü böyüməsi ciddi xəstəlik demək deyil. Məsələn, soyuqdəymə zamanı boynun hər iki tərəfində bir neçə limfa düyünü böyüyə bilər. Xəstəlik keçdikdən sonra onlar tədricən kiçilə bilər, lakin əvvəlki ölçüsünə tam qayıtmaya da bilər. Burada əsas məqam limfa düyününün böyüməsinin davam etməməsidir.
Mütəxəssislərin fikrincə, kiçik ölçülü limfa düyünlərində ailələr təxminən dörd həftə müşahidə aparmalıdır. Bu müddət ərzində limfa düyünü getdikcə böyüyürsə, dörd həftədən sonra əhəmiyyətli dərəcədə böyümüş vəziyyətdə qalırsa və ya ümumiyyətlə kiçilmirsə, həkimə müraciət etmək lazımdır.
Əgər limfa düyünü ilk dəfə aşkarlandıqda artıq qoz böyüklüyündədirsə, dörd həftə gözləmədən həkimə müraciət edilməlidir.
Virus infeksiyaları da limfa düyünlərini böyüdür
Limfa düyünlərinin böyüməsinə yalnız ciddi xəstəliklər deyil, müxtəlif virus infeksiyaları da səbəb olur. Xüsusilə Epstein-Barr virusu (EBV) və sitomeqalovirus (CMV) infeksiyaları zamanı boyun və qoltuqaltı nahiyələrində limfa düyünləri böyüyə bilər.
Belə hallarda uşaqlarda 15-20 gün davam edən halsızlıq, iştahsızlıq və digər əlamətlər müşahidə olunur. Lazımi analizlər aparılaraq səbəb müəyyən edilir və müalicə prosesi planlaşdırılır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

