Gundelik.az Mədəniyyət və cəmiyyət Uşaqlarda hipertoniya halları artır
Mədəniyyət və cəmiyyət Xəbərlər

Uşaqlarda hipertoniya halları artır

Adətən yalnız böyüklərə aid edilən hipertoniya (yüksək qan təzyiqi) artıq uşaqlar arasında da daha çox müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, son 20 ildə uşaqlıq dövründə hipertoniya hallarının sayı iki dəfə artıb. Bu artımın əsas səbəbləri düzgün qidalanmama, hərəkətsiz həyat tərzi və piylənmənin yayılmasıdır.

Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasının Uşaq Nefrologiyası Klinikasının mütəxəssisi Dr. Özde Nisa Türkkan bildirib ki, son illərdə xüsusilə 12 yaşdan yuxarı uşaqlarda yüksək qan təzyiqi halları nəzərəçarpacaq dərəcədə çoxalıb.

Yeniyetməlik dövründə risk daha yüksəkdir

Həkimin sözlərinə görə, 12 yaşdan kiçik uşaqlarda hipertoniya daha çox böyrək xəstəlikləri, böyrək damarlarının problemləri, tək böyrək və ya nadir şiş xəstəlikləri ilə əlaqəli olur. Hətta bu problem yeni doğulmuşlarda da rast gəlinir.

Lakin ümumi artım əsasən yeniyetməlik dövründə müşahidə edilir.

Səbəb yanlış həyat tərzidir

Dr. Türkkan qeyd edib ki, uşaqlarda hipertoniya hallarının artmasının əsas səbəbləri bunlardır:

paketlənmiş və fast-food qidaların həddindən artıq istehlakı;

nizamsız qidalanma;

telefon, planşet və kompüter qarşısında uzun müddət vaxt keçirmək;

fiziki aktivliyin azalması;

artıq çəki və piylənmə.

Onun sözlərinə görə, müasir həyat tərzi uşaqlarda piylənməni artırır və bu da yüksək qan təzyiqinin yaranmasına şərait yaradır.

Uşaqlarda normal təzyiq böyüklərlə eyni deyil

Mütəxəssis vurğulayıb ki, uşaqlarda qan təzyiqi yaşa, boya və cinsə görə qiymətləndirilir.

Məsələn, 10 yaşlı uşaqda 120/80 mm civə sütunu böyüklər üçün normal hesab olunsa da, uşaq üçün yüksək göstəricidir. Yaş azaldıqca bu göstərici daha təhlükəli sayılır. 12 yaşdan yuxarı uşaqlarda isə 120/80 mm civə sütunundan yüksək təzyiq artıq hipertoniya kimi qiymətləndirilir.

Müalicə olunmazsa ciddi fəsadlar yarada bilər

Nəzarət altına alınmayan hipertoniya uşaqlarda da böyüklərdə olduğu kimi müxtəlif orqanlara zərər verə bilər. Bunlara daxildir:

ürək əzələsinin qalınlaşması və ürək çatışmazlığı;

göz tor qişasının zədələnməsi və görmə pozğunluğu, hətta korluq;

beyin qanaması və insult;

böyrək çatışmazlığı.

Erkən diaqnoz vacibdir

Dr. Türkkan bildirib ki, uşaqlarda yüksək qan təzyiqi mütləq araşdırılmalı və müalicə olunmalıdır. Valideynlər uşaqlarında təzyiq yüksəkliyindən şübhələnərlərsə, ilk növbədə uşaq nefroloquna müraciət etməlidirlər.

Diaqnoz zamanı əvvəlcə ev şəraitində qan təzyiqi ölçülür və lazım gəldikdə 24 saatlıq təzyiq monitorinqi (holter) aparılır. Daha sonra böyrək xəstəlikləri, hormonal pozğunluqlar və digər mümkün səbəblər araşdırılır.

Əgər əsas səbəb aşkar edilməzsə, uşağa esensial hipertoniya diaqnozu qoyulur və ilk mərhələdə qidalanmanın yaxşılaşdırılması, fiziki aktivliyin artırılması və çəkinin normallaşdırılması tövsiyə edilir. Lakin baş ağrısı, burun qanaması və gündəlik həyata mane olan yüksək təzyiq hallarında dərman müalicəsinə də başlanılır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version