Uşaqlarda rast gəlinən göz tənbəlliyi vaxtında müalicə olunmadıqda daimi görmə itkisinə səbəb ola bilər. Lakin erkən diaqnoz qoyulduqda bu problemin tam aradan qaldırılması mümkündür. Mütəxəssislər uğurlu müalicə üçün 0–8 yaş dövrünü kritik mərhələ hesab edirlər.
Uşaq dünyanı ilk növbədə gözləri ilə tanıyır. Rənglər, formalar, insanlar və ətraf mühit onun görmə qabiliyyəti sayəsində məna qazanır. Görmə yalnız ətrafı müşahidə etməyə deyil, həm də öyrənməyə, kəşf etməyə və inkişaf etməyə imkan yaradır. Buna görə də uşaqlıq dövründə göz sağlamlığı həm fiziki, həm də zehni və emosional inkişafın əsas şərtlərindən biridir.
Lakin bəzi anadangəlmə və ya sonradan yaranan göz xəstəlikləri uşağın inkişafına mane ola bilir. Onlardan biri də xalq arasında göz tənbəlliyi adlanan ambliopiyadır.
Göz tənbəlliyi necə yaranır?
Mütəxəssislərin sözlərinə görə, göz tənbəlliyi cəmiyyətdə təxminən 1–3 faiz hallarda müşahidə olunur. Əksər hallarda onun yaranmasına aşağıdakı səbəblər təsir edir:
çəpgözlük;
iki göz arasında görmə dərəcəsinin fərqli olması;
hər iki gözdə yüksək görmə qüsuru;
göz qapağının sallanması;
buynuz qişada ləkə;
anadangəlmə katarakta.
Xəstəlik təkcə doğuşdan olmur. 0–8 yaş arasında yaranan müxtəlif problemlər də göz tənbəlliyinə səbəb olur.
Müntəzəm müayinə vacibdir
Həkimlər bildirirlər ki, uşaqlar doğulduğu andan etibarən mütəmadi göz müayinəsindən keçməlidirlər. Göz müayinəsinin doğuş zamanı, daha sonra 1, 2 və 3 yaşlarında, məktəbəqədər dövrdə (4–5 yaş) və məktəb illərində davam etdirilməsi tövsiyə olunur.
Müalicəyə səbəbin müəyyənləşdirilməsi ilə başlanılır
Uşaqda göz tənbəlliyi aşkarlanarsa, ilk növbədə problemin səbəbi müəyyən edilməlidir. Əgər göz qapağının sallanması, çəpgözlük və ya başqa göz xəstəliyi varsa, əvvəlcə həmin problem müalicə olunur.
Həkimlərin sözlərinə görə, göz tənbəlliyində gözün özündə ciddi problem olmur. Problem ondadır ki, beyin həmin gözdən gələn görüntünü qəbul etməyi “unudur”.
Qapama müalicəsi necə aparılır?
Göz tənbəlliyinin əsas müalicə üsulu qapama müalicəsidir. Bu zaman sağlam göz müəyyən müddət bağlanır ki, beyin zəif görən gözdən istifadə etməyə məcbur olsun.
Qapama müddəti:
göz tənbəlliyinin dərəcəsinə;
yaranma səbəbinə;
uşağın yaşına görə dəyişir.
Müalicə gündə 2 saatdan 6 saata qədər davam edir.
Müasir müalicə üsulları
Qapama üsulu ilə yanaşı, müasir texnologiyaların imkanlarından da istifadə edilir. Bunlara daxildir:
xüsusi filtrlərlə aparılan CAM müalicəsi;
atropin tərkibli göz damcıları ilə sağlam gözün görməsinin müvəqqəti zəiflədilməsi;
hər iki göz açıq vəziyyətdə tətbiq olunan üçölçülü görməni inkişaf etdirən vizual stimullaşdırıcı müalicələr.
Müalicədən sonra nəzarət vacibdir
Mütəxəssislər bildirirlər ki, tətbiq olunan müalicədən asılı olmayaraq uşaqlar 17–18 yaşına qədər həkim nəzarətində qalmalıdırlar. Çünki müalicə yarımçıq saxlanılarsa, göz tənbəlliyi yenidən yarana bilər.
Ən yüksək müalicə uğuru 0–8 yaş arasında əldə edilir. 12 yaşa qədər də müalicə aparmaq mümkündür, lakin bu yaşdan sonra uğur ehtimalı xeyli azalır.
Müalicə olunmasa nə baş verir?
Vaxtında müalicə edilməyən göz tənbəlliyi daimi görmə zəifliyinə səbəb olur. Bu vəziyyət yaş artdıqca ağırlaşmasa da, insanın həyat keyfiyyətini aşağı salır.
Belə şəxslərdə:
zədələnmə və travma riski artır;
üçölçülü görmə zəifləyir;
məsafəni düzgün qiymətləndirmək çətinləşir.
Məhz buna görə həkimlər uşaqlarda göz müayinələrinin vaxtında aparılmasını və göz tənbəlliyinin erkən mərhələdə aşkarlanaraq müalicə olunmasını xüsusi vacib hesab edirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
