Gundelik.az Mədəniyyət və cəmiyyət Uşaqlara qoyulan sərhədlər azadlıqdır, yoxsa məhdudiyyət?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Uşaqlara qoyulan sərhədlər azadlıqdır, yoxsa məhdudiyyət?

Uşaqların harada dayanmalı olduqlarını bilməsi onların azadlığını əlindən alır, yoxsa əksinə, özünəinamlı fərd kimi formalaşmaları üçün möhkəm təməl yaradır? Bu sualın cavabı sərhədlərin necə və hansı məqsədlə müəyyənləşdirilməsində gizlənir.

Uşağa sərhəd qoymaq bəzən onu məhdudlaşdırmaq kimi görünsə də, əslində çox vaxt azadlaşmasının ilk addımı olur. Çünki sərhədlər uşağın təhlükəsizlik hissini gücləndirir və onu qeyri-müəyyənliyin yaratdığı narahatlıqdan qoruyur. Araşdırmalar və mütəxəssis rəyləri göstərir ki, sağlam sərhədlər uşaqların özlərini təhlükəsiz hiss etməsinə və müstəqilliklərinin möhkəmlənməsinə kömək edir. Psixoloq Səda Akçakaya bu mövzu ilə bağlı mühüm fikirlər səsləndirib.

Valideynlər sərhəd qoyarkən hansı səhvlərə yol verirlər?

Ailədə mənimsənilən valideynlik tərzi sərhədlərin necə müəyyənləşdirilməsinə təsir göstərir. Düzgün balans yaratmaq üçün uşağın ehtiyaclarını anlamaq və ardıcıl davranmaq vacibdir.

Səda Akçakayanın sözlərinə görə, avtoritar valideynlikdə qayda və sərhədlər çox sərt olur, uşağın hissləri isə əksər hallarda nəzərə alınmır. Demokratik valideynlikdə sərhədlər ardıcıl, izahlı və uşağın yaşı ilə inkişaf səviyyəsinə uyğun müəyyən edilir. İcazəverici valideynlikdə sərhədlər ya qeyri-müəyyən olur, ya da ümumiyyətlə mövcud olmur. Laqeyd valideynlikdə isə qaydalar ya təsadüfi şəkildə müəyyən edilir, ya da heç müəyyənləşdirilmir.

Mütəxəssis bildirir ki, valideynlərin ən çox yol verdiyi səhvlər bunlardır:

ardıcıl olmamaq;

həddindən artıq sərt davranmaq;

ümumiyyətlə sərhəd qoymamaq;

qərarların səbəbini izah etməmək;

uşağı günahkarlıq hissi ilə manipulyasiya etmək.

Sərt qaydalar, yoxsa sağlam sərhədlər?

“Qətiyyən etmə!” kimi sərt qadağalar çox vaxt uşağın hiss və ehtiyaclarını nəzərə almır. Sağlam sərhədlər isə həm aydın, həm də çevik olur. Onlar uşağın yaşına və inkişaf səviyyəsinə uyğun izah edilir, cəzalandırmaqdan daha çox istiqamət göstərməyə xidmət edir.

Psixoloqun sözlərinə görə, sərt qaydalar uşağın fərdi xüsusiyyətlərini və emosional vəziyyətini nəzərə almır. Sağlam sərhədlər isə uşağa hansı sahələrdə sərbəst olduğunu, hansı hallarda isə məsuliyyət daşımalı olduğunu öyrədir. Bu yanaşma uşağın problem həll etmə, özünüidarəetmə və özünəinam bacarıqlarını inkişaf etdirir.

Sərhəd qoymamağın nəticələri

Heç bir valideyn övladı ilə davamlı münaqişə yaşamaq istəmir. Lakin ümumiyyətlə sərhəd qoymamaq gələcəkdə daha böyük problemlərə səbəb olur.

Səda Akçakaya bildirir ki, sərhədlərin aydın və ardıcıl olmadığı mühitdə böyüyən uşaqlarda emosional və davranış problemləri daha çox müşahidə olunur. Belə uşaqlar başqalarının sərhədlərinə hörmət etməkdə, sağlam münasibətlər qurmaqda çətinlik çəkə, qeyri-müəyyənlik səbəbindən stress və narahatlıq yaşaya bilərlər.

Ünsiyyətin açarı – empatiya

Uşaqlar “qayda” və ya “qadağa” sözünü eşitdikdə müdafiə mövqeyinə keçə bilirlər. Buna görə də “Bunu etməlisən” və ya “Bunu əsla edə bilməzsən” demək əvəzinə, səbəb-nəticə əlaqəsini izah edən və uşağın hisslərini anlamağa çalışan ünsiyyət daha faydalıdır.

Mütəxəssis vurğulayır ki, müsbət, aydın və yaşa uyğun ifadələrdən istifadə etmək vacibdir. Qətiyyətli olmaq əmr vermək demək deyil. Valideyn rəhbərlik edən, anlayış göstərən üslub seçməlidir. Xüsusilə uşaq istəksiz olduqda onun hisslərinin başa düşüldüyünü göstərmək, empati qurmaq və seçim imkanları təqdim etmək əməkdaşlığı artırır.

Hər yaş dövrünün öz sərhədləri var

Psixoloqun sözlərinə görə, sərhədlər uşağın yaşına uyğun şəkildə mərhələli olaraq formalaşdırılmalıdır:

0–3 yaş: əsas diqqət təhlükəsizlik qaydalarına yönəlməlidir. Lakin bu, uşağın ətrafı öyrənməsinə mane olmamalıdır.

3–6 yaş: sadə qaydalar və gündəlik rutinlər yaradılmalıdır.

6–12 yaş: uşağa daha çox məsuliyyət verilməli, məsələn, ev tapşırıqlarını vaxtında yerinə yetirmək və otağını səliqədə saxlamaq kimi öhdəliklər tapşırılmalıdır.

12 yaşdan sonra: yeniyetmənin müstəqilliyinə hörmət edilməli, qaydalar onunla birlikdə müzakirə olunaraq müəyyənləşdirilməlidir.

Uşaq sərhədləri sınağa çəkəndə necə davranmaq lazımdır?

Uşaqların qoyulan sərhədləri yoxlaması onların təbii maraq hissindən irəli gəlir. Bu vəziyyətdə əsas məsələ valideynin təşvişə düşmədən sakit, qətiyyətli və ardıcıl davranmasıdır.

Səda Akçakayanın fikrincə, demokratik valideynlik yanaşmasında uşaq hisslərinin başa düşüldüyünü bilməli, eyni zamanda valideyn müəyyən etdiyi sərhədləri qorumağa davam etməlidir. Belə yanaşma uşağın sərhədlərin əhəmiyyətini dərk etməsinə, onları mənimsəməsinə və özünənəzarət bacarığını inkişaf etdirməsinə kömək edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version