Yediyimiz hər tikə təkcə bədənimizi deyil, həm də ruh halımızı formalaşdırır. Sağlam qidalanma depressiya və narahatlıq riskini azalda bildiyi halda, düşünülməmiş qida seçimi psixoloji sağlamlığa da mənfi təsir göstərir. Bəs hansı qidalar əhvalımıza necə təsir edir?
Bir parça tünd şokolad yedikdən sonra özünüzü daha xoşbəxt hiss etdiyiniz olubmu? Yaxud uzun və yorucu bir gündən sonra emal olunmuş qidalar qəbul etdikdə halsızlıq və narahatlıq hiss etmisinizmi? Alimlər bildirirlər ki, qidalanma yalnız fiziki sağlamlığımıza deyil, həm də psixoloji vəziyyətimizə ciddi təsir göstərir.
Qidalanma ilə psixi sağlamlıq arasındakı əlaqəni Nevra Koç izah edib.
Aralıq dənizi qidalanması depressiya və narahatlıq riskini azaldır
Professor Nevra Koç bildirir ki, son illərdə aparılan araşdırmalar qidalanma vərdişlərinin psixoloji vəziyyətə və idrak funksiyalarına birbaşa təsir etdiyini göstərir. Onun sözlərinə görə, qidalanmada edilən dəyişikliklər insanların psixi sağlamlığında mühüm rol oynayır.
Meyvə, tərəvəz, tam taxıllar, çərəzlər, toxumlar və balığın üstünlük təşkil etdiyi Aralıq dənizi tipli qidalanma depressiya və narahatlıq riskinin azalması ilə əlaqələndirilir. Bu qidalanma modeli beyin fəaliyyətini və stressə qarşı müqaviməti dəstəkləyən əsas yağ turşuları, vitaminlər və antioksidantlarla zəngindir. Həmçinin yaşlanma ilə əlaqədar beyin toxumasının zəifləməsini də ləngidir.
Əksinə, emal olunmuş qidalar, rafinə olunmuş şəkər, trans və doymuş yağlarla zəngin qidalanma emosional pozğunluqların yaranma riskini artırır. Bu isə balanslı və sağlam qidalanmanın psixi sağlamlıq üçün qoruyucu əhəmiyyət daşıdığını göstərir.
Aşağı karbohidratlı pəhriz depressiv əlamətlər yarada bilər
Karbohidratlar, zülallar və yağlar beynin normal fəaliyyəti və emosional tarazlıq üçün vacib makroelementlərdir.
Karbohidratlar beynin əsas enerji mənbəyidir. Onlar həmçinin əhval-ruhiyyə və yuxunu tənzimləyən serotonin hormonunun sintezində mühüm rol oynayır. Buna görə də aşağı karbohidratlı pəhriz bəzi insanlarda əsəbilik və depressiv əlamətlərin yaranması ilə əlaqələndirilir.
Zülal çatışmazlığı isə idrak funksiyalarının zəifləməsinə və əhval dəyişikliklərinə səbəb olur.
Omeqa-3 beyin üçün həyati əhəmiyyət daşıyır
Sağlam yağlar, xüsusilə doymamış yağlar və omeqa-3 yağ turşuları sinir hüceyrələrinin bütövlüyünü və bir-biri ilə əlaqəsini dəstəkləyir.
Beynin böyük hissəsi yağlardan ibarət olduğuna görə, yağlı balıqlarda və kətan toxumunda olan EPA və DHA tərkibli omeqa-3 yağ turşuları beyin funksiyaları üçün vacib hesab olunur. Onların kifayət qədər qəbulu depressiya əlamətlərinin azalmasına kömək edir.
Bunun əksinə olaraq, trans və doymuş yağlarla zəngin qidalanma depressiya və narahatlıq riskini artırır.
Həddindən artıq şəkər əsəbilik və yorğunluq yaradır
Psixi sağlamlığın qorunmasında B qrupu vitaminləri, xüsusilə fol turşusu və B12 vitamini mühüm rol oynayır. Onların çatışmazlığı depressiya riskinin artması ilə əlaqələndirilir.
Yaşıl yarpaqlı tərəvəzlərdə və çərəzlərdə olan maqnezium sinir sisteminin normal fəaliyyəti və stressə qarşı reaksiyalar üçün vacibdir. Maqnezium çatışmazlığı narahatlıq əlamətlərinə səbəb olur.
Rafinə olunmuş şəkərin həddindən artıq qəbulu qan şəkərinin kəskin dəyişməsinə gətirib çıxararaq əhval dəyişiklikləri, əsəbilik və yorğunluq yaradır. Bundan əlavə, yüksək şəkər qəbulu iltihab və oksidləşdirici stressi artıraraq depressiya və narahatlıq riskini yüksəldir.
Qazlı içkilər bağırsaq vasitəsilə ruh halına təsir edir
Qazlı içkilər və yüksək dərəcədə emal olunmuş qidalar bağırsaq mikrobiotasını pozaraq psixi sağlamlığa mənfi təsir göstərir.
Bağırsaq mikrobiotası neyromediatorların istehsalına və immun sisteminə təsir etməklə beyinlə davamlı əlaqə saxlayır. Bu əlaqə “bağırsaq-beyin oxu” adlanır və depressiya ilə narahatlığın yaranmasında mühüm rol oynayır.
Fermentləşdirilmiş qidalar psixoloji rifahı dəstəkləyir
Araşdırmalar göstərir ki, probiotik və prebiyotiklərlə zəngin qidalanma bağırsaq sağlamlığını yaxşılaşdırır və depressiya əlamətlərini yüngülləşdirir.
Kefir, qatıq, turşu kimi fermentləşdirilmiş qidalar faydalı bağırsaq bakteriyalarını artıraraq psixoloji rifahı dəstəkləyir. Əksinə, bağırsaq mikrobiotasındakı balansın pozulması stress reaksiyalarının güclənməsi və psixi pozğunluqların yaranma riskinin artması ilə əlaqələndirilir.
Professor Nevra Koçun sözlərinə görə, qidalanma ilə psixi sağlamlıq arasındakı əlaqə barədə elmi sübutlar getdikcə artır. Gələcəkdə sağlam qidalanmanın psixoloji məsləhət və terapiya proseslərinə inteqrasiyası psixi sağlamlığın qorunması və psixoloji pozğunluqların qarşısının alınması üçün mühüm yanaşmalardan biridir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

